10 Aprel 2024 09:25
2662
Oxucu məktubları
A- A+

Hələ yaşamağa dəyər

 

Oğlum Vüqar Əkbərov 32 il əvvəl 21 yaşında Birinci Qarabağ savaşında şəhid olub. Oğul itkisi anaların ürəyində qaysaq bağlamayan yaradı. Ən böyük təsəllimiz isə odur ki, min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığımız o ciyərparamız doğma vətən torpağına göz dikən nankor qonşularımızın qarşısına kişi kimi çıxdı. Qəhrəmanlıqla döyüşdü. 1992-ci il dekabr ayının 14-də Ağdərə rayonunun Çıldıran kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub əbədiyyətə qovuşdu.
Hörmətli redaksiya, mən bir şəhid anası olaraq  olub keçən qürurverici  hadisəni elə-belə xatırlamıram. Məqsədim ölkəmizdə heç nəyin unudulmadığını, heç kimin yaddan çıxmadığını minnətdarlıqla qeyd etməkdir.
Bu günlərin söhbətidir. Həyət qapımız döyüldü. Gedib açdım və çox  təəccübləndim. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədov əllərində təzə-tər qızıl güllərlə, hədiyyələrlə qapıda dayanmışdılar. Müstəqim müəllim səmimi görüşəndən sonra  zarafatyana "Ay Səmayə xanım, çağırılmamış qonaqları evə dəvət edib, bir stəkan çay vermək fikrin yoxdurmu?"  dedi. "Xoş gəlib, səfa gətirmisiniz" söyləyib onları evə dəvət etdim, kasıbın olanından bir çay süfrəsi açdım. 
Süfrə başında Müstəqim  müəllim gəlişlərinin məqsədini  açıqladı. 85 yaşımın tamam olmağı münasibətilə məni təbrik etdi. Prezident İlham Əliyevin  tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə davamlı qayğı və diqqətin ölkəmizdə həyat tərzinə çevrildiyini vurğuladı, dolanışığımızla maraqlandı. Şükür etdim, dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.
Düşünürəm ki, belə qədirbilən bir dövlətin vətəndaşı olmaq gerçək  xoşbəxtlikdir. Hələ yaşamağa dəyər.

Səmayə ƏKBƏROVA,
Tərtər rayonunun Qaynaq kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video