08 Sentyabr 2023 09:00
19213
SİYASƏT
A- A+
İlham Əliyevin şərtləri dəyişmir

İlham Əliyevin şərtləri dəyişmir

 

Azərbaycan Prezidenti Ağ Evə də Laçın-Xankəndi yolu ilə bağlı qətiyyətli mövqeyini bir daha çatdırdı

 

Ermənistanın artıq xeyli vaxtdır ki, Qarabağ və Şərqi Zəngəzurda vəziyyəti gərginləşdirməkdən ötrü əl atmadığı oyun qalmayıb. Rəsmi İrəvan siyasi manipulyasiyası, şantaj və böhtanları ilə beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşdırmaqla nəyəsə nail olmaq istəyir. Yəni Hayastanın siyasi rəhbərliyi bütün hallarda sülh sazişinin imzalanmaması üçün mümkün çirkinliklərdən istifadə edir. Lakin əsl həqiqətlər məğlub ölkənin iddialarını ifşa edir.
İki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik missiyasını üzərlərinə götürdükləri görüntüsü yaradan və hətta bu istiqamətdə sanki yarışa çıxan Rusiya, Avropa İttifaqı və ABŞ yenə də Ermənistanın bu oyunlarına göz yumurlar. Bu azmış kimi Aİ-nin Ermənistana göndərdiyi xüsusi missiyası Qarabağdakı separatçıların təxribatlarına haqq da qazandırır. Son iki həftədə missiyanın yaydığı "açıqlama" bunu təsdiqləyən reallıqdır. 
Rəsmi Moskva Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində qeyri-qanuni separatçı dəstələrin qanunsuz hərbi yüklərin danışması faktlarına heç bir reaksiya vermir. 
Sülh danışıqlarında vasitəçi olmaq istəyini bildirən ABŞ isə bir tərəfdən XİN başçılarının görüşlərini təşkil edərək, guya, prosesə töhfə verməyə çalışdığını nümayiş etdirir, digər tərəfdən isə BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi Ermənistanın uydurma yalanlarına haqq qazandırır. Bu da bir daha ikili standartların, Ermənistana açıq havadarlığın göstəricisidir. Bu, Ağ Evin rəsmi şəxslərinin çıxışlarından başlayaraq, media orqanlarında dərc olunan yazılara qədər özünü göstərir.
Əslində, bu, ABŞ-nin regional maraqlarına uyğun deyil. Çünki Azərbaycan regionun şəksiz lideri və etibarlı tərəfdaşdır, bütün regional layihələrin təşəbbüskarı, əsas icraçısıdır. Rəsmi Bakının apardığı müstəqil xarici siyasət regionda sabitlik və sülhün bərqərar olmasına yönəlib, bu isə məntiqlə ABŞ-nin də maraqlarına cavab verməlidir. Amma görünür, bu ölkənin bəzi dairələri fərqli düşünür. 
Ümumiyyətlə, Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təsəvvür formalaşdırmağa çalışırlar ki, bu ölkədə antiazərbaycançı mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Amma, əslində, Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, departamentin qeyri-rəsmi "mətbuat orqanı" kimi tanınan nəşrlərin mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirmələrinin şahidi oluruq. ABŞ Dövlət katibi Entoni Blinkenin İlham Əliyevlə apardığı telefon danışıqlarındakı fikirləri isə Ağ Evin Azərbaycanın mövqeyinə dəstəyini ifadə edir. Bunu Azərbaycan Prezidenti ilə Ağ Ev rəsmisi arasında ötən aylarda reallaşan və sentyabrın 1-də aparılan telefon danışıqları bir daha təsdiqləyir. Bütün danışıqlar zamanı İlham Əliyev ABŞ-nin timsalında dünya ictimaiyyətinə, xüsusən də Hayastanın havadarlarına bir daha qətiyyətli mövqeyini çatdırır. Elə sentyabrın 1-də reallaşan növbəti danışıqda da qalib komandan bir daha Ermənistanın "humanitar böhran" şousunu ifşa eləyərək Laçın-Xankəndi yolu ilə bağlı yüklərin nə zaman və hansı şərtlər əsasında daşına bilməsinin mümkünlüyünü  Ağ Ev rəsmisinin diqqətinə çatdırdı. 
Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılarkən İlham Əliyev əsl həqiqətləri açıqladı - Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yoldan yüklərin daşınması üçün əldə olunmuş ilkin razılaşmadan imtina edib. 
İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır: "Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Ermənistanın bu kimi siyasəti sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurur". Prezident həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini Entoni Blinkenin diqqətinə çatdırıb.
İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət etməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.
ABŞ Dövlət katibi Entoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
Bu, ilk növbədə qalib komandan kimi İlham Əliyevin qətiyyətli mövqeyinin növbəti təzahürüdür. Azərbaycan Prezidenti hər zaman olduğu kimi prinsipiallığını, dəyişməz mövqeyini nümayiş etdirərək Ermənistanın havadarlarına, ona dəstək verənlərə bir daha çatdırdı ki, indi diktəni edən tərəf bizik. Yalnız Azərbaycanın şərtləri qəbul ediləcəyi təqdirdə Ermənistan hansısa addım ata bilər.     
Bu gün İlham Əliyevin siyasətinin əsas prioriteti İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlara uyğun siyasət həyata keçirmək və bölgədə sülhün təmin olunması üçün əməli işlər görməkdir. Baş verən proseslər isə göstərir ki, Azərbaycan Prezidenti 3 ilə yaxındır bütün təşəbbüslərini bu prosesə yönəldib. Bir tərəfdən 30 il ərzində ermənilər tərəfindən darmadağın edilmiş Qarabağ və Şərqi Zəngəzuru bərpa edən İlham Əliyev digər tərəfdən Ermənistanla sülh sazişinin imzalanması üçün çox mütərəqqi addımlar atır, məğlub ölkəyə, eləcə də Qarabağın erməni sakinlərinə çıxış yolunu göstərir. 
Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri çərçivəsində mətbuata verdiyi müsahibəsində səsləndirdiyi kimi, "Bakı dialoq üçün xoş iradə və açıq mövqe nümayiş etdirir. Bu, irəliyə doğru yeganə yoldur. Dialoqdan imtina edənlər onlara mesaj göndərə biləcək və hər hansı bir vədlər verəcək üçüncü güclərin əllərində girov olmaqdan qurtulmalıdır. Yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq".

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!