"Bütün futbolçularımıza inanıram. Çünki, onların nəyə qadir olduğunu yaxşı bilirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis yığmaya potensial gördüyü oyunçuları cəlb etdiyini söyləyib: "Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Seçimi yalnız özüm edirəm. Buradakı heç bir futbolçu mənim dostum deyil. Seçimlərimə də heç kim müdaxilə etmir. Kapitan Emin Mahmudovu da komandaya cəlb etməkdə düzgün qərar verdiyimi düşünürəm. Kapitan meydanda qərar verməyi bacarmalıdır. Emində də bu keyfiyyəti görürəm. Çünki o, peşəkardır. Seçim edərkən futbolçunun şəxsi keyfiyyətlərini nəzərə almıram. O, yaxşı oyunçudur. Mənə məlumat verilib ki, Eminin heç bir zədəsi yoxdur. Ona görə də bu iki matçda meydana çıxa bilər".
Portuqaliyalı çalışdırıcı milli komandanın inkişafı üçün köklü dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün çalışırıq. Komandama güvənirəm. Futbolçular da fərqindədirlər ki, nələrisə dəyişmək lazımdır. Ümumiyyətlə mentaliteti dəyişməliyik. Çətin olsa da, bunun üçün cəhd göstərməli, yeni qərarlar verməliyik. Mən məhz bunu reallaşdırmaq üçün buradayam. Elə futbolçular var ki, ancaq özləri haqqında düşünür, yalnız fərdi uğurlara köklənirlər. Amma bu, belə olmamalıdır. Komandanın uğurları üçün oynamaq lazımdır".
O, Slovakiya və Estoniya ilə keçiriləcək qarşılaşmalarda uğurlu nəticə əldə edəcəklərinə inandığını bildirib: "Rəqiblərimizin heç biri zəif deyil. Buna baxmayaraq, futbolçularımızın həvəsli olduğunu görürəm. İnanıram ki, hər iki matçda istəyimizə çatacağıq".
F.Santuş yeni layihə üçün AFFA ilə danışıqlar apardığını deyib: "Elə bir komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun".
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 11-də Tallində Estoniya, ayın 14-də isə Bakıda Slovakiya ilə üz-üzə gələcək.