Xocalılılar xilaskarları İlham Əliyevə növbəti hədiyyəsinə görə minnətdardırlar
...Elə Xocalıdan ayrılmaq üzrəydik ki, xoş xəbər ildırım sürəti ilə bütün evlərə yayıldı.
Hamı küçələrdə idi. Bir-birini təbrik edirdilər...
Prezident İlham Əliyev onlara azadlığın təntənə gününü - Xocalı Şəhər Gününü hədiyyə etmişdi.
Hər kəs telefonu vasitəsilə internet saytlarında bu barədə gedən xəbərləri bir-birinə oxuyur, gözaydınlığı verirdi...
"İlham Əliyev bizə əvvəlcə Xocalını hədiyyə etdi, arxasınca şəhər günümüzü bəxş elədi"
Xocalıdayıq...
32 il öncə, bir gecədə məhv edilən, yandırılıb külü göylərə sovrulan şəhər indi tam başqa mənzərə ilə canlanır qarşımızda. Yenidən qurulan müasir Xocalıda həyat qaynayır. Bir vaxtlar dörd tərəfindən Xocalıya tuşlanan silahların yerində indi üçrəngli bayrağımız qürurla dalğalanır. İllər sonra yurda qayıdan xocalılılar üçün heç bir təhlükə yoxdur. 32 il əvvəl Xocalını ayaqyalın tərk edib yalnız canlarını salamat qurtaranlar bu gün taleyin xoş günlərini yaşayırlar və bu əvəzedilməz sevinci onlara yaşadan Böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 8 ay ərzində bərpa edilmiş müasir Xocalı buraya gələnlərdə xoş təəssürat yaradır. Keçmişdə yaşadıqları faciənin ağrı-acısını unutmasalar da, yurda qayıdışın sevinci simalarındakı xoşbəxtlik cizgilərindən hiss olunur. Buna Müstəqillik Günündə İlham Əliyevin yeni mənzillərinin açarlarını təqdim etdiyi xocalılılarla keçirdiyimiz görüşlərdə bir daha şahidlik etdik.
Şad xəbəri sentyabrın 18-i günün ikinci yarısında Xocalıda eşitdik. Hamı sevinirdi. Xocalı sakini, ağbirçək ana Elmira Allahverdiyeva sevincini bizimlə belə bölüşdü: "Bala, indiyəcən Xocalının günü 26 fevral idi. Tək xocalılılar yox, Prezidentimizin, Mehriban xanımın sayəsində bütün dünya həmin gün dərdimizə şərik olurdu. Xocalılılar üçün əsas gün soyqırımına uğradığımız gün idi. Hər bir Xocalı sakininin evində şəhid var. O qanlı faciədə həyat yoldaşım Novruz, oğlum Mahir şəhid olublar. Sinəmdə şəhid yarası var. Hələ də onları axtarıram. Gözüm yollarda qalıb...
Övladlarıma da, nəvələrimə də deyirəm ki, o günü heç vaxt unutmamalıyıq, unutmayacağıq da. Amma bundan sonra kədər günümüzlə yanaşı, sevincli günümüz, qələbə günümüz də var. Allah İlham Əliyevin canını sağ eləsin, bizə əvvəlcə azad Xocalını hədiyyə etdi, arxasınca isə şəhər günümüzü bəxş elədi. Ömür boyu prezidentimizə minnətdar olacağıq".
Xocalının mərkəzi küçəsi ilə hərəkət etdikcə qarşımıza çıxan hər kəsin üzündə təbəssüm, sevinc hissini görəndə adamın ürəyi dağa dönür. Xocalının gənc sakini Elşən Mehrəliyevlə həmsöbət oluruq. Elşən deyir ki, xoş xəbər tez yayılar. Bir qədər öncə Prezidentin imzaladığı sərəncamla bağlı artıq onun telefonuna 20-dən çox zəng gəlib: "Hamı sevinc içindədir. İki gündən sonra (20 sentyabr) ilk dəfə olaraq xocalılılar doğma yurdda şəhər gününü böyük təmtəraqla qeyd edəcəklər. Bundan qürurlu nə ola bilər ki?!
İllər öncə qanlı faciədən keçdik. Atalarımızı, analarımızı, bacı-qardaşlarımızı, ən əziz insanlarımızı itirdik. Tək bir canımızı götürüb bir gecədə əzab-əziyyətlə Ağdama üz tutduq. İllərlə məcburi köçkün həyatı yaşadıq. Bir sevincli günümüz olmadı. Hər il fevralın 26-da gözlərimiz qan ağladı. Yaralarımız qaysaq bağlamadı. Amma Allah sonunda fəryadımızı eşitdi və bizə xilaskar göndərdi. Elə bir xilaskar ki, bizlər bir ömür boyu ona minnətdar olmalıyıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bizi yenidən Xocalıya qaytardı. Özü də artıq heç bir təhlükəsi olmayan Xocalıya... İndi doğma yurdumuzdayıq, başımızın üstündə dalğalanan bayrağımız qürurumuzdur. İki gündən sonra Xocalı Şəhər Gününü qeyd edəcəyik. Bundan sonra qəmli, kədərli günlərimiz yox, bayram günlərimizin sayı çoxalacaq. Möhtərəm Prezidentimizə nə qədər alqış etsək, yenə də azdır".
Azadlığın təntənə günlərini qeyd edən şəhərlərimizin sayı 12-yə çatdı
Xocalıya səfərimizin məqsədi buraya yeni köçən sakinlərin həyat şəraiti ilə yaxından tanış olmaq, fikirlərini öyrənmək idi. Amma onların xoş təəssüratlarına canlı şahidlik etməyin zövqü ayrı oldu.
Bu gün Xocalı şəhər gününü qeyd edir. Bundan sonra hər il sentyabrın 20-də Xocalıda möhtəşəm bayram tədbiri keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bu günə qədər isə işğaldan azad olunan digər şəhərlərimizin günləri bəlli idi.
Prezidentin sərəncamına əsasən, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il 26 avqust - Laçın Şəhəri Günü, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 oktyabr - Füzuli Şəhəri Günü, 20 oktyabr - Zəngilan Şəhəri Günü, 25 oktyabr - Qubadlı Şəhəri Günü, 8 noyabr - Şuşa Şəhəri Günü, 20 noyabr - Ağdam Şəhəri Günü, 25 noyabr - Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. İndi bu sıraya daha 4 şəhər də əlavə edilir.
Budur, İlham Əliyevin memarı olduğu Şanlı Zəfərin yaratdığı reallıq. 30 il ən ağır sınaqlardan keçən, illərlə məşəqqətlər içərisində yaşayan, haqq səsi eşidilməyən xalq bu gün başıdik, alnıaçıq öz doğma yurdunda xoş gününü, bayramını təmtəraqla qeyd edərək düşmənə gözdağı verir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-Xocalı-Bakı