29 Iyun 2024 08:15
219
SİYASƏT
A- A+

Hərbə hazır sülh ordusu

 

Azərbaycanın Silahlı Qüvvələri modernləşməkdə davam edir

 

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz olunub və proses davam edir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın Silahlı Qüvvələri qısa müddət ərzində regionun ən qüdrətli ordusuna çevrilib, dünyanın güclü orduları sırasında yer alıb.
Təbiidir ki, ordunun gücü, qüdrəti onun şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasında, istifadəsindəki silah-sursatın müasirliyində və digər texniki vasitələrindədir. Dövlətimiz ordunu gücləndirmək, ən müasir silahlarla təmin etmək üçün dünyanın hərbi cəhətdən qabaqcıl, inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq edir. Rusiya, İsrail, Türkiyə, Belarus və digər ölkələrdən alınan silahlar təlimlərdə və döyüşlərdə özünü doğruldur. Bunlardan əlavə, müxtəlif ölkələrdən alınan pilotsuz uçuş aparatları da ordumuzun döyüş qabiliyyətini xeyli artırıb.  
2020-ci il sentyabrın 27-də ermənilərin təxribatı ilə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qazandığı qələbə həm Azərbaycan, həm də dünya hərb elmi tarixində mühüm izlər qoydu. Bu Zəfər Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlər Müdafiə Nazirliyinin yaydığı videolardan da görürdük ki, Türkiyə istehsalı olan zərbə təyinatlı PUA-lar düşmənin zirehli texnikalarını, artilleriya qurğularını və hava hücumundan müdafiə sistemlərini necə dəqiqliklə məhv edir. Bu, ordumuzun arsenalındakı ən müasir silahlardan xəbər verirdi, gücünü, qüvvəsini, hazırlığını göstərirdi.
Ordu quruculuğu, onun təchizatı bu gün də davam edir. Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, müasir silahlarla təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür. Ötən il iyul ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə yeni media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan və quruculuq işlərindən bəhs edərək demişdir: "Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var".
Ali Baş Komandanın qeyd etdiyi kimi, bu gün ordumuz üç il əvvəlkindən daha güclü, daha hazırlıqlı, daha peşəkardır. İkinci Qarabağ müharibəsindən sonra müasir silahların alınması ilə yanaşı, Silahlı Qüvvələrimizdə yeni ordu birləşməsinin yaradılmasına da başlanılıb. Qısa zaman ərzində Quru Qoşunlarının komandanlığı, ümumiyyətlə, strukturu formalaşdırılıb. Bununla eyni vaxtda Quru Qoşunlarının tərkibində daha çevik, daha hazırlıqlı, daha peşəkar Komando hərbi birləşmələri yaradılıb. Zabit və gizirlər, eləcə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları qardaş Türkiyədə Komando kursları keçiblər. Xüsusi Təyinatlı Qüvvələrin hazırlanması, müddətdən artıq həqiqi hərbi xidmətlə bağlı müqavilə bağlayanların strukturunun formalaşdırılması ordu quruculuğuna böyük təkan verib. 
Eyni zamanda ordumuzun digər strukturlarında da silah-texnika arsenalının təkmilləşdirilməsi üçün ciddi addımlar atılıb. Aparılan müvafiq quruculuq işləri, yaradılan yeni strukturlar Silahlı Qüvvələrin peşəkar hərbi birləşməyə keçidi və ixtisaslı döyüşçülərdən formalaşdırılması istiqamətində atılan addımlar ordumuzu daha da gücləndirib. 
Azərbaycan Ordusunu gücləndirmək məqsədi ilə ölkəmiz Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail, İtaliya və digər dövlətlərlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Ölkəmizin NATO bloku ilə əməkdaşlığı xüsusi olaraq qeyd edilməlidir. 
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı isə ayrıca qeyd olunmalıdır. Ölkələrimiz arasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" imzalanmış müqaviləyə əsasən, hərbi sahədə sıx əməkdaşlıq edilir. Azərbaycan Türkiyədən mütəmadi olaraq NATO standartlarına cavab verən silah və sursat alır. Təkcə bir misal: Türkiyənin "Bayraktar Makina" şirkətinin istehsalı olan "Bayraktar TB2" aparatı İkinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarlarının canlı qüvvəsinin, zirehli texnikalarının məhv edilməsində mühüm rol oynadı. Bütün bunlar bir daha ordumuzun artan gücündən xəbər verir.
Hazırkı mürəkkəb zamanda güvənə biləcəyimiz ordumuz var. Ona görə də dövlətimiz müstəqilliyimizin təminatçısı olan ordumuzun daha da gücləndirilməsi, ən müasir silahlarla təmin edilməsi istiqamətində mühüm addımlar atır. Bu addımlar isə ilk növbədə regionda sülhə, əmin-amanlığa xidmət edir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video