24 Aprel 2024 08:00
888
SİYASƏT
A- A+

Möhkəm təmələ əsaslanan müttəfiqlik

 

İlham Əliyevlə Vladimir Putin arasında müzakirə edilən məsələlər hərtərəfli əlaqələrin inkişafına müsbət impuls verdi

 

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. 
Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. 

 

Qalib prezidentlərin seçkilərdən sonra ilk görüşü

 

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərinin ümumi mahiyyətinə toxunmadan öncə qeyd etməliyik ki, bu görüş iki mühüm rəmzi hadisə ilə əlamətdar oldu. Belə ki, bu il hər iki ölkədə keçirilən prezident seçkilərində iki lider xalqın mütləq əksəriyyətinin etimad mandatını aldı və bu görüş də onların prezident seçkilərində inamla qalib gəldikdən sonra ilk görüşləri oldu və Baykal-Amur Magistral xəttinin tikintisinə başlanmasının 50 illik yubileyinə təsadüf etdi.  Bu səfər həm də iki ölkə arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verdi.  İki dost lider arasında keçirilən görüş, müzakirə edilən təhlükəsizlik və digər mövzular isə iki dövlət arasında inkişaf etməkdə olan hərtərəfli əlaqələrə yeni təkan, müsbət impuls verdi. 
Ümumiyyətlə, son illərdə Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. 1992-ci il aprelin 4-də qurulan diplomatik münasibətlər 32 ildir uğurla davam edir. 
İki dost ölkənin münasibətlərinin daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin danılmaz müstəsna xidmətləri var. Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

 

260 sənədi əhatə edən geniş hüquqi baza 

 

Hazırda Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. 
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.
İlham Əliyevin Vladimir Putinlə apardığı müzakirələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqləyir. Eyni zamanda o da bəlli olur ki, Rusiya kimi dünya siyasətinin nizamını müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.
İki ölkə arasında iqtisadi münasibətlərdə də yüksəliş mövcuddur. Tərəflər arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticari-iqtisadi münasibətlərin inkişafı istiqamətində görülən tədbirlər nəticəsində əlaqələrin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard dollara çatıb. 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
İqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi ətrafında dövlət başçıları "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini müzakirə ediblər. 

 

Yaxında daha bir möhtəşəm layihənin icrasına başlanılacaq

 

Görüş zamanı liderlərin səmimi fikirləri də münasibətlərin yüksək səviyyədə olduğunu əks etdirdi. İlham Əliyev bildirdi ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır: "Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik".
Rusiya Prezidenti də münasibətlərin yüksələn xətlə inkişafını xüsusi vurğulayaraq dedi ki, iki dost ölkə arasındakı əmtəə dövriyyəsinin artıq 4 milyard dollardan da çox olması iqtisadi münasibətlərin yüksəlişindən xəbər verir: "Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqaməti var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur".
Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş zamanı isə İlham Əliyev bir daha bəyan etdi ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. İki ölkə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm də siyasi, enerji, humanitar və digər sahələrdə fəal əməkdaşlıq aparır. "Şimal-Cənub" nəqliyyat dəhlizinə gəldikdə, liderlər bu məsələni bir daha ətraflı müzakirə ediblər və hökumət üzvlərinə müvafiq təlimatlar verilib. İlham Əliyev əmin olduğunu bildirdi ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və daha bir möhtəşəm layihənin icrasına başlanılacaq. 
Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq getdikcə inkişaf edir, daha da dərinləşir. Bu, iki ölkə arasında dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. 
Əminliklə demək olar ki, İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video