Neftçala Rayon İcra Hakimiyyətində Prezidentin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, dövlət proqramının icrası ilə əlaqədar RİH başçısı yanında yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, "Prime-Cotton", "P-Agro", "Azərpambıq", "Sr-Dalğa", "Azerbaijan Fish Farm", "Xıllı Balıqartrırma" MMC-lər və aqrar sahədə fəaliyyət göstərən digər müəssisələrin əməkdaşları, eləcə də inzibati ərazi dairələr üzrə nümayəndələr və bələdiyyələr, iri fermer təsərrüfatlarının rəhbərləri, sahibkarlar və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan M.Seyidov bildirdi ki, dövlət proqramının icrası və 5 il ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı Neftçala rayonu üzrə 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı hazırlanmalı, rayonda aqrar sahədə mövcud vəziyyət geniş təhlil olunmalı, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə edilməsi məqsədilə əkinəyararlı bütün torpaq sahələri dəqiqləşdirilməli, istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaq sahələrində, o cümlədən iri fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, su resurslarından səmərəli istifadə mexanizmlərinin, o sıradan müasir suvarma və pivot sistemlərinin tətbiqi, buğda, pambıq, intensiv bağçılıq, akvakultura və balıqçılıq üzrə tətbiq edilən dövlət güzəştləri barədə sahibkarlar arasında maarifləndirilmə işinin aparılması əsas hədəflərdən biri kimi müəyyən olunmalıdır. RİH başçısı, eyni zamanda fermerlərə dövlət dəstəyi mexanizmlərindən daha geniş yararlanmaları istiqamətində dəstək göstərilməsi, statistik məlumatların dəqiqləşdirilməsi, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumlar arasında əlaqələndirmənin və koordinasiyanın daha da təkmilləşdirilməsinin vacibliyini vurğuladı.
Çıxış edən RİH başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən, dövlət proqramının mahiyyətindən, əsas məqsədlərindən və kənd təsərrüfatı istehsalatının hədəf göstəricilərindən ətraflı məlumat verdi. Digər çıxış edənlər - Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elsevər Əsədov, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov, Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev dövlət proqramının aqrar sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edərək yüksək reproduksiyalı toxumçuluğun genişləndirilməsi, müasir əkinçilik texnologiyalarının tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, fermerlərlə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, fasiləsiz su təminatı ilə bağlı texniki avadanlıqların dayanıqlı elektrik enerjisi ilə təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsal və emal zəncirinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşdülər.
Tədbirdə "Caspian İrrigation" MMC əkin sahələrinin suvarma sistemləri ilə təmin olunması, su ehtiyatlarından səmərli istifadə edilməsi ilə əlaqədar müasir suvarma avadanlıqlarının əkin sahələrində tətbiqi barədə fermerlərə maarifləndirici məlumat verildi.
İclasın sonunda Əlaqələndirmə Qərargahının fəaliyyətinin səmərəli təşkili, iş planının vaxtında və hərtərəfli hazırlanması, aidiyyəti məlumatların operativ toplanması və ümumiləşdirilməsi, habelə əlaqələndirmə işlərinin çevik və effektiv həyata keçirilməsi ilə bağlı iştirakçılara müvafiq tapşırıqlar verildi.
Seyran CAVADOV,
"Azərbaycan"