İşğaldan azad olunan ərazilərə köçürülən və köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə Böyük Qayıdış proqramı çərçivəsində əlavə tədbirlər hazırlanır. Sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər arasındadır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı keçirilən infosessiyada bildirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunmasının başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, işğaldan azad olunan ərazilərdə əlavə tədbirlərin icrası həmin ərazilərdə məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək.
Özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib.
Klasterlərin yaradılmasında məqsəd vətəndaşlar üçün zəruri olan xidmətlərin eyni məkanda cəmlənməsi, gəlirliliyə müsbət təsir etməsi və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır.
Özünüməşğulluq proqramının istehsalat və xidmət zərfləri üzrə monitorinqlərin rəqəmsal və elektron müstəviyə keçirilməsi təklifi də diqqət mərkəzində olub.
Bu elektronlaşdırmanın idarəetmənin optimallaşdırılmasına, əməkdaşların iş yükünün azaldılmasına, monitorinq proseslərində effektiv, innovativ və data əsaslı hesabatlığın təmin olunmasına imkan verəcəyi qeyd edilib.