10 May 2024 09:30
447
Mədəniyyət
A- A+

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

 

Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi təşkil edib. 
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Dumasının deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları və Azərbaycan diasporunun görkəmli nümayəndələri iştirak ediblər.
Tədbirin qonaqları 1984-cü ildə Baykal-Amur Magistralına səfəri zamanı Heydər Əliyevi müşayiət edən "Vostoçno-Sibirskaya Pravda" qəzetinin əməkdaşı Valeri Karasyovun çəkdiyi fotolardan ibarət sərgi ilə tanış olublar. Ust-Kutdan Sakit okeana qədər bütün yolboyu Karasyov Ulu Öndər Heydər Əliyevin BAM-ın yerli rəhbərliyi və qəhrəmanları ilə görüşlərini lentə alıb. Həmin səfərdən bəhs edən fotomaterialları - 1600 şəkli - fotomüxbir Azərbaycanın Rusiyadakı səfirliyinə hədiyyə edib. Bu fotoşəkillərin bir hissəsi tədbirdə təqdim edilib.
Tədbiri açan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1990-cı illərin birinci yarısında baş vermiş iğtişaşlar dövründə ölkəni xilas edib. 
"O, bütün Sovet İttifaqı üçün çox işlər görüb. Onun SSRİ hökuməti sədrinin birinci müavini, ondan əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra isə ölkə lideri kimi fəaliyyəti çox böyük əhəmiyyət kəsb edirdi", - deyə Şvıdkoy bildirib. 
"Mən bu gün onun formalaşmasının bəzi mərhələlərini və əlbəttə ki, Naxçıvan Məclisinin sədri olduğu zaman onun Naxçıvana qayıtması, Azərbaycanın dağıldığı bir vəziyyətdə necə siyasət qurması, ölkədə baş verən üsyanlara necə müqavimət göstərməsini izlədim, oxudum, xatırladım. Bu, onun böyük daxili gücündən və bütün bunların nə üçün edildiyini dərk etməsindən xəbər verir. Bu isə Azərbaycanın çiçəklənməsi naminə edilirdi. Əsası Heydər Əlirza oğlu tərəfindən qoyulan işlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilir", - deyə Şvıdkoy qeyd edib.
O əlavə edib ki, müasir Azərbaycan öz ölkəsinin maraqlarına uyğun müstəqil siyasət aparır. 
"Bu da Heydər Əliyevin düzgün təməl qoyduğunun təsdiqidir", - deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb. 
Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Leonid Slutski çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinin Rusiyada da dərin ehtiramla anıldığını qeyd edib.
"Heydər Əlirza oğlu iqtisadiyyatın ən mühüm, elmtutumlu sahələrinə nəzarət etməklə Sovet İttifaqındakı yüksək dövlət postunda da çox işlər görüb. Bu günlərdə 50 illiyini qeyd etdiyimiz Baykal-Amur Magistralının tikintisi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfəri, o cümlədən BAM-ın 50 illiyi münasibətilə keçirilən bayramlarla bağlı olub", - deyə Slutski bildirib. 
Siyasətçi vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev dahi atasının işini layiqincə davam etdirir. "Azərbaycan postsovet məkanında ən çiçəklənən, sabit iqtisadiyyatı olan ölkəyə çevrilib. Yoxsulluqla mübarizə proqramı uğurla icra edilib, Azərbaycan enerji nöqteyi-nəzərdən müstəqil dövlətə çevrilib", - deyə o, əlavə edib.
"Dahi atasının ən vacib nəsihətlərindən birini yerinə yetirən İlham Heydər oğlu Qarabağı azad edib. Bu, Heydər Əlirza oğlunun rəhbərliyi ilə, indiki Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bütün bu illər ərzində nail olmaq istədiyi nəticə, bütün bu postsovet illərinin müqəddəs və nəcib yekunudur", - deyə Slutski bildirib.
Deputat qeyd edib ki, Azərbaycan bu gün Rusiyanın ən etibarlı tərəfdaşıdır. 
"Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında konstruktiv, çoxşaxəli qarşılıqlı fəaliyyətin əsasını qoyub. Azərbaycan ən yaxın vaxtlarda hələ böyük uğurlara nail olacaq. O, artıq böyük nailiyyətlər əldə edib. Bu, Azərbaycan xalqının davamlı, əziyyətli əməyinin nəticəsidir. Mən qardaş Azərbaycan xalqına, Azərbaycanın Prezidenti İlham Əliyevə davamlı firavanlıq arzu edirəm", - deyə Slutski vurğulayıb.
Mərasimdə TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın "İlham Əliyev. And: 20 il sonra" sənədli filmi nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video