Prezident yeni dövrün inkişaf strategiyasının icrasını təcrübəli peşəkarlar komandasına həvalə etdi
Ölkənin mühüm icra strukturunun formalaşması prosesi dünən demək olar ki, yekunlaşdı. Prezident İlham Əliyevin Baş nazir və Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamları hökumətin iş üslubu, fəaliyyət perspektivləri barədə ilkin təəssürat yaratmaq üçün yetərlidir. Son təyinatlar mühüm istiqamətlər üzrə Prezidentin yeni strateji baxışlarını aydınlaşdırır.
Yeni dövrün yeni hökuməti
Respublikada aparılan islahatlar miqyasına görə olduqca genişdir, həm də sistemlidir. Hər sahə üzrə konkret plan, layihə və vəzifə-məsuliyyət bölgüsü düzgün müəyyənləşdirilib. Yeni dövrün çağırışlarına adekvat olan islahatların uğurlu gedişini təmin etmək məqsədilə aparılan hüquqi-qanunvericilik təkmilləşməsi davamlı hal alıb. İslahatların tənzimlənməsi və yeniləşən sistemə uyğunlaşdırılması Zəfərin yaratdığı reallıqlar kontekstində də real həllini tapıb.
İlham Əliyevin "daha güclü, daha inkişaf edən Azərbaycan, daha rifahlı vətəndaş" konsepsiyasının müasir dövrdə icrasını həyata keçirəcək hökumət də məhz bu situasiyada fəaliyyət göstərəcək. Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi olub. İndi isə görünən odur ki, bunlar həm də yeni hökumətin formalaşmasında İlham Əliyevin əsas etimad meyarıdır.
Prezident yeni dövrün inkişaf strategiyasının icrasını öz sahəsində onilliklər boyu böyük təcrübə qazanmış mütəxəssislərə, eyni zamanda gənclərdən ibarət peşəkarlar komandasına həvalə edib.
Məsələn, Baş nazir vəzifəsinə yenidən təyin edilən Əli Əsədovu fərqləndirən, onun personasına pozitiv ictimai münasibəti yaradan səbəblər çoxdur. 30 ilə yaxın müddətdə dövlətin ən mühüm ali səlahiyyət məqamlarında yüksək vəzifə daşıyan Baş nazir Sovetlər Birliyinin nüfuzlu ali təhsil müəssisələrindən sayılan Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib. SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aspirant olub, namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra fəaliyyətində elmi-pedaqoji yönümə keçib, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda elmi işçi, dosent və kafedra müdiri kimi çalışıb.
Niyə məhz Əli Əsədov?
Yeni Azərbaycan Partiyası yarandığı dövrlərdən onun üzvü olan Əli Əsədov Birinci çağırış Milli Məclisin deputatı seçilib. 1998-ci ildə siyasət və idarəetmə ustadı Heydər Əliyevin böyük etimadını qazanıb, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. İlham Əliyevin rəhbərliyi dövründə isə statusu həm də Prezident Administrasiyası rəhbərinin müavinliyinədək artırılıb.
Ən böyük etimadı isə 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş naziri təyin edilməklə qazanıb.
Son 26 ildə hər iki Prezidentin iqtisadi siyasətinin və islahatlar strategiyasının əsas icraçılarından biri kimi, dövlət quruculuğu prosesinə töhfələr verib. Azərbaycanın iqtisadi siyasətinin əsas məqamlarının reallaşmasında peşəkar məmur, həm də bacarıqlı nəzəriyyəçi alim kimi fəal iştirakı olub. Mühüm beynəlxalq tədbirlərdə dövləti və Prezidenti təmsil edib.
Əli Əsədovun məmur fəaliyyəti ilə bərabər, onun qətiyyətli vətəndaş mövqeyi də daim diqqəti cəlb edir. Ziyalılığı, alicənablığı, müasirliyi ilə cəmiyyətdə məmnunluq yaradır. Heydər Əliyev siyasi xəttinə, İlham Əliyev missiyasına tam sədaqətlidir, intriqalara əsla meyillənmir, həmkarları arasında səmimiyyəti, təəssübkeşliyi ilə hörmət qazanıb. Vəzifəsinin imkanlarından sui-istifadə etməməsi, inzibati təsir rıçaqlarını şəxsi maraqlarının ödənməsinə yönəltməməsi onun "təmiz məmur" reputasiyasının əsas zəminidir.
Şübhəsiz ki, Əli Əsədovun təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı, bacarığı, ən əsası, fərdi xüsusiyyətləri və fəaliyyət prinsipləri Prezidentin ali etimadını şərtləndirən əsas amil olub.
Milli Məclisin Sədri Sahibə Qafarovanın bu sözləri də Baş nazirə münasibətin ən dolğun ifadəsidir: "Əli Əsədovun iqtisadi məsələləri dərindən bilən təcrübəli mütəxəssis olması Nazirlər Kabinetinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasında mühüm rol oynayır. Əli müəllim yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik olan, bütün bilik və bacarığını işə sərf edən bir insandır. Əminliklə söyləmək olar ki, Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcək".
Yeni hökumətin strateji prioritetləri
"Cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərimizi səfərbər edəcəyik" - deyərək Milli Məclisdən Baş nazir vəzifəsinə təsdiqi üçün razılıq alan Əli Əsədov yeni hökumətin strateji fəaliyyət istiqamətlərini də açıqladı.
Görünən odur ki, Prezident İlham Əliyevin yeni dövrdə inkişaf strategiyasının müddəaları elə yeni hökumətin də birmənalı fəaliyyət proqramıdır.
Baş nazirin çıxışı əsasında yeni hökumətin fəaliyyət prioritetlərini belə təsnifatlaşdırmaq olar:
- müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi;
- müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi-sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi;
- Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi;
- əhalinin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi;
- dünyada artan rəqabətə hazır olmaq üçün yüksəkrəqabətli insan kapitalını formalaşdırmaq və müasir təhsili, sağlam cəmiyyəti, idmanı, mədəniyyəti, innovasiyaları təşviq etmək...
Baş nazir bəyan etdi ki, Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcək.
Baş nazirin bu fikirləri isə uğurlu nəticəyə indidən etibarlı zəmin yaradır: "Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir".
Sınanmış kadrlar, bacarıqlı mütəxəssislər
Əli Əsədovun ötən 5 ildə Baş nazir kimi fəaliyyəti Prezident və Milli Məclis tərəfindən yüksək qiymətləndirildi və o, növbəti müddətə yenidən etimad mandatı aldı.
Qarşıdakı dövrdə onun özünün və rəhbərlik etdiyi hökumətin fəaliyyətinin uğurlu olacağına zəmanət verən amil isə yeni Nazirlər Kabinetinin bacarıqlı mütəxəssis kadrlardan təşkil olunmasıdır.
Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibi əsasən, öncəki hökumətin heyətidir. Ancaq nəzərə alaq ki, bu tərkibin Baş nazir də daxil olmaqla xeyli hissəsi ötən son 6 il müddətində dəyişilib, yenilənib.
Nazirlər və komitə, xidmət, agentlik rəhbərləri öz sahələrinin bacarıqlı mütəxəssisləri, peşəkarlarıdır. Unutmayaq ki, onlar həm də tarixin ən qüdrətli Azərbaycanının və möhtəşəm Zəfərinin müəllifi olan Prezidentin müxtəlif sahələr üzrə strateji inkişaf hədəflərini reallaşdıran iqtidar mənsublarıdır.
Prezident tapşırıqlarının və təşəbbüslərinin icra prosesində çeviklik və səmərəlilik, fəaliyyətdə şəffaflıq, inzibati maneələrdən uzaq, vətəndaşın maraqlarını qoruyan idarəçilik üslubunun yeni hökumət üzvlərinin əsas meyarı olacağına cəmiyyətin yüksək əminliyi var.
Prezidentin inaqurasiya mərasimindəki çıxışının tezisləri, əslində, yeni hökumətin qarşısında konkret vəzifələri müəyyənləşdirir. Daha güclü Azərbaycanı qurmağı qarşıdakı yeddi ilin əsas hədəfi elan edən İlham Əliyevin etimadını doğrultmaq isə yeni hökumətin tək siyasi yox, həm də mənəvi borcudur...
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"