07 May 2024 22:12
97
A- A+

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  

 

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbirdə Baş prokurorun müavini – respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Fenomenal şəxsiyyət Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən geniş bəhs etməklə çıxışını davam etdirən hərbi prokuror bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən böyük qayıdışından sonra ölkəmizdə hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Xanlar Vəliyev Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətinin Azərbaycanın taleyində müstəsna rolu olan, Vətəninin və xalqının maraqlarını hər şeydən uca tutan Prezident İlham Əliyev kimi bütün ali bəşəri keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik rəhbər hazırlaması olduğunu xüsusi vurğulayıb. Ümummilli Liderin millətimizin və dövlətimizin parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində görülmüş nəhəng işlərdən, düşmən tapdağında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilməsindən, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmasından, lokal xarakterli antiterror tədbirlərindən, eləcə də ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, iqtisadiyyatımızın güclənməsindən bəhs edən hərbi prokuror bütün bunların Prezidentin iti zəkası, yüksək erudisiyası, mükəmməl rəhbərliyi, qətiyyəti, yorulmaz fəaliyyəti, xalqın müdrikliyi və əzmkarlığı sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində mümkün olduğunu vurğulayıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, qazanılan uğurlara, Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın rifahının yaxşılaşmasına, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə, mədəniyyətimizin bütün dünyaya tanıdılmasına hərtərəfli biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, Ulu Öndər irsindən bəhrələnmiş, sadəliyi və səmimiliyi ilə seçilən Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə böyük töhfələr verməkdədir.

Tədbirdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Cavid Osmanov, Kamilə Əliyeva, Fatma Yıldırım və digərləri çıxış edərək dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

Sonda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında müstəsna xidmətlər göstərməklə xalqımızın Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və hafizələrdə əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video