15 İyul 2025 08:00
1569
SİYASƏT
A- A+
MƏRKƏZ QARABAĞA “KÖÇÜR"

MƏRKƏZ QARABAĞA “KÖÇÜR"


Şər yuvasından əməkdaşlıq məkanına çevrilən şəhərlər


Mərkəz Qarabağa köçür!

Sözün müstəqim mənasında yox!

Bakı yenə də paytaxt olaraq qalacaq!

Siyasi, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə, beynəlxalq tədbirlərin keçirilmə məkanı olaraq artıq Qarabağın Şuşa və Xankəndi şəhərlərinə üstünlük verilir!

Bunun da bir neçə məqsəd və mənası vardır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruq"la 30 illik işğala 44 gündə son qoydu!

Ermənistan ordusunu məhv edərək düşməni qarşısında diz çökdürdü!

Ona Azərbaycanın şərtləri əsasında kapitulyasiya aktını imzalatdırdı!

Azərbaycan 30 illik ayrılıqdan sonra doğma torpaqlarına, doğma Qarabağa və Şərqi Zəngəzura qayıtdı!

Həm də əbədilik qayıtdı!

Bu gün tarixi ərazisinə sahiblik edir, orada bərpa və quruculuq işləri həyata keçirir.

Həm də əməlləri və gördüyü işlərlə torpağın əsl sahibinin kim olduğunu da əyani şəkildə nümayiş etdirir.

***

Dostlarının və havadarlarının köməyi ilə Azərbaycanda yaranan hakimiyyətsizlikdən bəhrələnən Ermənistan Qarabağı işğal etmişdi və onu özünə birləşdirəcəyini açıq şəkildə söyləyirdi.

Hətta həyasızcasına Qarabağın "qədim erməni torpağı" olduğunu utanmadan bəyan edirdilər.

Amma  "qədim ərazilər"inə necə münasibət bəslədilər?!

Əvvəlcə torpağın əsl sahiblərini zorakılıqla, terror və soyqırımı əməlləri, vəhşilik və qəddarlıqla öz torpaqlarından qovdular.

Sonra işğal ərazilərində vəhşiliklər və vandallıqlar törətməyə başladılar:

* Canlarını götürüb getmiş azərbaycanlıların evlərini yağmaladılar;

* Dostları ilə birlikdə sökərək tikinti materialları kimi İran bazarlarında satdılar;

* Tarixi və memarlıq abidələrini dağıtdılar, məscidlərimizdə mal-qara, donuz saxladılar;

* Qəbiristanlıqları söküb-dağıdaraq ölənlərin qızıl dişlərini çıxardılar, başdaşlarını oğurlayıb İrəvana daşıdılar;

* Bağları, meşələri qırdılar, faydalı qazıntı yataqlarını talayıb apardılar, çaylarımızı zəhərlədilər.

Sözün hər iki mənasında daş üstə daş qoymadılar: nə salamat bina və tikili qaldı, nə də yenilərini tikdilər.

Bu vəhşilikləri və acgözlükləri ilə sübut etdilər ki, özgə ərazisinə gəliblər və oranı düşmən torpağı hesab edərək talayıb viran qoymaq niyyətindədirlər.

30 ildə özlərinin yaratdıqları xarabalıqlarda bayquş kimi yaşadılar.

Ta "dəmir yumruq" başlarını əzib, bellərini qıranadək!

***

Azərbaycan doğma torpaqlarına qayıdaraq ərazi bütövlüyünü, dövlət suverenliyini və Konstitusiya əsaslarını bərpa etdiyi ilk günlərdən  tikib-qurmaq, bərpa etmək, yenilərini yaratmaq, öz vətəndaşlarını dədə-baba torpaqlarına, doğma yurd-yuvalarına qaytarmaqla məşğuldur.

Real nəticələr ürək açır.

* Bu günə qədər 17 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib;

* Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır.

* Bir vaxtlar erməni vandallarının yaratdıqları xarabalıqların yerində Azərbaycan müasir tipli smart şəhərlər, kəndlər və qəsəbələr salır.

* Burada hər şey yenidir, gözəldir, rahatdır və insanların  xoşbəxt ömür sürməsinə xidmət edir.

* Bərpa və yenidənqurma prosesində təkcə yeni evlər və binalar inşa olunmur,  çoxsaylı ictimai obyektlər tikilir, zəruri infrastruktur yaradılır.

Ən qısa müddətdə tikilən  müasir mərkəz, hotel və məktəbləri yada salırıq.

XANKƏNDİNİN YENİ ÜNVANLARI:

* Xankəndi Biznes Mərkəzi;

* Xankəndi Konqres Mərkəzi;

* Xankəndi şəhərində  Qarabağ Universiteti:

* Xankəndi şəhərində "Bulud" hoteli;

* Xankəndi şəhərində "Qarabağ" hoteli;

* Xankəndi şəhərində "Palace" hoteli.

Bir vaxtlar ermənilər utanıb-qızarmadan Şuşanı "erməni şəhəri" kimi təqdim edirdilər.

Hətta yalanlarına həqiqət donunu geyindirməkdən ötrü adını dəyişərək "Şuşi" qoymuşdular.

Buranı da xarabalıqlara çevirdikdən sonra öz ağılları ilə bir  "parlament" binası da tikmək istəyirdilər.

Qondarma "respublika"nın qondarma "parlamenti"nin iclaslarını Şuşada  keçirmək niyyətinə düşmüşdülər...

Nooldu?!

Hazırda  Şuşa çox sürətlə bərpa olunmaqdadır.

Köhnə binaların bərpası ilə yanaşı, yeniləri də tikilir:

* Şuşa  "Xarıbülbül"  hoteli;

* Şuşa  "Qarabağ" hoteli;

* Şuşa  Hotel-Konqres Mərkəzi;

* Şuşa Müalicə-Sağlamlıq  Mərkəzi;

* Şuşa "Yasəmən" hoteli.

Sürətli bərpa və quruculuq işləri Qarabağın iqtisadi mərkəzi funksiyasını daşıyacaq Ağdamı da əhatə edir.

Dövlət başçısı cənab İlham Əliyev buraya hər səfərində yeni obyektlərin təməlini qoyur, inşası başa çatanların açılışını edir.

Bir neçəsini yada salırıq:

* Ağdam  Muğam Mərkəzi;

* Ağdam Konqres Mərkəzi;

* Ağdam şəhərində "Ağdam City Hotel";

* Ağdam Dəmir yolu və Avtovağzal  Kompleksi;

* Ağdam şəhərində  İmarət Kompleksi.

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə sürətlə keçmiş məcburi köçkünlər qaytarılır.

Qayıdanlar Ağdam Sənaye Parkında, Özbəkistanın açdığı Tikiş fabrikində və digər ictimai obyektlərdə işlə təmin olunurlar.

Yol infrastrukturu isə möhtəşəmliyi ilə  xüsusi diqqət çəkir.

Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında  44 avtomobil yolu layihəsinin tikintisi aparılır.

Bu layihələrin ümumi uzunluğu  3.400 kilometr təşkil edir.

Artıq  yeddi avtomobil yolunun:

* "Zəfər yolu";

* Əhmədbəyli - Füzuli- Şuşa yolu;

* Tərtər-Suqovuşan-Talış avtomobil yolu;

* Laçın şəhərinə daxil olmadan alternativ yol;

* Talış-Tapqaraqoyunlu- Qaşaltı yolu;

* Bərdə-Ağdam avtomobil yolu;

* Füzuli-Hadrut avtomobil yolunun tikintisi başa çatıb.

Tikintisi davam edən 37 layihədə işlərin 2025-2026-cı illərdə qurtaracağı planlaşdırılır.

Bu layihələr çərçivəsində ümumilikdə 45 tunel, 447 körpü, 16 viaduk inşa ediləcəkdir.

Qısa müddətdə fəaliyyətə başlayan Füzuli, Zəngilan və  Laçın hava limanları da bölgəyə gediş-gəlişi xeyli asanlaşdırmaqla yanaşı, Qarabağı və Şərqi Zəngəzuru bütün  dünya ilə birləşdirir.

Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə elm və gənclik  də bölgəyə qayıtmışdır.

Tanrı Qarabağa və Şərqi Zəngəzura həm də gözəl təbiət, yeraltı sərvətlər, bərəkətli torpaq, gözəl iqlim, meşələr, çöllər, çaylar da  bəxş etmişdir.

Prezident İlham Əliyev təbiətin müxtəlifliyindən və zənginliyindən də məharətlə istifadə edir.

Bölgənin beynəlxalq turizm məkanlarından birinə  çevrilməsi üçün zəruri olan  bütün işlər görülür.

Həm turistlərin vaxtlarını maraqlı keçirmələri, həm rahat və asudə yaşamaları üçün hər cür şərait yaradılır.

Bölgədə daha bir mühüm missiya  icra edilməkdədir:

Mövcud imkanlardan bacarıqla istifadə sayəsində bura "yaşıl enerji"  istehsalı sahəsinə çevrilir.

Çoxsaylı su anbarları və su tutumları yaradılır, yeni su-elektrik stansiyaları  tikilir, istehsal olunan enerjinin Avropaya çatdırılması üçün  ötürücü şəbəkə qurulur.

Məqsəd Özbəkistan və Qazaxıstanla birgə razılıq əsasında Qara dənizin dibi ilə  elektrik enerjisi ixrac edəcək kabel kəməri çəkmək və Avropaya "yaşıl enerji" satmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev böyük müdriklik və uzaqgörənliklə hadisələri qabaqlamağı, vaxtında gərəkli addımlar atmaqla zəruri infrastruktur formalaşdırmağı, dostluq və əməkdaşlıq etdiyimiz dövlətlərlə birgə layihələr gerçəkləşdirərək hamıya fayda gətirməyi məharətlə bacarır. 

Müstəqil siyasət yürüdən Azərbaycan öz maraqları ilə bərabər, dostlarının maraqlarını da daim təmin edir, qarşılıqlı faydalı əməkdaşlığı  durmadan genişləndirir və inkişaf etdirir.

***

Bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşü möhtəşəmliyi ilə diqqəti xüsusilə cəlb etdi.

Əlbəttə, görüşün işğaldan azad edilmiş Xankəndidə keçirilməsinin xüsusi mənası vardır:

* Əvvəla, həmin tədbirlərdə iştirak edən dövlət və hökumət rəhbərləri, müxtəlif ölkələrdən gəlmiş nüfuzlu qonaqlar, habelə tədbirin bütün iştirakçıları Qarabağda və Şərqi Zəngəzurda erməni vandallarının törətdikləri vəhşilikləri, dağıntıları öz gözləri ilə görür, "məzlum xalq"ın əsl siması ilə yaxından tanış olurlar.

* İkincisi, qısa müddətdə Azərbaycan dövləti tərəfindən aparılan  geniş və sürətli bərpa və quruculuq işlərinin şahidinə çevrilirlər.

* Ən nəhayət, bir sıra layihələrdə iştirak arzularını bildirməklə bölgəyə investisiya  yatırırlar.

4 iyul 2025-ci ildə Xankəndidəki yeni inşa edilmiş Konqres Mərkəzində keçirilən ECO-nun 17-ci Zirvə görüşü də bu qəbildən  idi.

Tədbirə 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurası iclasının, 2024-cü ildə  Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi görüşünün, habelə bu ilin mayında Laçında Azərbaycan, Türkiyə  və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşlərinin bir növ davamı kimi də baxmaq olardı.

Dünyanın diqqətini çəkən 17-ci Zirvə görüşündə Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, İran, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri - Rəcəb Tayyib Ərdoğan, Şavkat Mirziyoyev, Sadır Æaparov, Emoməli Rəhmon, Məsud  Pezeşkian, Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və digərləri iştirak edirdilər.

Mehribanlıq, səmimilik və qarşılıqlı anlaşma şəraitində keçən bu görüşdə  əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişafına yönəlik bir sıra qərarlar qəbul olundu.

Hörmətli qonaqlar Xankəndini gəzdi, görülən işlərlə, habelə erməni vəhşilikləri ilə yerində tanış oldular.

Necə deyərlər, hər şeyi onlara faktlar özü "danışdı".

***

Bir vaxtlar - 30 il ərzində düşmən işğalında qalan Qarabağ şər və məkr  yuvasına çevrilmişdi.

Burada separatçılar yuva qurdular, terrorçular əl-qol açaraq günahsız insanların qanlarını axıtdılar, mülki əhali, qadınlar və uşaqlar girov götürülərək dəhşətli işgəncələrə məruz qaldılar, soyqırımları törədildi.

Ermənistan Rusiyadan havayı aldığı silahları buraya ötürdü, qanunsuz hərbi birləşmələr yaradılaraq onların vasitəsilə torpaqların əsl sahibləri zorla qovularaq məcburi köçkünlərə  çevrildilər və uzun illər vətən həsrətilə yaşadılar.

Laçın dəhlizi şər yoluna çevrildi, daim oradan ərazilərimizə silah-sursat daşındı, minalar gətirilərək ölüm tələləri kimi torpaqlarımızda basdırıldı.

Rusiya Dövlət Dumasının deputatları, Fransa Senatının üzvləri, ABŞ konqresmenləri icazəsiz bölgəyə gələrək separatçılara dəstəklərini bildirdilər.

Nəhayət, "dəmir yumruq" hər cür özbaşınalıqlara, qanunsuz silahlı dəstələrin və terrorçuların əməllərinə son qoydu!

İndi isə Qarabağ və Şərqi Zəngəzur şər yuvası olmaqdan çıxaraq quruculuq və inkişaf meydanına, sülh və əməkdaşlıq edənlərin sevimli məkanına çevrilmişdir!

Bunu bütün dünya görür və bilir, hətta qəbul etmək istəməyənlər də etiraf  etmək məcburiyyətində qalırlar.

Dostluğun, əməkdaşlığın yeni bir mərhələsini şərtləndirən daha bir tədbir - ECO-nun  17-ci Zirvə  görüşü əsl həqiqətləri bir daha ortaya qoydu.

Bütün tədbir iştirakçıları Cənubi Qafqazın sülh və əməkdaşlığın məkanına çevrilməsinin qəti tərəfdarı olduqlarını bildirdilər.

Deyilənlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistlərə müsahibəsində söylədiyi fikirlərlə yekun vururuq:

"Bu dəfə Xankəndidə sülh, sabitlik və inkişafı dəstəkləyən bəyanatlar səsləndi.  Biz Azərbaycanla həmrəy olduğumuzu bir daha  nümayiş etdirdik.  Ümid edirəm ki, budəfəki səfər  ECO ölkələri ilə  əlaqələrin və qardaşlığın möhkəmlənməsinə töhfə verəcək".

Azərbaycanın və onun digər dostlarının da  istədikləri məhz budur!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib  

15:52
25 İyun

Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub 

15:43
25 İyun

Britaniya mediası Azərbaycan nümayəndə heyətinin Kral III Çarlz tərəfindən təşkil olunan qəbulda iştirakından yazır  

15:39
25 İyun

Vicdanlı alıcı statusu hansı hallarda itirilir? – Ali Məhkəmədən izah 

15:31
25 İyun

Kinburn yarımadasında Ukrayna bayrağı qaldırılıb

15:29
25 İyun

Rövşən Nəcəf: İlk U-15 dünya çempionatının Azərbaycana həvalə edilməsi dövlətin idman siyasətinin nəticəsidir  

15:24
25 İyun

Azərbaycan ilə Polşa arasında mövcud münasibətlərinin inkişaf dinamikası yüksək qiymətləndirilib

15:21
25 İyun

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

15:21
25 İyun

Media: Azərbaycan Beynəlxalq Sığorta Forumu əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib  

15:16
25 İyun

Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər

15:11
25 İyun

İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına yekun vurulub

15:07
25 İyun

BOK Olimpiya Oyunlarında iştirak edən hər bir idmançıya 10 min dollar qrant verəcək  

15:01
25 İyun

İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər – AÇIQLAMA 

14:59
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu təşkil olunub - YENİLƏNİB 

14:58
25 İyun

Venesuelada dağıdıcı zəlzələlərin fəsadları böyüyür: ölənlərin sayı 164-ə çatıb  

14:46
25 İyun

XXV Qış Olimpiya Oyunları rekord sayda tamaşaçı tərəfindən izlənilib

14:31
25 İyun

Ukrayna ordusu Rusiyanın mühüm obyektlərinə zərbələr endirib

14:29
25 İyun

AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır

14:25
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!