15 Iyun 2024 08:05
925
PARLAMENT
A- A+

Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyalarının təntənəsidir

 

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə cari məsələlər müzakirə olunub. Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Elman Nəsirov, Etibar Əliyev, Azər Badamov, Tural Gəncəliyev, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Vüqar Bayramov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov çıxış ediblər. 
Çıxışlarda Milli Qurtuluş Günü ilə bağlı danışan deputatlar bildiriblər ki, ölkə həyatının ağır dövründə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalqımızı baş verə biləcək faciələrdən xilas etdi. Bu baxımdan Heydər Əliyev müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olaraq hər zaman xatirələrdə yaşayacaq. Qeyd olunub ki, Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycan xalqının həmrəyliyini, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, iqtisadi və sosial islahatların həyata keçirilməsi, milli ordu quruculuğu sahələrində mühüm addımlar atıldı, beynəlxalq münasibətlər sistemində dövlətimizin mövqeyi möhkəmləndi. 
Deputatlar bildiriblər ki, Heydər Əliyevin ölkənin inkişafı ilə bağlı o zaman  müəyyənləşdirdiyi siyasət bugünkü nailiyyətlərimizi şərtləndirdi. Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz Zəfərimizin təməli də məhz həmin dövrdə qoyuldu. Bu gün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilib. Azərbaycan regionun lider dövlətinə çevrilib. Millət vəkilləri son dövrlərdə ölkəmizin qazandığı bütün uğurları Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Müzakirələrdə həmçinin seçiciləri narahat edən bəzi məsələlərdən bəhs edilib və digər aktual mövzularda fikirlər səsləndirilib.
Cari məsələlərin müzakirəsinə yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, iclas Azərbaycan tarixində taleyüklü əhəmiyyət daşıyan bir hadisənin ildönümü ərəfəsində keçirilir. İyunun 15-də xalqımız Milli Qurtuluş bayramını dərin ehtiramla qeyd edəcək. 
Milli Məclisin Sədri qeyd edib ki, illər keçdikcə Ulu Öndər Heydər Əliyevin o dövrdə göstərdiyi fədakarlığı və qəhrəmanlığı daha da yaxşı anlayırıq. Ölkədə faktiki olaraq qardaş qırğını başlamışdı, erməni işğalı, separatçılıq meyilləri dövlətin varlığını təhlükə altına almışdı. 
Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı, onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi. 
Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.   
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Bizim üçün qürurverici bir haldır ki, Ümummilli Liderin böyük siyasətə qayıdışı məhz bu binadan başlamışdır. 
Spiker qeyd edib ki, Ulu Öndərin qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan, dünyada səsi eşidilən qüdrətli bir dövlətə çevirib. 
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verdi - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu, tarixi ədalət öz yerini tutdu. 
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Əminliklə söyləmək olar ki, dövlət başçısı İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan dövləti daim var olacaq, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "əbədiyyətə qədər yaşayacaqdır". 
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bir neçə gündən sonra xalqımız insanları mərhəmətə və həmrəyliyə dəvət edən müqəddəs Qurban bayramını da qeyd edəcək. Spiker təklif edib ki, Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar  arzulayaq.  Spikerin təklifi alqışlarla qarşılanıb.
Milli Məclisin Sədri çıxışının sonunda bayramlar münasibəti ilə hər kəsə təbriklərini çatdırıb.  
Sonra spiker Sahibə Qafarova gündəliyə 11 məsələnin daxil edildiyini söyləyib. O, ilk dörd məsələnin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı olduğunu və bu məsələlərin müzakirəsi ilə əlaqədar hökumət üzvlərinin iclasda iştirak etdiyini deyib. Spiker gündəliyin birinci məsələsinin "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi olduğunu, sənədin üçüncü oxunuşda müzakirəyə təqdim edildiyini diqqətə çatdırıb.
 Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib. O bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 35 milyard 236,4 milyon manat təşkil edib. Dövlət büdcəsində təsdiq olunmuş 36 milyard 624,8 milyon manat xərcin 99,5 faizi icra olunub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən 5 milyard 881,6 milyon manat vəsait yönəldilib. Sosialyönümlü xərclər ötən ilin  dövlət büdcəsinin icrasında xərclərin 35,8 faizi və ya 13 milyard 50 milyon manat həcmində olub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün xərclərin 19,9 faiz həcmində və ya 7 milyard 246,9 milyon manat vəsait yönəldilib. 2023-cü ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 734 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 221,5 milyon manat təşkil etmişdir və bu ÜDM-in 1 faizi həcmindədir. Qeyd edilib ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5 faiz və ya hədəf göstəricisindən 2,5 faiz az, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və ya hədəf göstəricidən 8,2 faiz az olub.
Tahir Mirkişili 2023-cü ilin dövlət büdcəsinin icrasının  Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl şəkildə həyata keçirilməsi, strateji dövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması və iqtisadiyyatın stimullaşdırılması ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün lazımi maliyyə təminatını yaratdığını söyləyib.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin digər 10 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O xatırladıb ki, növbəti üç məsələ cari ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə ölkə Prezidentinin Milli Məclisə təqdim etdiyi qanun layihələridir. Sədr ikinci məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihəsi ilə bağlı məlumatı təqdim edib. Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, gəlirlərin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərin 2 milyard 944,3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılması, dövlət büdcəsinin kəsirinin isə 764,3 milyon manat genişləndirilərək 3 milyard 354,3 milyon manat olacağı təklif edilir. Artırılan gəlirlərin 51,1 faizinin qeyri-neft, 48,9 faizinin isə neft gəlirləri hesabına formalaşması təklif olunur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 1 milyard 405 milyon manat artırılaraq 15 milyard 270 milyon manata, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 500 milyon manat artırılaraq 6 milyard 400 milyon manata çatdırılması nəzərdə tutulur. Qeyd olunub ki, mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manat, "Nəqliyyat vasitələrinin utilizasiyası Fondu"na isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan optimallaşmanın həcmi isə 851,8 milyon manat təşkil edəcək.
Bildirilib ki, dövlət büdcəsində gəlirlərin artırılması, xərclər arasında aparılan optimallaşma və kəsirin genişlənməsi hesabına yaranan əlavə vəsaitlərin bir sıra istiqamətlərə yönəldilməsi təklif olunur. Bunlardan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə əlavə 1 milyard 160,3 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılmasına əlavə 807 milyon manat, avtomobil yolları, su təchizatı, elektrik enerjisi və digər sahələr üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə 1 milyard 184 milyon manat, Osaka  Dünya  Ekspo  sərgisində  iştirak,  beynəlxalq  münasibətlər  və  beynəlxalq fəaliyyət üzrə xərclər, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri xərclər üzrə əlavə 498,8 milyon manat, əsaslı təmir, yenidənqurma və digər əsaslı xərclər üçün 146 milyon manat vəsaitin sərf olunması planlaşdırılır.
Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təsdiq olunmuş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121,3 milyard manata artırılması, iqtisadi artım tempinin ilkin təsdiq edilmiş 2,4 faizdən 3,8 faizə yüksəlməsi, qeyri-neft-qaz sektorunda real artım proqnozunun 4,6 faizdən 5,5 faizə qədər, neft-qaz sektorunda real artım proqnozunun isə -1,7 faizdən +0,8 faizə dəyişdirilməsi təklif olunur. Yenidən baxılan büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti təsdiq olunmuş layihədə nəzərdə tutulan qiymətdən 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları səviyyəsində həyata keçirilmişdir.
Qeyd olunub ki, yenidən baxılmış 2024-cü ilin icmal büdcəsinin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır. İcmal büdcə 2 milyard 111,8 milyon manat kəsirlə  proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1 milyard 267 milyon manat azdır.
Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Komitə sədri hər iki layihə barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, komitəyə hər hansı irad və təkliflərin daxil olmadığını deyib. 
Təqdim edilmiş sənədlərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 30,0 milyon manat artırılaraq 6949,9 milyon manata çatdırılır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir. Layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.
Musa Quliyev çıxışında sosial müdafiə və sosial təminat xərclərinin azaldılması barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığını qeyd edib. O, bunun əksinə olaraq, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımla proqnozlaşdırıldığını və gəlirlərin strukturunda dəyişikliklərin nəzərdə tutulduğunu bildirib. Komitə sədri ölkədə aparılan iqtisadi islahatlar, uğurlu sosial-iqtisadi siyasət nəticəsində əməkhaqlarının artım tempinin yüksəldiyini, gəlirlərin artdığını, şəffaflaşma prosesinin davam etdiyini, Dövlət Sosial Müdafiə Fondunun imkanlarının genişləndirilməsi üçün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrinin qeyd etdiyi məsələlərlə bağlı mediada, o cümlədən televiziyalarda lazımi açıqlamaların verilməsini, "dəyirmi masa"nın təşkil edilməsini təklif edib. Musa Quliyev spikerin tövsiyələrinin nəzərə alınacağını və komitə üzvlərinin bu istiqamətdə fəallıq göstərəcəyini bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini deyib.
Plenar iclasda cari ilin dövlət büdcəsində, Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının büdcələrində dəyişikliklərlə bağlı sənədlər ətrafında müzakirələr aparılıb. Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı çıxış edərək fikirlərini, qeyd və təkliflərini söyləyiblər. 
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibət bildirib. Nazir ölkədə həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin, habelə şəhid ailələrinə, müharibə əlillərinə təqaüdlərin artırıldığını nəzərə çatdırıb. Nazir əhalinin sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində dövlət tərəfindən hər zaman ardıcıl və məqsədyönlü tədbirlərin görüldüyünü qeyd edib. 
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəliyin 5-ci məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, sənəd qanunsuz miqrasiyanın qarşısını almaq və bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə hazırlanıb. Komitə sədri layihənin birinci oxunuşunda millət vəkillərinin səsləndirdiyi bəzi məsələlərə aydınlıq gətirib.
Müzakirədə komitə sədri Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - Vergi Məcəlləsində, "Yol hərəkəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib. O bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədilə hazırlanıb.
Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini komitə üzvü Kamal Cəfərov səsləndirəndən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev "Mühasibat uçotu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. O bildirib ki, qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verilib və sənədlə bağlı deputatlardan heç bir irad və təklif daxil olmayıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəliyin 8-ci məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. O, layihənin birinci oxunuşunda səslənən bəzi məsələlərə aydınlıq gətirib və bildirib ki, qanun layihəsi ilə bağlı əlavə rəy və təklif verilməyib.
Dəyişikliklərlə bağlı komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Ceyhun Məmmədov və Bəhruz Məhərrəmov çıxış ediblər, qeydlərini səsləndiriblər.
Komitə sədri Hicran Hüseynovanın qaldırılan məsələlərə münasibəti dinlənildikdən sonra layihə ikinci oxunuşda qəbul olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 9-cu məsələsi olan  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən bildirib ki, qanun layihəsi ilə bağlı əlavə rəy və təklif verilməyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Gömrük tarifi haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O bildirib ki, təklif olunan layihə müdafiə sənayesi sahəsində sahibkarlıq  subyektlərinin liberallaşması, onlara xüsusi icazələrin verilməsi ilə bağlıdır.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonuncu məsələ - "Auditor xidməti haqqında" qanunda dəyişiklik edilməsi barədə (ikinci  oxunuş) qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov məlumat verib. Bildirilib ki, layihə audit zamanı əldə edilən məlumatların məxfiliyinin təmini məqsədilə hazırlanıb və qanun layihəsi ilə bağlı əlavə rəy və təklif verilməyib.
Bu qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video