05 May 2024 09:00
409
İQTİSADİYYAT
A- A+

Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır

 

Azərbaycanda  ən iri neft, qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətinin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə proqramlarının bir istiqaməti də təhsilə dəstəkdir. Şirkətin Sumqayıt Dövlət Universitetində bu günlərdə başladığı  layihə  ali təhsillə sənaye arasında yeni tərəfdaşlıq imkanı yaratmağa xidmət edir. 
Kimya mühəndisliyi üzrə yeni magistr proqramı iri bir təhsil layihəsidir. Bu, ölkəmizin yüksəkixtisaslı kimya mühəndislərinə tələbatının təmin edilməsinə bir töhfə   olacaq. Layihə əsasən Sumqayıt şəhərinin əmək bazarının, sənaye potensialının və xidmət sahələrinin ehtiyaclarını nəzərə alaraq düşünülüb. Sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramına kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr daxildir. Proqramın təlim materialları xüsusi olaraq Sumqayıt şəhərinin sənaye və texnoloji müəssisə və şirkətlərinin ehtiyacları üçün hazırlanıb.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bununla bağlı deyib: "Hesab edirik ki, bu layihə mütəxəssis hazırlığının biznes və sənaye ehtiyaclarına uyğunlaşdırılması istiqamətində növbəti uğurlu təşəbbüsdür. Kimya mühəndisliyi ixtisasına ölkənin digər şəhərlərindən daha çox məhz Sumqayıtda ehtiyac duyulur. Azərbaycanın iri sənaye mərkəzlərindən biri kimi çoxsaylı müasir sənaye və texnoloji müəssisələrin yerləşdiyi Sumqayıtda yüksəkixtisaslı kimya mühəndislərinə böyük tələbat var. Digər tərəfdən, layihə bütövlükdə ölkə iqtisadiyyatı üçün kimya sənayesinin əhəmiyyətinin artdığı bir vaxtda həyata keçirilir. Ölkənin kimya potensialının mühüm hissəsi isə məhz Sumqayıtda yerləşir. Bu baxımdan ümid edirik ki, proqramın məzunları müasir texnoloji biliklərə, çevik qabiliyyətlərə, innovativ bacarıqlara yiyələnəcək, ən əsası isə doğma şəhərlərinin və ölkənin sənaye tendensiyalarının və iqtisadi inkişaf planlarının həyata keçməsi səylərinə böyük həvəs və enerji ilə qoşulacaqlar". 
Nəzərdə tutulur ki, yeni magistr proqramına əvvəlcə iki ixtisas sahəsi - əsas üzvi sintezin kimyası və texnologiyası və polimerlərin kimyəvi texnologiyası üzrə 15 tələbə qəbul olunacaq. Gələcəkdə isə proqram genişləndirilərək əlavə dörd sahəni əhatə edəcək. Növbəti beş il ərzində qəbul sayı ümumilikdə 95 nəfərə çatdırılacaq. 
Layihə çərçivəsində bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, yeni tədris proqramı və ümumilikdə yeni tədris məzmunu əsasında bilik və fənn bacarıqlarını təkmilləşdirmək məqsədilə universitetin 15-dək müəlliminə təlim keçiləcək. Sonra bir qrup müəllim yeni məzmun əsasında təcrübə keçmək və öz fənləri üzrə ən son yenilikləri öyrənmək üçün xarici universitetlərə ezam olunacaq. Proqramın müəllim heyəti ilə təcrübə, bilik və bacarıqlarını bölüşmək üçün aparıcı beynəlxalq təlimçilər və ekspertlər gələcək. Tədris metodlarını və pedaqoji yanaşmaları genişləndirmək məqsədilə digər yerli universitetlərdən beş təcrübəli müəllim dəvət ediləcək. Proqramda iştirak edən tələbələr təhsil müddətinin əhəmiyyətli bir hissəsi ərzində sənaye müəssisələri tərəfindən həyata keçirilən layihələrə cəlb olunacaqlar. Bu, onlara öz elmi işlərini sənayedən əldə etdikləri praktik biliklər əsasında yazmağa kömək edəcək.
Eləcə də kimya mühəndisliyi və kimya laboratoriyaları və sinif otaqları müasir texnologiya və avadanlıqlarla yenilənəcək. Bunun sayəsində universitet sənaye müəssisələrinə yeni xidmət imkanları təklif etməklə onlarla sıx əlaqələr qura biləcək. Müddəti 13 ay olan bu layihənin dəyəri 339 min manatdan (199 400 dollardan) çoxdur. Qeyd edək ki, fəaliyyətə başladığı vaxtdan indiyədək BP-nin özü və əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları  adından ölkəmizdəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon dollardan çox vəsait xərcləyib.

Flora SADIQLI,  
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video