İdmançılarımız Paris Olimpiadasını 7 medalla başa vurdular
Parisdə Olimpiya həyəcanı başa çatdı. Dünyanın 204 ölkəsindən 10 mindən çox idmançının qatıldığı turnirdə qalib olmaq hər bir atletin arzusu idi. Planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq son 4 ildə gərgin və ciddi formada hazırlığın nəticəsidir.
Əlbəttə, Olimpiadaya gedən hər bir idmançı yalnız qələbə barədə düşünür. Dördilliyin zirvə yarışına 48 idmançı ilə qatılan Azərbaycan komandası turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medallar cüdoda, gümüş medalların 1-i boks, 1-i taekvondo, bürünc mükafatlar isə güləş yarışında qazanılıb.
Olimpiadada yarışan və qalib gələn idmançılar alqışla qarşılanır, onlar qarşıdakı turnirlərə daha məsuliyyətlə yanaşırlar. Amma ümidləri doğrulda bilməyən idmançılar da qınaq obyekti olmamalıdırlar. Sözsüz ki, uğursuzluq sonunda ayrı-ayrı idman növləri üzrə mütəxəssislər hər şeyi araşdıracaq, buraxılmış səhvləri nəzərdə saxlayacaq və lazımi nəticələr çıxaracaqlar.
Bir məsələni xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi. Heç kim deyə bilməz ki, əsas favorit idmançı Olimpiadada mütləq medal qazanacaq. Çünki dünyanın ən nüfuzlu yarışında qarşındakı rəqib də güclü idmançıdır, o da qələbə uğrunda mübarizə aparır. İdmanda təcrübə və hazırlıqla yanaşı, şans da, idmançının konkret məqamda əhvali-ruhiyyəsi də önəmli rol oynayır.
Medal sıralamasında isə vəziyyət heç də pis deyil. Belə ki, Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə 30-cu olduq!
Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medallar qazanaraq ölkəmizin idman tarixinə yüksək töhfə verdilər.
Qızıl medalçılarımızın döyüş yoluna bir daha nəzər salsaq görərik ki, Olimpiadada heç bir qalibiyyət asan əldə edilmir. Parisdə ilk olaraq Hidayət Heydərov medal həsrətinə son qoydu. Dünya çempionumuz kolleksiyasına daha bir medal əlavə etdi. Özü də finalda fransalı həmkarını məğlub etməklə...
73 kiloqram çəkidə mübarizə aparan dünya reytinqinin birincisi Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başladı. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina etdi. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verdi. O, rəqibini məğlub edərək, mərhələni adladı.
H.Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda kosovalı Akil Qyakovla üz-üzə gəlib. Bu mərhələdə də rəqibini üstələyən cüdoçumuz adını finala yazdırıb. Həlledici mərhələdə isə rəqib fransalı Joan-Benjamin Qaban idi. Çətin keçən qarşılaşmada rəqibinə ippon fəndi ilə qalib gələn Hidayət Olimpiya çempionu oldu. Bununla da Hidayət Heydərov bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atdı.
Növbəti qürur dolu anları Azərbaycana cüdoçumuz Zelim Kotsoyev yaşadıb. Belə ki, təmsilçimiz Fransanın paytaxtı Parisdə növbəti qızıl medalı qazanaraq, Dövlət himnimizi səsləndirib, bayrağımızı hamıdan yüksəkdə dalğalandırıb.
Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılan və 100 kiloqram çəki dərəcəsində yarışan Zelim Kotsoyev 1/8 finalda Polşa idmançısı Pyotr Kuçera ilə qarşılaşıb. Təmsilçimiz ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi israilli Peter Paltçik olub. Dünya çempionumuz bu görüşü də qalib başa vuraraq adını yarımfinala yazdırıb.
Cüdoçumuz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız finala çıxıb. Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşdən qalib ayrılaraq Olimpiya çempionu adına sahib olub.
Boksçumuz Loren Alfonso Dominqes (92 kq) və taekvondoçumuz Qaşım Maqomedov (58 kq) "Paris-2024"ü gümüş medalla başa vurdular. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) və Maqomedxan Maqomedov (97 kq) ölkəmizin aktivinə bürünc medalları yazdırdılar.
Ümid edirik ki, Parisdə idmançılarımızın qazandıqları 7 medal qarşıdakı turnirlərdə daha da artacaq. Həmişə olduğu kimi, atletlərimiz daha yüksək nəticələr qazanaraq xalqımızı sevindirəcəklər.
Elçin CƏFƏROV,
"Azərbaycan"