04 Iyun 2024 08:00
872
İQTİSADİYYAT
A- A+

Ənənə davam edir

 

İlham Əliyevin sayəsində Bakı Enerji Həftəsi mühüm beynəlxalq tədbirə çevrilib

 

Bu gün Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi öz işinə başlayır. Üç gün davam edərək iyunun 6-da tamamlanacaq Bakı Enerji Həftəsi üç mötəbər tədbiri birləşdirəcək. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. 
"Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, forum isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib. Keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji Həftəsi dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Prezident İlham Əliyevin hər il "həftə"nin açılış mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
Bakı Enerji Həftəsinin özəyini, bünövrəsini təşkil edən neft-qaz sərgisi ilk dəfə 30 il əvvəl keçirilib. O vaxt Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına bir neçə ay qalırdı. Danışıqlar hələ davam edirdi. Bu şəraitdə Ümummilli Lider Heydər Əliyev elə bir tədbirin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı oldu ki, o, sonralar "Əsrin müqaviləsi" adını almış həmin qlobal sazişin imzalanmasına dəstək verdi, yol açdı.
Prezident İlham Əliyev o dövrü xatırlayaraq demişdir: "O vaxt Azərbaycanı demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi, siyasi və hərbi böhran hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal etmişdi, 1993-cü ildə vətəndaş müharibəsi başlamışdı. Yəni bütün bu amilləri nəzərə alsaq, bir daha görürük ki, sərginin nə qədər böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi. Azərbaycan bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Azərbaycan inkişaf yolu ilə getmək, müasir dövlətə çevrilmək istəyir. Buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə ölkəmizə xarici sərmayə qoyulmalı idi. Xarici sərmayə üçün ən cəlbedici sahə təbii ki, neft sahəsi idi".
Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi ötən illər ərzində ölkəmizlə, neft sənayemizlə birgə inkişaf edərək genişlənib, şaxələnib, yeni sahə və mövzularla əhatə olunub. Budəfəki Bakı Enerji Həftəsi isə həm də bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olacaq. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. (Lakin əvvəlki illərdə araya koronavirus pandemiyası düşdüyündən növbəti sərgi sayca 29-cudur və yubileyini gələn il qeyd edəcək). Daha bir önəmli fakt odur ki, budəfəki sərgilər və forum Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nin yaşandığı dövrdə keçirilir. Nəhayət, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. Təbii ki, bu əlamətdar hadisələrin hər biri Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq.
Bu dəfə Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Burada Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirakçıdır. Bunların arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər tədbirə ilk dəfə qatılır. Daha bir neçə maraqlı fakt ondan ibarətdir ki, builki sərginin iştirakçılarının ümumi sayının 15 faizini yeni şirkətlər təşkil edir. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Bir sözlə, Bakı Enerji Həftəsi enerji sektorunun aktual məsələlərinin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi möhkəm platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqli və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək göstərir. Builki sərgidə də Xəzər regionunun əsas neft-qaz layihələri və regionun enerji təhlükəsizliyi məsələri müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim ediləcək.
"Caspian Power" sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və "yaşıl enerji" mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş və külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək.
Bunu sərgi çərçivəsində təşkil olunacaq bir sıra sessiyalar və panel müzakirələri də göstərəcək. Belə ki, tədbirin keçirildiyi günlərdə "Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması", Yeni texnologiyalar və rəqəmsallaşma", "İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı", "Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi", "Enerji sənayesində süni intellekt pionerləri", "Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları" və digər mövzular müzakirə ediləcək.
Bakı Enerji Forumunda da Azərbaycan və Xəzər regionu üçün vacib enerji məsələləri gündəmdə olacaq. 600-dən çox nümayəndənin qatılacağı bu tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə ediləcək.
COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət edilib. 
Ümumiyyətlə, ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də "yaşıl enerji" kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur.
30 il əvvəl keçirilən ilk sərgidə Ulu Öndər özünəməxsus qətiyyət və nikbinliklə nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirmişdi: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər".
Bu gün Azərbaycan həqiqətən bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb. Bunun bir təsdiqi də 30 ildir məkanını və məramını dəyişməyən Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi və bu tədbirin genişlənmiş variantı olan Bakı Enerji Həftəsidir. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video