12 Iyun 2024 23:58
663
Fərmanlar
A- A+

Hacıqabul Sənaye Parkının yaradılması və "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması məqsədilə qərara alıram:  
1. Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki: 
2.1. Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir; 
2.2. Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir; 
2.3. Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan və bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən ediləcək prioritet istiqamətlərə uyğun fəaliyyət göstərən sahibkarlıq subyektləri sənaye parkının rezidenti, digər sahibkarlıq subyektləri isə sənaye parkının qeyri-rezidenti kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulmuş qaydada qeydiyyata alınmaqla, Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyətlərini davam etdirirlər;
2.4. Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında" 2020-ci il 13 may tarixli 2039 nömrəli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə altı ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 
4.1. Hacıqabul Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri müəyyən etsin; 
4.2. bu Fərmanın 2.3-cü bəndinə uyğun olaraq Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlıq subyektlərinin sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi qeydiyyata alınması ilə bağlı tədbirlər görsün;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1462 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video