10 May 2024 10:00
166
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondu öz adını fəaliyyəti ilə doğruldur

 

Heydər Əliyev Fondu 20 ildir ki, xalqımızın milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, onların təbliğinə, gənclərlə iş birliyinə, təhsilin və səhiyyənin inkişafına böyük töhfələr verir. Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti ilə Ulu Öndərin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini, Azərbaycan mədəniyyətini və tarixini dünyada daha geniş tanıdır. 
Sağlam həyat tərzini təbliğ etməklə ölkəmizdə və xaricdə bu istiqamətdə müxtəlif tədbirlər keçirən fondun dəstəyi ilə uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgiləri təşkil olunur, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilir. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Dilçi alimlərin fikrincə, hər bir xalq öz dili ilə yaşayır, mövcudluğunu qoruyur. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq həmin xalqın ziyalılarının, alim və pedaqoqlarının fəaliyyəti nəticəsində mümkündür. Bu mənada Heydər Əliyev Fondunun Azərbaycan dilinin 50 dünya dili arasında tanınmış institutlarda tədris olunmasının dəstəkçisi olması sıradan fakt deyil.
Heydər Əliyev Fondunun dəstəyi ilə son illər UNESCO-nun iqamətgahında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tarixi şəxsiyyətlərinin, incəsənət və elm xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını alıb. Bu, ilk növbədə Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür.
Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq layihələrindən biri də Bakıda Müasir İncəsənət Muzeyinin yaradılmasıdır. Muzeydə  Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltaraşlarının 800-dən çox işçinin toplandığı muzeyə gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltaraşların işləri ilə tanış ola bilirlər. Qərbi Avropa incəsənəti salonunda isə Ümummilli Lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların "Mən Azərbaycanı sevirəm" adlı rəsm sərgisinin keçirilməsi isə mədəniyyət sahəsində xüsusi istedada malik yeniyetmələrin üzə çıxarılması işində böyük irəliləyişdir. Eləcə də Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yaradılması vacib hadisədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın ümumi sahəsi 18 min 446 kvadratmetrdir. 
Paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan kompleks Azərbaycanın tarixi keçmişini özündə əks etdirməklə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilmişdir. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. 
Bu işlər Azərbaycan xalqının mədəni irsinin qorunmasında, dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasında və təbliğ edilməsində böyük əhəmiyyət daşıyır. Həmin sırada adət-ənənələrimizlə yanaşı, muğamı xüsusilə vurğulamalıyıq. Prezident İlham Əliyev "Muğam dünyası" Beynəlxalq Festivalının açılış mərasimində demişdi ki, muğam Azərbaycanın milli sərvətidir. Mehriban xanım Əliyeva isə muğamı obrazlı şəkildə  səciyyələndirərək "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir" söyləmişdir. Məmnunluq doğuran həm də odur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilib. 
Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas fəaliyyət proqramı kimi qəbul edən fondun dəstəyi ilə ötən illər ərzində ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxil edilməklə  təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar həyata keçirilib. Onların sırasında əsas istiqamətlərdən biri də gənc nəslin maariflənməsidir. Məhz bu məqsədlə fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır. 
Neçə illərdir fondun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində  qurulmasına imkan verən yeni məktəb binalarının inşasına istiqamətlənib. Layihə çərçivəsində paytaxtda və regionlarda müasir standartlara cavab verən məktəb binaları inşa edilib, neçə-neçə təhsil ocağı   cari və ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. Ötən il  Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri əsasında Qubada inşa olunan iki yeni məktəb binası istifadəyə verilib. Pirvahid kənd tam orta məktəbin yeni binası 320, Bağbanlı qəsəbə tam orta məktəbin yeni binası isə 360 şagirdlikdir. Bundan əlavə, 2023-2024-cü tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib. Tədris ili ərzində fond tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı olub. Ümumiyyətlə, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500-dən çox məktəb inşa və təmir olunaraq istifadəyə verilib. 
Heydər Əliyev Fondunun ötən dövrdə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində də xidmətləri diqqətəlayiqdir. Fond xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə həssaslıqla yanaşaraq onun dünya arenasında təbliğində fəal iştirak edir. Fondun dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramı icra olunmuşdur. 
Fondun təşkilatçılığı və dəstəyi ilə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin, habelə böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin paytaxtın görməli yerində heykəllərinin açılışı olub.  H.Z Tağıyevin heykəlinin açılışı zamanı  Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir".
Heydər Əliyev Fondu 2020-ci ilin sentyabrında başlanan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də kənarda qalmadı. Fond həm daxili, həm beynəlxalq arenada həqiqətləri çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək olmaq üçün çox iş gördü. Bu gün isə fondun əməkdaşları erməni işğalından azad olunmuş bölgələrdə tikinti-quruculuq işlərinə səfərbər olublar. 
Qurumun əsrin fəlakətinə çevrilmiş qardaş Türkiyə Cümhuriyyətində baş verən zəlzələdə zərərçəkənlərə hər cür humanitar yardımlar etməsi,  Hollandiyada, Rusiyada, Gürcüstanda, Rumıniyada, Misirdə və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardımlar etməsi görünən reallıqlardır. 
Xalqa xidmətləri, milli dövlət quruculuğu və Azərbaycan gəncliyinin sağlam, savadlı, geniş dünyagörüşünə malik formalaşmasında misilsiz fəaliyyəti ilə  əbədiyaşarlıq qazanmış türk dünyasının böyük oğlu Heydər Əliyevin anım günü, hər il olduğu kimi, bu il də adını şərəflə daşıdığı fondun təşkilatçılığı ilə Bakıdan tutmuş respublikamızın ən ucqar kənd, qəsəbə və rayonlarında, habelə dünyanın bir çox ölkələrində böyük qürur hissilə qeyd edilir. 

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video