14 Oktyabr 2026 09:10
303
SİYASƏT
A- A+
Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi


Müharibələr başa çatır, silahlar susur, həyat tədricən öz axarına qayıdır. Lakin torpağın köksündə gizli yaraya çevrilmiş minalar illər sonra da insanların həyatına son qoyur, ailələrin taleyini dəyişir, doğma yurdlara qayıdışı ləngidir. Təəssüf ki, Azərbaycan bu dəhşətli reallıqla üzləşən, dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Ermənistan işğal altında saxladığı dövrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərini mina tarlasına çevirdi. Vətən müharibəsindən sonra da rəsmi İrəvan üçtərəfli Bəyanata imza ataraq üzərinə götürdüyü öhdəliklərə əməl etmədi, cinayət əməllərinə son qoymadı. Qarabağ bölgəsində qalmış Ermənistan silahlı qüvvələrinin hissələri və separatçılar terror əməllərini davam etdirdilər. 

2023-cü ildə Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazilərimizi işğalçılardan, separatçılardan tamamilə təmizlədi, ölkəmizin tam suverenliyinə nail oldu.

Azərbaycan dövlətinin Vətən müharibəsindən sonra həyata keçirməyə başladığı "Böyük qayıdış" proqramı çərçivəsində işlər uğurla davam edir. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə ata-baba yurdlarına qayıdırlar. Ancaq Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərinə basdırılmış minalar insanların təhlükəsiz yaşamasına, təsərrüfatla məşğul olmasına, bərpa və yenidənqurma işlərinə mane olur. Ən ağrılı məqamlardan biridir ki, müharibədən sonra da Azərbaycan vətəndaşları mina partlayışı səbəbindən həlak olurlar.

Oktyabrın 8-də Cəbrayıl rayonunun Dağmaşanlı kəndində növbəti dəfə mina partlayışı faciə ilə nəticələndi. Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov piyada əleyhinə minaya düşərək ağır xəsarətlər aldi. Hadisədən sonra oğlunun olduğu əraziyə daxil olan atası, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov da minaya düşərək yaralandı.

Bunlar işğalçı ermənilərin Qəhrəmanovlar ailəsinə yaşatdığı ilk faciə deyil. Mina partlayışı nəticəsində ağır xəsarət alan Əşrəf Qəhrəmanovun oğlu, Orxanın qardaşı Ruhin Qəhrəmanov 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda şəhid olub. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Vətən uğrunda gənc övladını itirmiş ailə illər sonra azad edilmiş doğma torpaqda mina ağrıları ilə üzləşib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisə ilə bağlı "X" sosial şəbəkə hesabında məlumat yayıb. Nazirlikdən bildirilib ki, ata və oğulun yaralanması 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayını 443-ə çatdırıb: "Bu dəhşətli hadisə, günahsız insanların həyatına son qoymağa və ağır xəsarətlər yetirməyə davam edən minaların yaratdığı ölümcül və ayrı-seçkilik qoymayan təhlükəni bir daha nümayiş etdirir".

Məlumatda diqqətə çatdırılıb ki, Azərbaycan minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsi ilə mübarizə fəaliyyətinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır.

Mina təhlükəsinin aradan qaldırılmasında əsas məsələlərdən biri Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin təqdim olunmamasıdır.

Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə çıxışları zamanı dəfələrlə Azərbaycanın üzləşdiyi mina probleminə toxunub. 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasına videomüraciətində dövlətimizin başçısı münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdə olduğunu bildirib və qeyd edib ki, əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır: "Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir". Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir: "Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin".

2023-cü ildə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı da dövlətimizin başçısı bu məsələyə xüsusi diqqət ayırıb. Azərbaycan Prezidenti həmçinin 2020-ci il müharibəsindən sonra istehsal tarixi 2021-ci il olan minaların aşkarlandığını qeyd edib.

Prezident İlham Əliyevin 2026-cı ilin sentyabrında Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində təəssüflə vurğulayıb ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkəsində insan həyatını və təhlükəsizliyini təhdid edir. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib: "Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırıla bilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir".

Dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir.

Azərbaycan üçün minatəmizləmə yalnız texniki fəaliyyət deyil, insanların təhlükəsizliyinin təmin olunması və Böyük qayıdışın uğurla həyata keçirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Lakin ölkəmizdə mina probleminin miqyası rəsmi statistikada da aydın görünür. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 2026-cı ilin sentyabrında işğaldan azad edilmiş ərazilərdə aparılan əməliyyatlar zamanı 757 piyada əleyhinə, 151 tank əleyhinə mina və 4525 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmin ay 6667,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Sentyabrın 28-dən oktyabrın 4-dək isə 254 piyada əleyhinə, 31 tank əleyhinə mina və 838 digər partlayıcı sursat zərərsizləşdirilib, 1144,9 hektar ərazi təmizlənib. Bu rəqəmlər minatəmizləmə işlərinin miqyası ilə yanaşı, təhlükənin hələ də nə qədər ciddi olduğunu göstərir. 

Mina probleminin aradan qaldırılması insanların təhlükəsiz yaşaması, doğma torpağında sərbəst hərəkət etməsi, evini bərpa etməsi və gələcəyə inamla baxması deməkdir. Bu gün Azərbaycan azad edilmiş ərazilərini minalardan təmizləmək, insanları təhlükədən qorumaq və Böyük qayıdışı sürətləndirmək üçün böyük işlər həyata keçirir. Lakin Ermənistanın minaların dəqiq xəritəsini verməməsi təəssüf ki, Azərbaycan xalqı üçün acı nəticələrini göstərir. Davamlı sülh üçün ərazilər təhlükəsiz olmalı, insanlar öz yurdlarında mina qorxusu olmadan yaşamalıdırlar.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!