17 Iyul 2024 09:40
223
Mədəniyyət
A- A+

İncəsənət bütün insanları birləşdirir

 

Bir müddət öncə Bakının mərkəzində fəaliyyətə başlayan, açılışında ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri Crescent Mall-da çoxşahəli ticarət şəbəkəsi, 140 dildə yazılı, Azərbaycan, rus, ingilis dillərində isə şifahi məlumat verə bilən "Leyli" süni intellekt bələdçisindən əlavə, maraq doğuran digər məqam da yuxarı açıq məkana qalxan hissədəki böyük sütunda yaradılmış Azərbaycanın mədəni irsinə istinadlı, milli elementlərdən ibarət incəsənət nümunəsi oldu.

Və şübhəsiz ki, həmin gün və sonradan bura üz tutan sakinlər müxtəlif çeşidli geyim ləvazimatları, aksesuarlar, dadlı təamlarla yanaşı, bu sənət əsərindən də bəhrələnməkdədirlər.

Söhbət Crescent Mall-un daxilində mərkəzdə yerləşən çoxmərtəbəli sütun üzərində dizayn edilmiş və milli elementləri özündə əks etdirən "Həyat Ağacı" adlı divar rəsmindən gedir. Ölkəmizin, xalqımızın mədəni irsinə və tarixinə dayanan ornamentlərlə zənginləşdirilimiş bu dayaq-müstəviyə ağac, nar və Şah Abbas kimi milli elementlər həkk edilmişdir. Divar rəsmində təsvir edilən naxışlar və formalar sanki Orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş həyat və birlik simvoludur. Milli ornamentlər və quşlar ilə zaman dinamikasında bir araya gələn "Həyat ağacı" isə sürətlə inkşaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə cəmləyən Azərbaycan xalqının ifadəsidir.

Ticarət mərkəzindəki divar rəsmlərinə çoxlu sayda tamaşaçı heyranlıqla baxdı, bəlkə də əksəriyyət bütün bunların gənc rəssam Məhərrəm Əli tərəfindən ərsəyə gətirildiyinin fərqinə varmadı. Biz isə dünyaya səs və iz salmış klassik boyakarlığımızın fonunda ənənə ilə müasirliyi qovuşduran divar rəsmlərinin cazibəsində istedadlı sənət adamı ilə görüşüb həmsöhbət olduq. Müəllif təvazökarcasına söylədi ki, Crescent Mall-un interyerindəki çalışmaları indiyə qədərki fəaliyyətinin davamıdır: "Bu günədək divar rəsmləri silsiləsindən çoxsaylı əsərlərimizi - Balaxanıda, İçərişəhərdə, Bəşir Səfəroğlu, Əlövsət Quliyev küçələrində və digər yerlərdəki əl işlərimizi görüb-bəyənənlərdən zaman-zaman belə təkliflər, dəvətlər gəlir. Ticarət mərkəzindəki layihə də bir neçə dəfə müzakirə edildi və nəhayət, "Həyat ağacı" üzərində dayanıldı".

Məhərrəm Əli deyir ki, Prezident

İlham Əliyevin gəncləri və ümumiyyətlə, sənət adamlarını ətrafına toplayaraq fikirlərini dinləməsi, yeni layihələrin həyata keçirilməsi barədə göstərişlər verməsi yaradıcı gəncliyə olan diqqət və qayğının bariz nümunəsidir: "Təkcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il yüzlərlə sərgilər təşkil olunur. Yerli və beynəlxalq simpoziumlar keçirilir. İstedadlı gənc rəssamların sənət əsərləri dünyaşöhrətli qalereyalarda sərgilənir. Odlar yurdunda incəsənətin tarixi eramızdan əvvəlki minilliklərə söykənir. Qobustanda qaya üzərindəki insan təsvirlərindən tutmuş, yaşı yüz illərlə ölçülən qədim xalçalarımız mədəni irsimizin tarixiliyini, milli kimliyimizin orijinallığını qürurla əks etdirir. Müasir dövr təsviri sənətimiz dövlətimizin dəstəyilə Azərbaycanın mədəni şöhrətini bütün dünyaya yayır".

Bəs niyə daha çox Street art? Müsahibim əlavə edir ki, rəssamlar cəmiyyətin önəmli və həssas təbəqəsidir: "Sadə dilə desəm, geyindiyimiz paltardan tutmuş, yaşadığımız evlərə, istifadə etdiyimiz minik avtomobilləri, gündəlik məişət əşyaları bir sözlə, bizi əhatə edən bütün maddi aləmdə rəssamların vacib əməyi var. Konseptual xalçaçı rəssam və Street art rəssamı kimi istər öz yaradıcılığımda, istərsə də şəhərin mərkəzi küçələrindəki divar rəsmlərində klassik və müasir incəsənəti üz-üzə qoyub məni narahat edən suallara cavab tapmağa çalışıram. Yaradıcılıq - olan və yaxud olmayan bir şeyi fərqli, fərdi tərzdə ifadə edə bilmək bacarığıdır".

Məhərrəm Əliyev 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya göz açıb. Uşaqlıqdan sehrinə düşdüyü rənglər aləmində öz kiçik palitrasını yaradıb, daim yaradıcı hiss və duyğularla böyük sənətə can atıb. Elə bu arzularla da rəssam olmağı qərarlaşdırıb, orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təqdim edib. 2012-2016-cı illərdə bu təhsil ocağında tanınmış müəllimlərdən, sənət ustadlarından dərs alıb. 2020-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2013-2017-ci illərdə "Xeyirə Vəsilə" layihəsinin 5 sərgisində, 2018-ci ildə Kastamonu-Bakı dostluq sərgisində, 2021-də "Naxçıvan - bəşəriyyətin beşiyi"  simpoziumunda, "Art Zone Qəbələ", "Atr Zone Masallı", "Art Zone Tovuz" (2022) sərgilərində, "Müharibə uşaqlarına xeyriyyə yardımı", Özbəkistan və Azərbaycan Prezidentlərinin də qatıldığı Xivə və Daşkənd şəhərlərində keçirilən "Özbəkistan Azərbaycan rəssamlarının gözü ilə" simpoziumunda, Karvan art qrupun "Heydər Əliyev ili" çərçivəsində "Qarabağ" (2023) sərgisində "Muzey mərkəzi Şuşa", "İrsin izi ilə", "Qarabağ" (2024)  art simpoziumlarda uğurla iştirak edib.

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video