İqtisadi, sosial və irqi bərabərsizlik əhalini qəzəbləndirir
Fransanın idarə etdiyi Karib dənizindəki Martinik adasında etirazçıların hava limanının binasına girməyə çalışaraq uçuş-enmə zolağına çıxmasından sonra aeroport qısa müddətə bağlanmaq məcburiyyətində qalıb. Yüzlərlə sərnişin çətin vəziyyətə düşüb. Yerli rəsmilər uçuşlar gecikərsə, sərnişinləri məlumat üçün öz aviaşirkətləri ilə əlaqə saxlamağa çağırıb.
Hava limanı səhər saatlarında fəaliyyətini bərpa edib. Fransanın daxili işlər naziri Bruno Retayyo deyib ki, fransız səlahiyyətliləri yaşayış xərclərinin artmasına qarşı son etirazda nümayişçilərin hədəfinə çevrilən hava limanına nəzarəti bərpa ediblər.
Nazir əlavə edib ki, adaya əlavə qüvvələr göndərilir: "Biz asayişi bərpa edəcəyik. Amma qiymətlərin baha olması ilə bağlı yerli narazılığı da nəzərə almalıyıq".
Neçə gündür ki, Martinikdə nümayişlər davam edir və qiymətlərin artması ilə bağlı təşkil olunan bu etirazlar iğtişaşlara çevrilir. Nümayişçilərin polis məntəqəsini, avtomobilləri və yollardakı təkər istehkamlarını yandırması və polislə toqquşması nəticəsində azı bir nəfər həlak olub. Yaralılar və saxlanılanlar barədə dəqiq məlumat verilmir.
Etirazçılar adanın paytaxtı Fort-de-Fransdakı hava limanının ərazisinə daxil olublar. Sosial şəbəkələrdə yayılan videoya görə, onlar yüzlərlə sərnişinin sığındığı əsas girişə keçməyə çalışıblar.
Girişi qoruyan polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Uçuşlar dayandırılıb. Martinikin yerli prefekturasından verilən açıqlamada deyilir ki, təxminən 1000 sərnişini daşıyan üç təyyarə qonşu Qvadelupa adasına yönəldilib.
Xəbərdə deyilir ki, həmin reyslərə minməli olan daha 500 sərnişin Fort-de-Frans hava limanında qapalı şəraitdə qalıb.
Prefektura hava limanına yürüşün materikdən yüzlərlə fransız polisinin əhaliyə divan tutmaq üçün göndərilməsi ilə bağlı sosial mediada yayılan xəbərlərdən sonra başladığını bildirib.
Hökumət komendant saatını bərpa edib və adanın magistral yollarında nümayişlərin keçirilməsinə qadağa qoyub.
Bu, Fransanın adaya xüsusi çevik qüvvələr göndərməsinə səbəb olan sentyabrın əvvəlində başlayan etirazların sonuncusudur.
Martinik və Qvadelupa son illərdə oxşar etirazlara şahid olub. Nümayişçilərin vurğuladığı kimi, etirazların əsas səbəbləri iqtisadi, sosial və irqi bərabərsizlikdir. Əhali həmçinin Fransanın adalarda həyata keçirdiyi müstəmləkəçi və ekspansionist hərəkətlərindən qəzəblidir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"