11 İyun 2025 08:00
2393
SİYASƏT
A- A+
Etibara və qətiyyətə əsaslanan müttəfiqlik

Etibara və qətiyyətə əsaslanan müttəfiqlik


Azərbaycan, Türkiyə və Pakistan arasındakı siyasi təmasların üçtərəfli əməkdaşlıq formatında intensivləşməsi ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin regional hərbi-siyasi blok müstəvisinə transformasiyasından xəbər verir. Belə bir ittifaqın Avropa və Asiya qitələrinin birləşdiyi qovşaqda formalaşması yeni gücün meydana çıxması deməkdir ki, onun bu böyük və mürəkkəb coğrafiyanın təhlükəsizlik arxitekturasında nəzərə alınmaması mümkün deyil. 

Bakı-Ankara-İslamabad birliyi sözdə və kağızda mövcud olan güc mərkəzi deyil - formalaşan üçbucağın hər üç üzvü zamanla sınaqdan çıxmış hərbi-siyasi potensiala malik geosiyasi vahiddirlər. Türkiyə özünün hərbi-sənaye kompleksi, Avropada ən böyük ordusu və geosiyasi nüfuzu ilə qlobal oyunçu rolunda çıxış edir. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra orta güc statusuna yiyələnib, siyasi və iqtisadi təsir arealını yerləşdiyimiz bölgənin hüdudlarından çox-çox kənara çıxarmağa müvəffəq olan və yeni dünya nizamında möhkəmlənən, öz payına iddia edən dövlətdir. Pakistan isə Hindistanla son gərginlik fonunda qalib çıxmaqla ciddi imicli, nüvə silahına və döyüşkən hərbi gücə malik olduğunu sübut edən geosiyasi aktordur. Belə bir reallıq sözügedən geosiyasi üçbucağın mövcudluğunu nəzəri-konseptual mərhələdən praktiki fazaya daşıyır - Ankara-Bakı-İslamabad oxu Yaxın Şərq, Cənubi Qafqaz və Cənubi Asiya regionlarının gündəm müəyyən edən qüvvəsinə çevrilir. 


Qloballaşan əməkdaşlıq

 

Siyasi və iqtisadi amillərin qarşılıqlı şəkildə bir-birlərini tamamladığını nəzərə alsaq, bu müttəfiqliyin arxasında ən müxtəlif sferalarda qurulacaq və yaxud artıq fəaliyyətdə olan işbirliyini təsəvvür edə bilərik. Azərbaycanla Türkiyə bu formatda uğurlu birlik, həmrəylik nümunəsini artıq 30 ilə yaxındır ki, uğurla sınaqdan çıxarır. İqtisadiyyatlarımız qarşılıqlı sərmayə yatırımı ilə kifayət qədər sıx şəkildə çulğalaşıblar. İqtisadi təmaslar təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır: Azərbaycanla Türkiyə zəngin karbohidrogen ehtiyatları və kəmərlər infrastrukturu ilə Avropa qitəsinin müasir enerji təhlükəsizliyi arxitekturasında aparıcı amilə çevrilib. Bu gün Azərbaycan Avropanın 10 üzvünü mavi yanacaqla təmin edir və onların 8-i Avropa İttifaqının təmsilçiləridirlər ki, Rusiya ilə Ukrayna arasında sürən və sonu görünməyən müharibə kontekstində bunun qlobal əhəmiyyəti var. 

Pakistan yerləşdiyi bölgənin mühüm kənd təsərrüfatı ölkəsidir. Pakistanın iqtisadiyyatı həm ərazisinin böyüklüyü, həm də əhalisinin çoxluğu, habelə elmi-intellektual, hərbi potensialı ilə ciddi perspektivə malikdir. Pakistanın coğrafi yerləşməsi onun iqtisadi perspektivlərini daha da əlverişli edir. Söhbət ondan gedir ki, Pakistan dünyanın ikinci iqtisadiyyatı olan və Qlobal Cənub müstəvisinin liderinə çevrilən Çinlə nəinki qonşudur, eyni zamanda olduqca yaxın siyasi müttəfiqdir. Hindistanla mövcud olan gərginlikdə bu amilin çəkisi heç də az deyil. Dehli Pekinin qlobal rolundan ciddi narahat olan tərəflərdən biridir və Çin-Pakistan müttəfiqliyini özü üçün təhlükə hesab edir. Pekinlə müttəfiqliyin hərbi və hərbi-sənaye kompleksləri baxımından önəmi son gərginlik zamanı xüsusilə artıb. Belə ki, hərbi arsenalı Çinlə əməkdaşlığın nəticəsi olan Pakistanın Qərb və Rusiya silahına üstünlük verən Hindistanı üstələməsi dünyanın aparıcı ekspertləri tərəfindən xüsusi qeyd edilir. Hətta ABŞ-də belə həyəcan təbili çalınır ki, Çin Qərbi silah istehsalı sahəsində də qabaqlayır. Bu amil güclü hərbiyyəsi olan Türkiyə, qalib ordusu ilə Azərbaycan və hərbi gücünü təsdiqləmiş Pakistan arasındakı strateji əməkdaşlıq formatını daha da cəlbedici və mövcudluğunun nəzərə alınmasını qaçılmaz olan reallığa çevirir. 


Strateji işbirliyinin iqtisadi bazisi


Pakistanın Türkiyə və Azərbaycan kimi şaxələnmiş iqtisadiyyatları olan ölkələrlə işbirliyi daha bir formatda səmərəli nəticə verə bilər. Söhbət İslamabadın xüsusilə son illərdə daha intensiv xarakter və praktiki görüntü almış türk dünyası çərçivəsindəki iqtisadi proseslərə qoşulmaq perspektivindən gedir. Ukraynada davam edən müharibə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsilə regional nəqliyyat infrastrukturuna yeni nəfəs verməsi bölgəmizdən keçən Orta dəhliz layihəsini Çinlə sıx ticarət edən Avropa bazarları üçün alternativsiz marşruta çevirib. Bu gerçəklik türk dövlətləri arasındakı iki və çoxtərəfli iqitisadi əməkdaşlığı daha da intensivləşdirir. Özü də söhbət yalnız ticarət və logistikadan getmir. Misal üçün, dünya iqtisadiyyatının yeni trendi olan "yaşıl enerji" kimi məxsusi sahə belə bu əməkdaşlıq formatından impuls alır.

Çin bazarlarını Avropa qitəsilə birləşdirən qlobal nəqliyyat marşrutunun əsas hissəsi türk dövlətlərinin payına düşür. Bu qlobal iqtisadi layihənin ən azı siyasi dividendləri türk coğrafiyasının gələcək inkişafı baxımından əlahiddə rola malikdir. Layihənin gətirəcəyi gəlirlər mövcud olan mübahisə və anlaşılmazlıqların belə tez bir zamanda çözülməsinə imkan yaradır. Məsələn, onilliklər boyu mövcud olan, hətta zaman-zaman hərbi çaxnaşmalara yol açan Tacikistan-Qırğızıstan sərhəd probleminin sürətlə, bir anda çözümündə buradan keçəcək logistik marşrutların mühüm əhəmiyyəti var. Bu yoldan əldə ediləcək gəlirlər illərdir konservasiya olunan və tərəflərdən heç birinə xeyir gətirməyən sərhəd mübahisələrindən qat-qat aktual və vacibdir. 

Pakistanın Orta Asiya ilə qonşuluğu, Çinlə sıx iqtisadi kooperasiyası və Azərbaycan-Türkiyə birliyinə yaxınlığı onun iqtisadi gücünə güc qatacaq perspektivə çevrilir. İslamabad eyni zamanda Azərbaycan və Türkiyə vasitəsilə Avropa iqtisadiyyatına çıxış əldə edir. Üstəlik, Bakı ilə əməkdaşlıq enerji sahəsindəki işbirliyini də aktual edir. 


Qalib gələcək: yeni dünya nizamında strateji tərəfdaşlıq


Mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilmiş Zirvə toplantısı dövlətlərimiz arasındakı çoxşaxəli əməkdaşlıq tellərinin perspektivini bir daha nümayiş etdirdi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərif növbəti dəfə dünyaya müttəfiqliklərinin mesajlarını verdilər. Laçından cəmi bir neçə kilometrlikdə yerləşən Şuşada Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair Bəyannamənin imzalandığını nəzərə alsaq, Şərqi Zəngəzurun bu füsunkar şəhərinin də Pakistanın qardaş dövlətlər arasındakı təhlükəsizlik paktına dəstək ifadə etdiyi yer kimi tarixə düşdüyünü qeyd edə bilərik. 

Hər bir dövlətin strateji vizyonunu, nüfuzunu müəyyən edən onun rəhbəridir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında olan strateji işbirliyini bir daha təsdiqləmələri, həmçinin bu formatda görüləcək işlərin "yol xəritəsi"ni müəyyən etmələri Bakı-Ankara-İslamabad geosiyasi oxu formatındakı çoxistiqamətli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Azərbaycan üçün bu əməkdaşlığın beynəlxalq platformalarda qarşılıqlı dəstək, hərbi komplekslərin işbirliyi, iqtisadiyyatların kooperasiyası baxımından olduqca böyük önəmi var. Yalnız bir faktı qeyd etmək ümumi mənzərənin təsəvvür edilməsi üçün kifayətdir: Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollarlıq sərmayə yatırıb. Hazırda Pakistan iqtisadiyyatına 2 milyard dollar dəyərində investisiya qoymaq aktiv gündəmdədir. Bu iqtisadi perspektivin siyasət və təhlükəsizlik amillərinə güc əlavə etməsi olduqca vacibdir. Prezident İlham Əliyev əmindir ki, aramızda olan bu münasibətlər bir çox məqamda vahid mövqedən çıxış etməyimiz üçün güclü əsasdır: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir... 

Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik".

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə əmindir ki, Bakı, Ankara və İslamabad arasındakı strateji münasibətlər ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaq: "Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük...

Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik". 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə hesab edir ki, hazırkı mürəkkəb beynəlxalq reallıqda İslamabadın Bakı və Ankara kimi müttəfiqlərinin olması onun geosiyasi mövcudluğunun təhlükəsizlik aspekti baxımından olduqca vacibdir: "Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq.

Zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir".

Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin əzmi əyani şəkildə göstərir ki, ölkələrimiz arasındakı üçtərəfli əməkdaşlıq formatının perspektivli gələcəyi var. Liderlərimizin qətiyyətini, habelə siyasi, hərbi və iqtisadi amilləri nəzərə almaqla qeyd edə bilərik ki, bu platforma özünün çoxşaxəli potensialı ilə böyük coğrafiyanıın əsas güc mərkəzi və təhlükələri birgə şəkildə önləyə bilən qüvvəyə çevrilə bilər. Bunu Hindistanla hərbi gərginlik fonunda Azərbaycan və Türkiyənin Pakistana verdikləri qətiyyətli dəstək bir daha sübut etdi. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

12:37
09 İyul

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək  

12:26
09 İyul

Media: Tramp Qəzzada döyüşlərin dayandırılacağını vəd edib  

12:16
09 İyul

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək  

12:04
09 İyul

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb  

12:02
09 İyul

Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir YENİLƏNİB

12:02
09 İyul

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

11:57
09 İyul

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

11:51
09 İyul

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

11:41
09 İyul

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

11:36
09 İyul

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

11:29
09 İyul

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

11:23
09 İyul

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub  

11:01
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür  

10:58
09 İyul

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

10:41
09 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

10:40
09 İyul

Ötən gün axtarışda olan 90 nəfər saxlanılıb  

09:59
09 İyul

“Azeri Light” markalı neftin qiyməti 75 dolları ötüb  

09:59
09 İyul

Almaniyanın xarici ticarət dövriyyəsində azalma qeydə alınıb  

09:58
09 İyul

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsində 20 nəfər xəsarət alıb  

09:22
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!