COP29 fantastikdir və bu, həqiqətən mənim üçün böyük bir sürpriz oldu. Böyük miqyas, əla təşkilatçılıq, hər şey təkcə texniki cəhətdən yaxşı deyil, həm də böyük zövqlə həyata keçirilib. Burada Azərbaycanın mədəni irsini görmək çox xoşdur.
Bu barədə COP29 çərçivəsində AZƏRTAC-a Gürcüstan Milli Muzeyinin rəhbəri, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, professor David Lordkipanidze bildirib.
“Düşünürəm ki, bu uğur Azərbaycan və Bakının böyük xəritədə olması üçün növbəti addımdır. Səmimi şəkildə qürur duyuram ki, mən də bunun bir hissəsiyəm. Mənim azərbaycanlılarla əməkdaşlığım genişdir və daha böyük məna kəsb edir. Bu gün mən şadam ki, Bakıda, COP29-da tarixi irslə bağlı təqdimat keçirəcəyəm”, -deyə professor vurğulayıb.
O, Qobustanın təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün tarixi irs kimi əhəmiyyətini vurğulayıb.
D.Lordkipanidze deyib: “Bu ərazi həm təbiət tarixi və müasir ətraf mühit, həm də mədəni irs baxımından bəşəriyyət üçün çox böyük əhəmiyyət kəsb edir. Qafqazda bəşəri irsə aid çox əlamətdar bir neçə abidə var və Qobustan elm aləmində onlardan ən mühümlərindən biri hesab olunur. Qobustan bəşər tarixi üçün çox mühüm epizoddur, həm sənətin, həm də simvolizmin gözəl birləşməsidir. Deməli, bu, dediyimiz kimi, tarixin təkrar nəql olunmasıdır. Biz indi qobustanlıların dilindən eşitdiyimiz tarixi öyrənirik”.
Professor iki ölkənin mədəni irsinin qorunması və öyrənilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyinə də münasibət bildirib.
“Biz azərbaycanlı həmkarlarla çox sıx əməkdaşlıq edirik, mən şəxsən çox uzun müddətdir ki, akademik qurumlarla işləyirəm. Bizim Heydər Əliyev Fondu ilə də çox sıx əlaqələrimiz var və bu əməkdaşlığı davam etdiririk. Buraya müxtəlif sərgilər, elmi layihələr daxildir və gələcək üçün də planlarımız var. Ümid edirik ki, bu sıx əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik”, - deyə gürcü professor qeyd edib.