08 May 2024 08:35
176
CƏMİYYƏT
A- A+

Mingəçevirdə "Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur" mövzusunda elmi konfrans keçirilmişdir

 

Mingəçevir Dövlət Universitetində (MDU) şəhər icra hakimiyyəti və MDU-nun birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur" mövzusunda respublika elmi konfransı keçirilib. 
Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. 
Şəhər ictimaiyyətinin, universitetin professor-müəllim heyətinin, tələbələrin, media nümayəndələrinin iştirak etdikləri tədbiri açan MDU-nun rektoru Şahin Bayramov Ulu Öndərin  Azərbaycanın tərəqqisi, inkişafı, təhsilimizin yüksəlişi, dünya arenasında özünə layiq yer tutması  naminə gördüyü işlərdən danışmışdır. Sonra şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi" mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları var: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür. Onun Azərbaycanda rəhbərliyinin hər iki dövrünə təhlili yanaşma göstərir ki, bu dahi şəxsiyyət uğurlu, uzaqgörən, məqsədyönlü fəaliyyəti ilə ölkəmizi müstəqil dövlət kimi formalaşmağa hazırlamış və zəruri məqamda bu müstəqilliyin qorunub saxlanılmasını və əbədiləşdirilməsini təmin etmişdir". İ.İsmayılov xatırlatmışdır ki, ötən əsrin 60-cı illərində keçmiş ittifaq dövlətinin tərkibində olan Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə çox geridə qalırdı: "Bu çətin dövrdə 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycana rəhbər seçilmişdir. Respublikaya rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi   və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafında böyük sıçrayışa nail oldu və 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi düşdü. Həmin illər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi. 630 min yeni iş yeri açıldı, sənaye məhsulları istehsalı 2,7, kənd təsərrüfatı məhsulları istehsalı 2,7, neft hasilatı 2,8 dəfə artdı. Bir neçə su anbarı istifadəyə verildi, paytaxta 3 magistral su kəməri çəkildi, Bakı Dərin Özüllər Zavodu istifadəyə verildi, ümumilikdə 20,4 min kilometr asfalt yollar çəkildi. 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı. Ulu Öndər kadr potensialının  artırılmasına böyük əhəmiyyət verirdi. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə çatdırılmış, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərində yerləşən 170-dən çox nüfuzlu ali məktəbdə 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin edilmişdir".
ŞİH-in başçısı vurğulamışdır ki, bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar: "Ulu Öndər 1982-1987-ci illərdə Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı. Onun həyatının 1990-1993-cü illər dövrü də tarixi hadisələrlə zəngin olmuşdur. Heydər Əliyev həmişə, hər zaman, ən ağır anlarda belə xalqının yanında olmuş, xalqın səsinə səs vermişdir. 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq ozamankı SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətini ciddi tənqid edərək bəyanat vermişdir". 
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyi yolunda mühüm addımlar atıldığını deyən natiq muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarıldığını, üçrəngli milli bayrağımızın ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunduğunu xatırlatmışdır. 
Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından danışan ŞİH-nin başçısı bildirmişdir ki, dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzülə uğrayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə  qalmışdı: "O dövrkü iqtidarın vaxtında yürüdülən yanlış siyasət nəticəsində iqtisadi tənəzzül dərinləşmiş, inflyasiya görünməmiş həddə çatmış, xalqın yaşayış səviyyəsi son dərəcə pisləşmiş, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsi yaranmışdır. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda nizami ordu yaradılmamışdır, vahid komandanlıq yox idi, silahlı dəstələr müəyyən qüvvələrin ambisiyalarına xidmət edirdilər. Belə ağır dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayış etdirdi, ölkəmizi xaos və  anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət  çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı".
 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından, bu sazişin ölkəmizin bütün dünyada neft ölkəsi kimi tanınmasına xidmət etdiyindən bəhs edən natiq ölkə daxilində bir çox sahədə genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılmasını da diqqətə çatdırdı. İ.İsmayılov onu da qeyd etdi ki, dünyanın ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır: "Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edildi, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri genişləndirildi. 1993-2003-cü illərdə Azərbaycanın sosial iqtisadi inkişafı yeni mərhələyə qədəm qoydu". 
İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə Ulu Öndərin hazırladığı güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. 30 il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində 2020-ci ildə Ulu Öndərin siyasi varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bu, XXI əsrdə analoqu olmayan bir dönüş idi. Azərbaycan dünyaya qalib ölkə kimi təqdim olundu. Bu, dövlətimizin başçısının qətiyyətli rəhbər və sərkərdə olmasının, xalqın birliyinin təntənəsidir. İndi azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəldilməsinə imkan yaradır. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bugünkü təşəbbüsü dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır.
Bütün bunlardan danışan İ.İsmayılov Ulu Öndərin Mingəçevirə və mingəçevirlilərə diqqət və qayğısından da söz açdı: "Ulu Öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Cənubi Qafqazın ən nəhəng istilik-elektrik stansiyasının tikintisi Mingəçevirdə həyata keçirilib. Azərbaycan DRES-in tikintisinin başlanması ilə əlaqədar həmin ərazidə qəsəbənin tikintisinə başlanıldı. Az müddət ərzində burada 37 min kvadratmetr mənzil sahəsi tikildi, 20 kilometrə yaxın dəmir yolu çəkildi, ümumilikdə tikintiyə 12 mindən çox adam cəlb olundu. Məhz Ulu Öndərin göstərişi ilə bu gün 20 mindən çox əhalinin yaşadığı "Energetiklər" yaşayış massivi salınmış, onlarca çoxmərtəbəli yaşayış evləri, iki orta ümumtəhsil məktəbi, 4 uşaq bağçası, doğum evi, tibb məktəbi, uşaq musiqi məktəbi, mədəniyyət və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir. "Azərbaycan İES"in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilmişdir". 
Natiq daha sonra bildirmişdir: "Müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin qalib davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkəmiz, o cümlədən Mingəçevir şəhəri gündən-günə inkişaf edir. Prezident İlham Əliyev mənsub olduğu siyasi kursa sadiq qalaraq elektroenergetika sahəsini  və bu sahədə xüsusi çəkisi olan Mingəçevir şəhərini daim diqqət mərkəzində saxlayır. Prezidentin tapşırığı ilə Mingəçevir şəhərində böyük abadlıq işləri aparılmış, 1300-dən çox ailə üçün 3 məcburi köçkün qəsəbəsi salınmış, "İzolit", "Kür Elektron Avadanlıqları" zavodları, "Sənaye parkı" yaradılmışdır. Dünya səviyyəsində 3-cü yerdə olan Avarçəkmə bazası yenidən qurulmuş, Tarix muzeyi,  Heydər Əliyev Mərkəzi, Gənclər evi, Dövlət Rəmzləri muzeyi, "ASAN xidmət", 5 ümumtəhsil məktəbi, 2 məktəbəqədər təhsil  müəssisəsi,  dördulduzlu 3 hotel tikilmiş, 12 məktəb, 4 uşaq bağçası, şəhər mərkəzi xəstəxanası, Dram teatrı, bir neçə mədəniyyət müəssisəsi və digər müəssisələr əsaslı təmir edilmiş, "Mingəçevir SES" və "Azərbaycan İES" yenidən qurulmuş, Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti formalaşdırılmış, Turizm Kolleci və turizm infrastrukturu yaradılmışdır". 
Konfransda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli "Heydər Əliyev -Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi", AMEA-nin birinci vitse-prezidenti akademik Arif Həşimov "Heydər Əliyev və Azərbaycan elminin inkişafı", AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov "Heydər Əliyev və milli mənəvi dəyərlər", "Azərenerji" ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva "Heydər Əliyev - innovativ  texnologiyaların Azərbaycan enerji sistemində tətbiqi bazasının qurucusudur", YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev "Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi" mövzularında məruzələrlə çıxış etmişlər. 

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video