21 il öncə, 2003-ci il oktyabrın 15-də cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməsi və bu günədək baş verən proseslər seçimin nə dərəcədə doğru olduğunu isbatladı. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanda Olimpiya Hərəkatının banisidir. Ölkəyə rəhbər seçilməmişdən öncə, 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti olduqdan sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü.
Olimpiya hərəkatında yüksəliş mərhələsi
İdman paytaxtına çevrilən Bakıda ən nüfuzlu beynəlxalq yarışların təşkili Azərbaycana böyük imic qazandırıb. "Bakı-2015" ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, "Formula-1" Qran-prilərinin futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 qarşılaşmasının və müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.
Tarixə nəzər yetirsək görərik ki, bu uğurlara elə də asan nail olunmayıb. Müstəqilliyinin bərpasından sonra, ötən əsrin 90-cı illərində Azərbaycanda mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider yaxşı bilirdi ki, ölkənin parlaq gələcəyi gənclər və idman siyasətinin düzgün yeridilməsi ilə bağlıdır. Odur ki, onun təməli vaxtında qoyulmalıdır. Buna görə də dahi liderin fərmanına əsasən, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, Azərbaycanın müasir idman tarixinin başlanğıcı oldu. Ardınca isə 1995-ci ildə Prezident yanında İdman Fondu yaradıldı.
İlham Əliyevin MOK-a Prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Bu gün dünyanın mötəbər idman yarışlarında, Olimpiya Oyunlarında Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalanır. Həmçinin paytaxt Bakının ən nüfuzlu beynəlxalq yarışların təşkilinə, yüksəksəviyyəli evsahibliyinə görə Azərbaycan böyük nüfuz qazanıb.
İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca böyük əhəmiyyət kəsb edirdi. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edən İlham Əliyev Olimpiya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətlərini də müəyyənləşdirdi.
Maddi-texniki bazanın yaxşılaşdırılmasının əsası
Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Paytaxtımızda ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub, eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Bu sırada təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya stadionunu xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Ümumilikdə son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Olimpiadalarda medal yağışı
İdmana və gənclərə göstərilən qayğı çox keçmədi ki, öz bəhrəsini verdi. Atletlərimiz çıxış etdikləri son 8 olimpiadada möhtəşəm tarixi zəfərlərə imza atdılar. Onları bir daha xatırladırıq. 1996-cı ildə ABŞ-də keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. İdmançılarımız arasında yeganə olaraq gümüş medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanmışdı.
2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla dünyada 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Komandamıza ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
21-ci minilliyin ilk Olimpiya Oyunlarında - "Afina-2004"də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000" Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.
2008-ci ildə Pekində təşkil edilən Olimpiadada Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olundu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandı. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) gətirdi. Gümüş medalı yunan-Roma güləşində Rövşən Bayramov (55 kq) qazandı. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 6 medalla (1 qızıl, 1 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci oldu. İki qızıl, iki gümüş və beş bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yeri tutdular. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər iki bürünc medalları isə boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu. Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.
Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi "Rio-2016"da ən yaxşılardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına sevindilər. Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdilər.
Pandemiya səbəbindən bir il təxirə salınan "Tokio-2020" Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) yazdırdılar.
Bu il Fransanın paytaxtı Parisdə təşkil edilən XXXIII Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qatılan Azərbaycan komandası turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medallar cüdo, gümüş medalların 1-i boks, 1-i taekvondo, bürünc mükafatlar isə güləş yarışında qazanılıb. Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medallar qazanaraq ölkəmizin idman tarixinə yüksək töhfə verdilər. Boksçumuz Loren Alfonso Dominqes (92 kq) və taekvondoçumuz Qaşım Maqomedov (58 kq) "Paris-2024"ü gümüş medalla başa vurdular. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) və Maqomedxan Maqomedov (97 kq) ölkəmizin aktivinə bürünc medalları yazdırdılar.
Avropanın ən böyük idman hadisəsi
2015-ci ilə nəzər yetirdikdə isə, diqqətçəkən ən böyük idman hadisəsi, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu yarışı layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə"nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib.
Prezident İlham Əliyev 2013-cü il 17 yanvarda "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.
Bu tipli oyunlar üçün 7-8 il zaman verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtı vardı. Olimpiadanın keçirilməsində böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yox idi. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü.
AOK-un qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdı. Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz önündə idi. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparıldı. Cəmi iki il yarımdan da az vaxtda 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır.
Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edirdi. Lakin ölkəmiz ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi təsdiqlədi ki, Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtdan da əvvəl yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atdı.
Bu uğurların qazanılmasında, sözsüz ki, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın xüsusi rolu vardı. Prezident İlham Əliyevin dediyi kimi, Təşkilat Komitəsi tərəfindən hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görüldü. Mehriban Əliyeva bu oyunların keçirilməsinə çox böyük töhfə verdi. Dövlət başçısı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyevanı "Heydər Əliyev" ordeni ilə təltif etdi.
Uğur estafeti IV İslam Həmrəyliyi Oyunlarında davam etdirildi
Uğur estafeti "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da davam etdi. 2017-ci ilin mayında paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı.
2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulan vəzifələri uğurla həyata keçirdi. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradıldı.
Təşkilat Komitəsinin 2 il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnək oldu. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi. Müsəlman ölkələrinin federasiya nümayəndələri, ən yaxşı idmançıları, şəhərimizin qonaqları Bakıda aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, xalqımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış və bağlanış mərasimlərindən heyrətə gəlmişdilər.
Beləliklə, Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları ölkəmizin qarşıdakı nüfuzlu yarışlarda da yüksək nəticələr göstərərək, əvvəlki mövqelərini daha da yaxşılaşdıracağına inam yaradır.
Bu gün Azərbaycan idmanı tarixinin çox şərəfli və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin bu sahəyə göstərilən xüsusi diqqət və qayğısının bəhrəsidir.
Elçin CƏFƏROV,
"Azərbaycan"