29 Iyun 2024 09:40
168
CƏMİYYƏT
A- A+

Laçın şəhərinə daha 21 ailə qayıtdı

 

Düşmənin viran qoyduğu şəhər və kəndlərimiz yenidən qurulduqca uzun illərdir torpaq həsrəti yaşayan keçmiş məcburi köçkünlər mərhələli olaraq yurdlarına qovuşurlar. Artıq 1997 ailə - 7762 nəfər əzəli məskənlərinə qayıdıb. 
İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 126 ailə (491 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

 

"Üç yaşımda çıxdığım Laçına üçyaşlı oğlumla qayıdıram"

 

Böyük qayıdışın əsas ünvanlarından biri olan Laçın şəhəri dünən daha bir qayıdış karvanına qucaq açıb. Bu mərhələdə daha 21 ailə - 65 nəfər dədə-baba ocağına dönüb. Bununla da Laçın şəhərində 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.
Uzun illərdir yurda dönüşünü səbirsizliklə gözləyən keçmiş məcburi köçkün Möhübbət Süleymanov deyir ki, ailəsi hər zaman ona Laçın barədə danışıb: "İşğal mənim Laçınlı həyatımı dondurdu. Üç yaşından məcburi köçkün həyatı yaşadım. Abşeron rayonu Pirəkəşkül kəndində, hərbi şəhərcikdə çətin həyat yaşamışıq. İndi isə doğma yurduma qayıtdım. Yaşım az olduğu üçün xatırlamıram, amma ailəm mənə Laçınla bağlı o qədər danışıb ki, sanki illərlə orada yaşamışam. Hər qarışı mənə doğmadır. İndi isə üç yaşımda çıxdığım Laçına üçyaşlı oğlumla qayıdıram. İtirdiyimiz 32 ili bundan sonra bərpa edəcəyik, burada qurub-yaradacağıq".
Laçın sakini Sevil Allahyarova söyləyir ki, bu günü təsəvvürünə gətirmək belə onun üçün çətin olub: "Ancaq biz dövlət başçımıza güvənirdik, inanırdıq. Mən bu gün doğma yurduma qayıtdığım üçün çox sevinirəm. Başda Ali Baş Komandan olmaqla, Milli Ordumuzun hər bir üzvünə, hər bir zabit və əsgərinə bizə bu günləri yaşatdıqları üçün minnətdarlığımı bildirirəm. Torpaqlarımız uğrunda şəhid olan, öz qanı ilə torpaqlarımızı azad edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Mən rəhbərliyimizlə, xalqımızla, ordumuzla, mübariz oğullarımızla fəxr edirəm".
Laçın sakini Nəcibə Rəhimova söyləyir ki, bu günə qədər çox çətinlik, sıxıntı, həsrət çəksə də, torpağına qovuşmağın ümidi ilə yaşayıb: "Laçın yolu yaşadığımız ərazidən keçdiyinə görə həmişə sıxıntı keçirirdik ki, öz doğma yurdumuza qayıda bilməyəcik. Amma dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində bu gün yurdumuza qovuşduq".

 

Vətən nisgili çəkən qalmayacaq 

 

Laçın şəhərində sakinlərin rifahının yüksəldilməsi və işlə təminatı istiqamətində mühüm tədbirlər görülüb, rahat və firavan həyat şəraiti üçün lazım olan infrastruktur yaradılıb və proses davam edir. Ərazilərin bərpası müasir yanaşmalar əsasında həyata keçirilir, yaşayış məntəqələri "ağıllı şəhər" və "ağıllı kənd" konsepti ilə qurulur, burada sakinlərin rahatlığı üçün bütün şərait yaradılır. Həmçinin işğal dövründə vandalizmə məruz qalan tarixi-mədəni abidələr, tikililər bərpa edilir.
Laçınlıların istirahətinin səmərəli və maraqlı təşkili istiqamətində də tədbirlər həyata keçirilir. İşğaldan əvvəl şəhərdə fəaliyyət göstərən kinoteatr binası yenidən bərpa olunaraq istifadəyə verilib. Şəhərdə, həmçinin Həkəri çayının sahilində bulvar yaradılıb. Burada çay üzərində körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb.
2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin dayanıqlı və təhlükəsiz məskunlaşması təmin ediləcək. İşğaldan azad edilmiş ərazilərimizdə sistemli şəkildə uğurla həyata keçirilən layihələr onu deməyə əsas verir ki, yurdlarından didərgin salınan, məcburi köçkün həyatı yaşayan bütün vətəndaşlarımız tezliklə əzəli yurdlarına qovuşacaqlar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video