10 May 2024 08:20
125
SİYASƏT
A- A+

Heydər Əliyev yolu

 

Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Mayın 10-u hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilən, xalqımızın əbədiyaşar Ümummilli Lideri zirvəsinə yüksələn fenomenal şəxsiyyət, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Heydər Əliyev Azərbaycanın çoxəsrlik tarixində xalqımızın taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlıdır. 
Elə tarixi şəxsiyyətlər var ki, onlar zaman və məkan anlayışına, milli ölçülərə sığmayaraq dünya miqyasında tanınır və qlobal səviyyədə başqaları üçün örnəyə çevrilirlər. Bu baxımdan Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə ümumdünya tarixində özünə dərin iz qoymuş dahi liderdir. Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyət göstərməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü və uzaqgörən siyasət aparması, bu sahədə böyük uğurlar əldə etməsi Heydər Əliyevin liderliyini səciyyələndirən vacib xüsusiyyətlərdir.

 

Xalqa və dövlətçiliyə xidmət

 

Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir.  Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. 
Azərbaycanın qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. 
Dahi şəxsiyyət hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda demokratik siyasi sistemə və bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədilə islahatların aparılmasına başlanıldı. Heydər Əliyev cəmiyyətin bütün sahələrini əhatə edən islahatların konseptual əsaslarını, başlıca hədəflərini müəyyən etdi və bununla bağlı məqsədyönlü siyasət apardı. Məlumdur ki, həmin dövrdə respublikamızda islahatların həyata keçirilməsinə maneçilik törədən faktorlar mövcud idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzurun işğal olunması, sosial-iqtisadi böhranla, daxili və xarici dairələrin antimilli fəaliyyəti ilə üzləşməsi kimi səbəblər Azərbaycanın inkişafı üçün ciddi problemlər yaradırdı. Heydər Əliyev bu cür mürəkkəb və gərgin şəraitdə müdrik liderə məxsus uzaqgörən siyasət yürütməklə respublikamızda ictimai-siyasi sabitliyin yaradılmasına nail oldu və geniş islahatların həyata keçirilməsinə başlanıldı. Bunun nəticəsində sosialyönümlü bazar iqtisadiyyatı münasibətləri inkişaf etdi, ölkədə mövcud olan iqtisadi, texniki-istehsal və elmi-texniki potensial təsərrüfat dövriyyəsinə cəlb olundu, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Davamlı və dinamik xarakter daşıyan islahatlar mahiyyət etibarilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.
Ümummilli Lider apardığı genişmiqyaslı islahatlarla ümumbəşəri təcrübənin və mütərəqqi dəyərlərin real həyatda öz təsdiqini tapmasına çalışmışdır. Heydər Əliyevin mövqeyinə görə, islahatların həyata keçirilməsinin vacibliyini bildirməklə onları tələm-tələsik şəkildə aparmaq yolverilməzdir. Ümumdünya tarixindən məlumdur ki, bir iqtisadi-siyasi sistemdən digərinə keçid mürəkkəb prosesdir və xeyli ziddiyyətlərlə müşahidə edilir. Problemlərin həllini nəzərdə tutan strateji fəaliyyət istiqamətləri müəyyən olunmadığı halda cəmiyyətdə sosial narazılıq yaranır ki, bu da islahatların uğursuzluğuna gətirib çıxarır. Buna görə də Heydər Əliyev islahatların radikal yolla deyil, cəmiyyətin və ictimai şüurun inkişaf qanunauyğunluqlarını nəzərə alaraq tədricən aparılmasına üstünlük vermişdir. Ümummilli Lider demokratik siyasi sistemin təşəkkül tapması, formalaşması və inkişafında vətəndaş həmrəyliyinin rolunu yüksək qiymətləndirirdi. Onun apardığı siyasətin hüquqi dövlətlə demokratik siyasi sistem arasındakı bağlılığı təmin etməsi müstəqil dövlət quruculuğu prosesinin demokratik normalar əsasında getməsini şərtləndirmişdir. Bu sahədə həyata keçirilmiş siyasətin məqsədləri sırasında hakimiyyət institutlarının normal fəaliyyətini təmin etmək və çoxpartiyalı siyasi sistem formalaşdırmaq mühüm yer tutur.

 

Dövlətçilik prinsipinin ana xətti - azərbaycançılıq ideologiyası

 

Heydər Əliyev Azərbaycan vətəndaşlarını bir amal və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideyasını milli ideologiya səviyyəsinə qaldırdı. Bu ideologiya cəmiyyətin bütövləşməsini, vətəndaş həmrəyliyini və ümumxalq birliyini təmin edən mühüm faktor oldu. Dahi Öndər azərbaycançılıq ideyasına əsaslanmaqla müxtəlif ictimai-siyasi qüvvələr, dini-etnik konfessiyalar, mədəniyyətlər arasında konstruktiv əməkdaşlığın və həmrəyliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmağa başladı. Azərbaycançılığın ictimai fikirdə aparıcı yer tutmasının və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəbi onun xalqımızın tarixi keçmişi, bu günü və gələcəyi ilə sıx şəkildə bağlı olmasından irəli gəlir. Bu baxımdan milli birlik və vətəndaş həmrəyliyi həm də zəngin mənəvi-əxlaqi dəyərlərin, mədəniyyətin qorunub saxlanmasında və inkişafında mühüm önəm daşıyır. Milli maraqlarla azərbaycançılıq arasındakı vəhdət dövlət müstəqilliyinin möhkəmlənməsində və ölkəmizin mütərəqqi inkişafında özünəməxsus yer tutur, birgəyaşayışın vacibliyini əks etdirən baxışlar formalaşdırır.
Azərbaycançılıq ideyası ölkəmizdəki dini-etnik qrupların maraqlarına cavab verən, onların qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən milli həmrəylik mənbəyidir. Heydər Əliyev milli və dini münasibətləri demokratik prinsiplər çərçivəsində, konstitusion normalar əsasında tənzimləyərək, vicdan azadlığının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Ümummilli Liderin fəaliyyətində belə bir prinsip özünə mühüm yer tutmuşdur ki, azərbaycançılıq məfkurəsi ölkəmizdəki xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında, onların mənəvi dəyərlərinin qorunmasında, Azərbaycan dövlətinin ətrafında səfərbər olmasında böyük tarixi-siyasi əhəmiyyət daşıyır. Heydər Əliyev mütərəqqi islam dəyərlərinin cəmiyyətdə özünə yer tutması ilə yanaşı, həm də digər dini-etnik qruplara məxsus olan mədəni müxtəlifliyin təmin olunması üçün tolerant mühitin yaradılmasını təmin etmişdir.
Heydər Əliyev milli münasibətlərə etnik millətçilik nöqteyi-nəzərindən yanaşmanı qəbul etməyərək, dövlət-millət anlayışına keçidin bünövrəsini qoydu. Milli münasibətlərin ölkəmizin tarixi, siyasi və mədəni reallıqlarından çıxış edilərək tənzimlənməsi ölkə vətəndaşlarının milli-etnik mənsubiyyətindən asılı olmayaraq, müstəqil dövlət quruculuğu proseslərində fəal iştirakına böyük stimul verdi. Bütün xalqların və millətlərin, dini konfessiyaların nümayəndələri dostluq və humanizm prinsipinə əsaslanaraq vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak etməyə başladılar. Onlar daxili və xarici siyasi dairələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş cinayətkar əməllərinə qarşı həmrəy və mütəşəkkil şəkildə kəskin etirazlarını bildirdilər.
Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli-mənəvi dəyərlərə sadiq olan, təşəbbüskarlığı ilə ictimai həyatda fəal rol oynayan, ölkəmizdə və dünyada baş verən prosesləri obyektiv şəkildə qiymətləndirməyi bacaran, vətənini və xalqını sevən insanlar kimi görmək istəyirdi. Buna görə də onların hərtərəfli inkişafı üçün cəmiyyətdə sosial rifah halının yüksəldilməsini, demokratik dəyərlərin özünə mühüm yer tutmasını dövlətin əsas vəzifələrindən hesab edirdi. Bu istiqamətdə siyasət aparılarkən nəzərə alınırdı ki, demokratik dövlətin siyasi və iqtisadi baxımdan inkişaf etməsi qanunçuluğun və ictimai-siyasi sabitliyin təmin olunmasına təsir göstərməklə yanaşı, həm də vətəndaş birliyinin və milli həmrəyliyin möhkəmlənməsində xüsusi yer tutur.

 

Müasir Azərbaycanın memarı

 

Fövqəldüşüncə sahibi dahi liderin siyasətinin əsas fəlsəfəsi mükəmməl olmaqla bərabər, həm də əhatəli idi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və sairə əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. 
Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkəti məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003-cü illərdə) ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, Azərbaycan, sözün əsl mənasında mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. 
Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli diplomatik mübarizə apardı, onun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etdi. 1993-cü ilin dekabr ayından 1994-cü il yanvar ayının əvvəllərinə qədər davam edən Horadiz döyüşlərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi. Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin hərbi təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə mühüm işlər görüldü. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun  Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində   Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu ki, bu da münaqişənin  aradan qaldırılması üçün ciddi siyasi-iqtisadi və mənəvi-psixoloji  zəmin yaratdı.  2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Ötən il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu qələbələr Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını azad etməklə tarix yazdı. İndi Azərbaycan bayrağı Qarabağın bütün ərazilərində - Xankəndi, Əsgəran, Xocalı, Ağdərə və Xocavənddə dalğalanır ki, buna məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, Ulu Öndər yolunun nəticəsində nail olunmuşdur. Vətən müharibəsində qələbənin nəticəsi olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış layihələrinin sürətlə həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha göstərir. Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin növbəti zəfəri isə yaxın günlərdə 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması oldu. 
Sadalanan faktlar birmənalı şəkildə deməyə əsas verir ki, Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının yerinə yetirildiyinin sübutudur. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha göstərir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.
Azərbaycanın sürətli inkişafını, xarici və daxili siyasətini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Heydər Əliyevin əsasını qoyduğu sağlam bünövrə, ikincisi, həmin sağlam bünövrə üzərində Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin qurduğu uğurlu strategiya. 
Azərbaycan xalqının seçdiyi yol tarixin sınağından çıxan Heydər Əliyev yoludur. Heydər Əliyev yolu güclü və zəngin Azərbaycana aparan yoldur. Azərbaycançılıq ideologiyasına və Ulu Öndərin müəyyən etdiyi təməl prinsiplərə söykənən bu yol tarixi sınaqdan uğurla çıxaraq xalqımıza böyük qələbələr bəxş etmişdir. 

Mübariz QURBANLI,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video