10 May 2024 09:10
211
SİYASƏT
A- A+

Heydər Əliyevin gənclər siyasəti layiqincə davam etdirilir

 

Xalqımız müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edir. Bu münasibətlə respublikamızın dörd bir yanında Heydər Əliyevin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir, insanlar Fəxri xiyabana axın edir, Ulu Öndərin məzarı önünə gül-çiçək dəstələri düzürlər. Bu günlərdə hər birimiz bir daha Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, Heydər Əliyev əzəmətinin təsiri altındayıq. 
Respublikamızın gənclər təşkilatları da Ulu Öndərin anadan olmasının 101-ci ildönümü böyük coşqu ilə qeyd edirlər. Heydər Əliyev Azərbaycan gənclərinin böyük dostu, himayədarı olmuşdur. Azərbaycanın son 55 illik tarixindən də məlum olduğu kimi, həm sovetlər birliyi, həm də müstəqillik illərində Heydər Əliyev gənclərin problemlərini, onları narahat edən məsələləri daim diqqətdə saxlamış, gənc nəslin cəmiyyətə inteqrasiyası, onların özlərini realizə etmələri üçün mütərəqqi gənclər siyasəti həyata keçirmişdir. 
Ulu Öndər Heydər Əliyev hələ sovet illərində minlərlə azərbaycanlı gənci yüksək təhsil almaq, müasir peşələrə daha dərindən yiyələnmək üçün keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərmişdir. Ümummilli Lider 1993-cü ildə xalqımızın istək və tələbi ilə siyasi hakimiyyətə gəldikdən sonra da xüsusi diqqət yetirdiyi məsələlərdən biri gənclərlə bağlı problemlərin aradan qaldırılması olmuşdur. Heydər Əliyev hələ 1993-cü ilin sentyabrında parlamentdə gənclərin nümayəndələrini qəbul edərək onları dinləmişdir. 1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanının yaradılması, 1996-cı il fevralın 2-də Ulu Öndərin iştirakı ilə  Azərbaycan Gənclərinin Birinci Forumunun  keçirilməsi və bu tarixin təqvimə hər il böyük coşqu ilə qeyd etdiyimiz Azərbaycan Gəncləri Günü kimi daxil olması Heydər Əliyevin dövlətçilik fəaliyyətində gənclər siyasətinin əsas yerlərdən birinin tutduğunu göstərir. Ulu Öndərin "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" sözləri isə biz gənclərin fəaliyyətinin devizidir. 
Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi gənclər siyasəti Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyevin fəaliyyətində gənclərin inkişafı, təhsili, dövlət idarəçiliyində irəli çəkilmələri ilə bağlı məsələlər hər zaman prioritet olub. O cümlədən gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onlar üçün təqaüdlərin təsis olunması da mütərəqqi gənclər siyasətindən xəbər verir. Prezident İlham Əliyevin təsdiq etdiyi müxtəlif dövlət proqramları gənclərlə bağlı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib. Xüsusilə qeyd edilməlidir ki, hər il yüzlərlə gəncimiz üçün dövlət hesabına dünyanın ən mötəbər ali təhsil müəssisələrində təhsil almaq imkanının yaradılması respublikamızda həyata keçirlən gənclər siyasətinin olduqca mütərəqqi olmasından xəbər verir. 
Gənclərin intellektual, fiziki və mənəvi inkişafı, onların respublikamızın siyasi, ictimai, iqtisadi, sosial və mədəni həyatına daha aktiv qoşulmalarını təmin etmək üçün Prezident İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı da imzalayıb. Bu strategiya çərçivəsində ötən müddətdə həyata keçirilən dövlət gənclər siyasəti sayəsində qarşıda duran vəzifələr uğurla həyata keçirilib. Regionlarda "Gənclər Evi"nin yaradılması, gənc ailələrin sosial qayğılarının dəstəklənməsi, gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsi kimi məsələlər gənc nəslin inkişafına və onların qayğılarının aradan qaldırılmasına  xidmət edən mühüm addımlardır. 
Azərbaycan gəncləri isə dövlətin onlara göstərdiyi diqqət və qayğıya öz layiqli əməlləri ilə cavab verir,  etimadı doğruldur, hər bir sahədə vətənə və xalqa xidmətin layiqli nümunələrini göstərirlər. Ən mühüm məsələlərdən biri də budur ki, mütərəqqi dövlət siyasətinin nəticəsi kimi hər bir Azərbaycan gənci həm də vətənpərvər vətəndaş kimi formalaşır. Torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsində gənclər əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Onların əksəriyyəti heç vaxt Qarabağı görməmişdi. Amma Vətən müharibəsində vətənpərvərliyin, vətən sevgisinin ən mükəmməl nümunələrini yaratdılar.  Bu savaşda gənclərimiz tariximizə səs salan qəhrəmanlıq salnamələri yaratdılar, şəhidlik mərtəbəsinə ucaldılar. "Fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və Müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar", - deyə Prezident İlham Əliyev bu barədə bildirib.
Bəli,  dövlətimiz və xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhid gənclərimizi hər zaman ehtiramla yad edir və tarixboyu yad edəcəklər.
Azərbaycan dövlətinin gənclərin inkişafı istiqamətində yaratdığı imkanlar olduqca nümunəvidir. Bütün bunlar göstərir ki, Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti layiqincə yaşadılır və dövrün çağırışlarından irəli gələrək yeni keyfiyyət mərhələsinə yüksəldilir.  Bu siyasətdən layiqincə bəhrələnən gənclik isə dövlət və xalq qarşısında mənəvi borcunu, məsuliyyətini düzgün dəyərləndirir və  öz əməlləri ilə dövlətin göstərdiyi etimadı uğurla doğruldur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və tələbə gənclər təşkilatları tərəfindən 3-10 may tarixlərində "Əbədi lider həftəsi" çərçivəsində silsilə tədbirlər keçirilməkdədir. Müxtəlif məzmunlu bu tədbirlərlə tələbə gənclərimiz Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən isə Ulu Öndərə həsr olunmuş tədbirlər bütün ilboyu davam etdiriləcək.

Nicat ƏLİYEV,
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video