28 Aprel 2024 08:50
355
İQTİSADİYYAT
A- A+

Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi

 

Azərbaycanın dinamik inkişafını təmin edən başlıca amillərdən biri iqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsidir. Bir sıra ölkələrin, o cümlədən Azərbayacanın təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi siyasət dayanıqlı iqtisadi artıma, əhalinin məşgulluq səviyyəsinə və iqtisadi fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə güclü təsir edir.
Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyətinə dair Baş nazirin hesabatında vurğulanmışdır ki, neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarətlə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri-neft-qaz sektoru neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətləndirilməsinə töhfə verəcəyi proqnozlaşdırılır. Bu tezisdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda şaxələndirmə siyasətinin özünəməxsus xüsusiyyəti dayanıqlı qeyri-neft sektorunun inkişafına üstünlük verilməsindən, tarazlı regional inkişafın təmin edilməsindən, xammal və yarımfabrikatları dəyər zənciri əsasında istehlaka hazır olana qədər emal etdirməkdən ibarətdir. Nəticədə 2023-cü ildə makroiqtisadi sabitlik təmin olunmuş, ölkə üzrə iqtisadi artım 4,6, qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul üzrə artım 3,8, qeyri-neft-qaz sənayesində 8 faiz təşkil etmişdir. 
Bu artımın əsas səbəbi Azərbaycanda emal sənayesinin zəngin xammal bazasının olmasıdır. Bu baza təbii filiz sərvətlərindən, kənd təsərrüfatı məhsullarından və emal sənayesinin bir neçə sahəsində hazırlanan yarımfabrikatlardan ibarətdir. Bu yerdə Prezident İlham Əliyevdən sitat gətirmək istərdik: "Mən tələb edirəm ki, ciddi təkliflər verilsin: nəyi etməliyik, hansı sahələri inkişaf etdirməliyik. Mən hesab edirəm ki, biz istənilən sahəni inkişaf etdirə bilərik. Amma ilk növbədə Azərbaycanda bazası, təcrübəsi olan, yerli xammalı olan müəssisələri yaratmalıyıq". Dövlət başçısının bu tövsiyəsinə uyğun olaraq hökumət sənayenin qeyri-neft emal sektorunun lokomotivinə çevrilməsi istiqamətində tədbirlər həyata keçirir. Nəticədə ölkənin iqtisadi-sosial inkişafında emal sənayesinin rolu xeyli yüksəlmişdir. Məsələn, 2022-ci ildə 2003-cü illə müqayisədə emal sənayesində məhsul istehsalı 3,3 dəfədən çox artmışdır. Yeni müəssisələr ən çox xalq istehlakı malları, yeyinti məhsulları istehsal edən sahələrdə yaradılmışdır. Bununla belə emal sənayesində Prezidentin müəyyənləşdirdiyi hədəflərə çatdığımızı elan etmək hələ tezdir. Xüsusən Azərbaycanda qeyri-neft emal sənayesinin davamlı və sürətli inkişafı istiqamətində təsirli tədbirlər həyata keçirilsə də, onun hazırkı inkişaf miqyası real potensialımızdan aşağıdır. Bunun nəticəsidir ki, 2022-ci ildə ölkədə yaranan əlavə dəyərin ancaq 3,5, sənaye sektorunda yaranan əlavə dəyərin isə 6,4 faizi qeyri-neft emal sənayesində formalaşmışdır.
2012-ci ildə dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın hədəflərindən biri 2020-ci ilə qədər Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxarmaq olmuşdur. 2017-ci ildə Prezident demişdir: "Dünyanın ən inkişaf etmiş ölkələrinin meyarlarının Azərbaycanda tətbiqi mütləqdir". Həmin meyarlardan biri isə emal sənaye məhsullarının ümumi sənayedə payının 45-50 faiz olmasıdır. Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda bu göstərici 21, qeyri-neft emal sənayesində isə 16 faiz təşkil etmişdir. 2022-ci ildə emal sənaye məhsullarının cuzi bir hissəsi (0,59 faizi) innovasiya təyinatlı olmuşdur. 
Məlum olduğu kimi, dövlət başçısının 2022-ci il 2 fevral tarixli fərmanı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmişdir. Orada nəzərdə tutulan hədəflərdən biri 2020-ci ilə nisbətən 2030-cu ildə ölkə üzrə ÜDM istehsalının 2 dəfə artırılmasıdır. Bu hədəfin uğurlu icrası üçün 2020-2030-cu illərdə ÜDM-in hər il orta hesabla 7,2 faiz artırılması tələb edilir. Ancaq hələlik (2020-2023-cü illərdə) bu artım tempi hər il orta hesabla 4 faiz civarında olmuşdur. Cari il üçün isə hökumət tərəfindən təsdiq edilmiş proqnozlarda ÜDM-in artım tempi 2,4 faiz nəzərdə tutulmuşdur. Halbuki sözügedən sənəddə nəzərdə tutulan hədəfə çatmaq üçün bu artım 7,2 faiz olmalı idi. 
İqtisadi siyasətin tərkib hissəsi kimi qeyri-neft emal sənayesi sahələrinin, o cümlədən aqrar sektorun aqroemal prinsipi əsasında miqyaslı və səmərəli inkişafının təmin olunması tələb edilir. Ancaq ölkədə bu gün kənd təsərrüfatı, yüngül sənaye və istehlak bazarı arasında istehsal-ticarət əlaqələri istənilən səviyyədə deyil. Nəticədə yüngül, maşınqayırma və yeyinti sənaye sahələri ölkə iqtisadiyyatında öz mövqelərini qoruyub saxlaya bilməmişdir. Yüngül sənaye müəssisələrinin çoxu profilini dəyişmiş və ya fəaliyyətini dayandırmışdır. 2022-cı ildə yüngül sənaye sahəsinin ümumi sənaye məhsulunda xüsusi çəkisinin 0,6 faiz olması məhz bu səbəbdəndir. Elə 10 milyon nəfərdən çox əhalisi olan Azərbaycanda 1,4 milyon cüt ayaqqabının istehsal edilməsi, əvəzində ölkəyə (2022-ci il) 91,5 milyon dollarlıq 33 milyon cüt ayaqqabının idxal olunması da bu üzdəndir.
Emal sənayesinin digər iqtisadi fəaliyyət növləri ilə müqayisədə bir çox üstünlüyü mövcuddur. Onlardan biri bu sahədə qadınların işləməsi üçün önəmli olmasıdır. Rəsmi statistikaya görə, 2000-ci ildə emal sənayesində muzdla işləyənlərin 40 faizi (50,2 min nəfər) qadınlar olmuşdur. 2022-ci ildə isə bu göstərici 34,2 min nəfər olmaqla 26,4 faiz təşkil etmişdir. Göründüyü kimi, rəqəmlərdə azalma meyli var. Halbuki 2022-ci ildə ölkə üzrə 164 min işsiz qadın olmuşdur. Üstəlik, əlimizdə olan son (2023-cü il) rəqəmlərə görə, emal sənayesində məşğul qadınların orta aylıq nominal əməkhaqqı kişilərlə müqayisədə 1,6 dəfə azdır. Bundan əlavə, sənayedə yaranan əlavə dəyərin 88,1 faizini təmin edən xam neft və təbii qaz hasilatı daxil olmaqla mədənçıxarma sənayesində məşğul əhalinin 10,4 faizi çalışdığı halda, emal sənayesində həmin göstərici 73,3 faizdir. Bu rəqəm özü əhalinin, xüsusilə qadınların məşğulluğunun vacibliyi baxımından emal sənayesinin əhəmiyyətini aydın göstərir. 
Emal sənayesinin digər üstünlüyü onun iqtisadi və sosial səmərəliliyidir. Apardığımız elmi araşdırmalar göstərir ki, bir manat əlavə dəyər istehsal etmək üçün bütünlükdə sənayedə 6,9, emal sənayesində isə ondan 3 dəfə az - 2,3 manat investisiya tələb olunur. Digər misal: əgər 2022-ci ildə 2020-ci illə müqayisədə mədənçıxarma sənayesində əmək məhsuldarlığı aşağı düşmüşsə, emal sənayesində 14 faiz artmışdır. Bundan əlavə, 2022-ci ildə 2003-cü illə müqayisədə emal sənayesi üzrə məhsul istehsalında 3,3 dəfə artım qeydə alınmışdır. Mədənçıxarma sənayesində isə bu artım 2,5 dəfə olmuşdur.
Azərbaycanda emal sənayesinin inkişaf səviyyəsinin qiymətləndirilməsi onun xammal bazasının araşdırılmasını da tələb edir. Bu məqsədlə emal sənayesinin xarici ticarət əlaqələrinə diqqət yetirmək zəruridir. Öncə qeyd edək ki, sənayedə istehsal olunan məhsulların ixracı yarımfabrikat formasında sürətlə artır. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 8 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planında ölkədən ixrac olunan xammal və yarımfabrikatların hazır məhsuladək istehsalının çatdırılması nəzərdə tutulmuşdur. Sərəncamın icrasının təhlili göstərir ki, bu qrupa daxil olan məhsulların ixracı nəinki azalmamış, hətta dəfələrlə artmışdır. Məsələn, 2022-ci ildə 2011-ci ilə nisbətən pambıq mahlıcının ixracında 29, pambıq ipliyinin, fermentləşdirilmiş tütünün, ilkin formada etilen polimerlərinin ixracında 1,3-2,4, emal olunmamış alüminiumun ixracında 4,6, təzə meyvə-tərəvəz ixracında 2,3 dəfə artım qeydə alınmışdır. Halbuki Prezidentin 15 iyul 2021-ci il tarixli "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" fərmanında klasterləşmənin vacibliyi növbəti dəfə vurğulanmışdır. Kənd təsərrüfatının əsas məhsullarından birinin - pambığın misalında problemin araşdırılması nəticəsində müəyyən etmişik ki, 2021-ci ildə ölkə üzrə ən çox pambıq istehsal olunan Mil-Muğan iqtisadi rayonu olmuşdur. Həmin il ölkədə istehsal olunan pambığın 40, pambıq mahlıcının isə 45 faizdən çoxu həmin iqtisadi rayonun payına düşmüşdür. Təəssüf ki, Mil-Muğan regionunda nə pambıq ipliyi və pambıq parçası, nə də istehlaka hazır digər məmulatlar istehsal olunmuşdır. Nəticədə, məsələn, 2022-ci ildə ölkəyə 13,5 milyon kvadratmetr pambıq parça idxal edilmişdir. O səbəbdən Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında pambıq xammalı əsasında klasterlərin yaradılması zəruridir. Bunun üçün hökumət stimullaşdırıcı tədbirləri nəzərdə tutan qərarlar qəbul etməlidir. 
Həlli vacib problemlərdən biri də siqaret istehsal edən müəssisələrin yerli tütün xammalı ilə təmin olunmasıdır. Belə ki, 2018-2022-ci ildə ölkəmizə ümumi dəyəri 278,6 milyon dollar olan 27,9 min ton tütün idxal edilmişdir. Həmin illər Azərbaycan özü də istehsal etdiyi tütünün 27,6 min tonunu xarici bazarda satmışdır. Belə çıxır ki, yerli tütün istehsalı praktiki olaraq xarici ölkələrə işləyir. Burada da problemin həlli üçün tənzimləmə mexanizmlərindən istifadə və klasterlərin yaradılması tələb olunur. 
2021-ci ildə Prezident çıxışlarının birində demişdir: "Dağ-mədən sənayesi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər çox gözəldir". Yenə də rəqəmlərə nəzər salaq: 2022-ci ildə Azərbaycan 27,4 min tondan çox qara metaldan yarımfabrikatlar ixrac etmişdir. Eyni zamanda xaricdən ümumi dəyəri 526,4 milyon dollardan çox olan 487,2 min tondan çox qara metaldan müxtəlif təyinatlı məhsullar almışdır. Bu yerdə vurğulayaq ki, emal sənayesinin inkişafı bilavasitə ölkədə aparılan daxili bazarın mühafizəsi ilə bağlıdır. Prezidentin hələ 2005-ci ildə Siyəzən rayonunda çıxışı zamanı irəli sürdüyü konsepsiyalardan biri "idxalı əvəzedən iqtisadi siyasət" aparılması olmuşdur. Bu istiqamət üzrə ölkədə xeyli tədbir görülsə də, həyata keçiriləsi işlər də az deyil. Hələlik idxalın həcmini istənilən qədər azalda bilməmişik. Məsələn, qeyri-neft məhsullarının idxalı 2014-cü ildəki 8,9 mlyard dollarlıqdan 2022-ci ildə 13,3 milyard dollarlığa çatmışdır. Bu idxalın 88 faizi sənaye mənşəli məhsullar olmuşdur. Qeyri-neft məhsullarının, o cümlədən ərzağın adambaşına düşən dəyəri də az deyil - müvafiq olaraq 1308 və 198 dollar.
Bu reallıq onu diktə edir ki, emal sənayesi məhsullarının idxalının və ixracının daxili bazarın tələbi ilə uzlaşdırılmasını təmin edən mexanizmlərin tətbiqini nəzərdə tutan qanunun tələblərinə əməl edilməsi vacibdir. Söz düşmüşkən xatırladaq ki, 2016-cı ildə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qəbul edilmiş qanunda daxili bazarın mühafizəsi üçün tədbirlərin həyata keçrilməsi nəzərdə tutulmuşdur. Tələb və təklifin tarazlaşdırılmasını və taraz istehlak qiymətlərinin formalaşdırılmasını təmin edən qanuna uyğun olaraq gömrük ərazisinə artmış idxala qarşı xüsusi rüsum, müvəqqəti rüsum və idxal kvotası tətbiq oluna bilər (maddə 1.0.14). Həmin tədbirlərdən istifadənin mexanizmləri də qanunda əksini tapmışdır. Tədbirlərin həyata keçirilməsi isə Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Təəssüf ki, bu qanunun tələbləri lazım olan səviyyədə həyata keçirilmir. Bunu məişət kondisionerlərinin, məişət soyuducularının, avtomobil şinlərinin və digər emal sənaye müəssisələrinin misalında görmək olar. Məsələn, 2022-ci ildə Azərbaycana 26 mindən çox məişət soyuducusu, 203 mindən çox məişət kondisioneri, 304 mindən çox televiziya qəbuledicisi, 2,2 milyon rezin şin idxal edilmişdir. Halbuki bu məhsullar nəinki vaxtilə Azərbaycanda istehsal olunmuş, hətta respublikamız onu ixrac etmişdir.
Emal sənayesinin arzuolunan miqyasda inkişafını təmin edə bilən birinci amil qeyri-neft emal sənayesinin idarə olunmasını təkmilləşdirmək, prioritetliyini qəbul etmək və daxili bazarı mühafizə etməkdirsə, ikinci amil hökumətin investisiya siyasətidir. 2006-cı ilə qədər Azərbaycanda hökumətin investisiya siyasətində qeyri-neft emal sənaye sahələrinin və aqrar sektorun maddi-texniki bazasının yenidən qurulmasının özəl investisiyalar hesabına həyata keçirilməsi konsepsiyası üstünlük təşkil etmişdir. 2006-cı ildə dövlətə məxsus Azərbaycan İnvestisiya Şirkəti yaradılmaqla Azərbaycanda dövlət-özəl və dövlət sektorlarının birgə partnyorluq sisteminin tətbiqinə və emal sənayesində dövlət investisiyalarından istifadə edilməsinə başlanıldı. Statistika göstərir ki, 2018-2022-ci illərdə əsas kapitala daxili investisiyaların 9,7, xarici investisiyaların 3,8 faizi qeyri-neft emal sənayesində istifadə edilmiş, əsas kapitala xarici investisiyaların 3,8 faizi qeyri-neft emal sənayesinə, 0,2 faizi aqrar sektora yönəldilmişdir. Xarici investisiyalar emal sənayesinin əsasən ərzaq və kimya məhsullarının, tikinti materiallarının istehsalına qoyulmuşdur. 
İqtisadçılar arasında qeyri-neft emal sənaye sahələrində dövlət investisiyalarından birbaşa istifadənin bazar iqtisadiyyatının baza prinsiplərinə zidd olması barədə fikirlər mövcuddur. Bu, yalnış fikirdir. Dünya təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının mövcud durumundan asılı olaraq dövlətin investisiya siyasəti formalaşır. Azərbaycanda isə mövcud durum tələb edir ki, qeyri-neft emal sənayesinə və aqrar sektora dövlət investisiyaları əhəmiyyətli dərəcədə artırılsın. Bunun üçün 2025-2029-cu illərdə Azərbaycanda qeyri-neft emal sənaye sahələrinin inkişafı və yerləşdirilməsi sxemi hazırlanmalıdır. Bu sxemin əsasını ölkənin təbii sərvətləri, xammal və yarımfabrikat ehtiyatları, regionların ixtisaslaşması, əmək ehtiyatlarının mövcudluğu, kadrların təhsil və ixtisas səviyyəsi, cinslər üzrə əmək ehtiyatları, daxili və xarici bazarlarda tələb və təklif təşkil etməlidir. İkincisi, ölkənin iqtisadi rayonlarının ixtisaslaşdırılması üzrə hökumət səviyyəsində qərar qəbul olunmalıdır. Üçüncüsü, beynəlxalq təcrübə göstərir ki, emal sənayesinin hamısını eyni vaxtda inkişaf etdirmək və idxaldan asılılığı minimuma endirmək mümkün deyil. Bu sxem dövlət və özəl investisiyalardan istifadəyə əsaslanmalıdır. Sxemdə yaxın 5 ilə qeyri-neft emal sənaye sahələri üzrə seçim edilməli və o, hökumət tərəfindən rəsmləşdirilməlidir. Onların inkişafı üçün əvvəlcədən investisiya mənbələri müəyyən edilməlidir. Birbaşa və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə dövlət-özəl investisiyalarından istifadə əhəmiyyətli dərəcədə artırılmalıdır.
Hazırda ölkədə formalaşmış olan sahəvi və regional inkişaf dövlət investisiyalarından sahəvi diversifikasiya şərti ilə qeyri-neft emal sənayesinin prioritet sahələrində və aqrar bölmədə daha böyük həcmdə istifadəni tələb edir. Çünki mövcud durumda göstərilən sahələrin inkişafında həlledici amil məhz investisiyalardır. Burada diqqət yetirilməli ən mühüm məsələ kənd təsərrüfatı kooperativlərinin yaradılmasıdır. Çünki aqrar sektorda dövlət maliyyə vəsaitlərindən indiki istifadə sistemi, fikrimizcə, səmərəli formalaşmamışdır. Bu mövzu geniş tədqiqat predmeti olduğuna görə təkcə onu diqqətə çatdırmaq istərdik ki, beynəlxalq təcrübə əsasında Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması sistemi işlənilməlidir. Məsələn, Yaponiyada belə kooperativləri dövlət yaradır. ABŞ-də kənd təsərrüfatı kooperativlərinin əksəriyyəti səhmdar kimi formalaşır. Lakin kooperativlərin səhmləri alver obyekti deyil və fond birjalarında satılmır. Malayziyada kooperativlərin fəaliyyətini dövlət peşəkar məmurlar vasitəsilə bütün ciddiliyi ilə idarə edir. Avropa və Asiya ölkələrində kooperativlərə dövlətin maliyyə köməyi müqayisə olunmaz dərəcədə həm miqyaslıdır, həm də çoxtərəflidir. Bu ölkələrin aqrar sektorunda idarəetmə strukturu kollektiv mülkiyyətə əsaslanan kooperativlərdir. 
Qeyri-neft emal sənayesində genişmiqyaslı tədbirlərin maksimum səmərə ilə və vaxtında icrası onların investisiya təminatından həlledici dərəcədə asılıdır. 2014-cü ildə dövlət başçısı çıxışlarının birində demişdir: "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır... Dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik". Bu baxımdan hesab edirik ki, qeyri-neft emal sənayesi ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Odur ki, Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, bu sahənin idarəetmə strukturu və mexanizmləri təkmilləşdirilməli və iqtisadi fəaliyyətə dövlət nəzarəti gücləndirilməlidir.
Emal sənaye sektorunun inkişafının mühüm göstəricilərindən biri də investisiya qoyuluşlarının həcminin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsidir. 2018-2022-ci illərdə qeyri-neft emal sənayesinin əsas kapitalına daxili mənbələr hesabına 6,2 milyard, xarici mənbələr hesabına 909,3 milyon manat investisiya qoyulmuşdur. Bu dövr kənd təsərrüfatında 2,8 mlyard manat və ya daxili investisiyaların 4,3 faizi həcmində əsas kapitala daxili investisiyadan istifadə edilmişdir. Əvvəlki illərlə müqayisədə bu rəqəmlər xeyli çox olsa da, hesab edirik ki, yeni imkan var. Xüsusən xarici investorları hər iki sektora cəlb etmək lazımdır. Bundan əlavə, ölkənin strateji valyuta ehtiyatlarından istifadə etmək olar. Ancaq həmin vəsaitlər klasterlərə və kənd təsərrüfatı kooperativlərinə verilməlidir. 
Klasterlərdən söz düşmüşkən. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda prioritet sənaye sahələri üzrə ərazi istehsal klasterlərinin və sənaye klasterlərinin təşviqi və inkişafı tədbirlərinin gücləndirilməsi nəzərdə tutulmuşdur. Sənaye klasterlərinin yaradılması emal sənaye sahələri üçün əhəmiyyətli və vacibdir. Çünki bu sənaye sektoru üzrə müəssisələrin 80 faizə qədəri mikro, kiçik və orta müəssisələrdir. Təəssüf ki, Strateji Yol Xəritəsində də yazıldığı kimi, onlar arasında biznes tərəfdaşlığı zəif inkişaf etmişdir. Odur ki, onları klasterlərdə birləşdirmək məqsədəuyğundur. Bununla bağlı Rusiyanın təcrübəsi də var. Həmin təcrübə göstərir ki, müxtəlif sektorları təmsil edən kiçik və orta sahibkarlıq subyektləri xüsusi zonalarda klaster əsasında yaradılan infrastruktur obyektlərindən (kanalizasiya, elektrik enerjisi şəbəkəsi, laboratoriya və sınaq xidmətləri, logistika və s.) istifadə etməklə istehsalın səmərəliliyini yüksəldə bilərlər.
1995-ci ildə qəbul edilmiş "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununda amortizasiya ayırmaları investisiya fəaliyyətinin maliyyə mənbələrindən biri kimi nəzərdə tutulmuşdur (maddə 9). Həmin qanunun 11-ci maddəsində göstərilirdi ki, amortizasiya siyasəti investisiya fəaliyyətinin dövlət tənzimləmə vasitələrindən biridir. Ancaq indiyə qədər Azərbaycanda amortizasiya ayırmalarından təyinatı üzrə, yəni investisiya mənbəyi kimi istifadə edilməmişdir. Bu azmış kimi, 2022-ci ilin iyul ayında qəbul edilmiş "İnvestisiya fəaliyyəti haqqında" yeni qanunda amortizasiya ayırmalarının investisiyaların maliyyə mənbəyi olması haqqında müddəa tamamilə çıxarılmışdır. Nəticədə hökumət illik məbləği 5,8 milyard manat (2022-ci il) olan vəsaitdən investisiya kimi istifadə etmək imkanından məhrum olmuşdur. Bundan əlavə, "Vergi Məcəlləsi"ndə amortizasiya ayırmaları xərc maddəsi kimi nəzərdə tutulur. Əvvəla bu, mənfəətdən vergi bazasını azaltmaq üçün təsərrüfat subyektlərinin əlində sanballı vasitədir. İkincisi, bu yanaşma ölkənin 2 normativ aktına ziddir. Belə ki, amortizasiya ayırmaları Azərbaycanın milli hesablarında və Azərbaycanın toplu maliyyə balansında təsərrüfat subyektlərinin mənfəəti kimi uçota alınır. 
Bütün bunları və digər amilləri nəzərə alaraq, "Amortizasiya ayırmaları haqqında" yeni qanunun qəbul edilməsi, onların mənfəətdən vergitutma bazasına aid ediməsi, onlardan prioritet sahələrdə ancaq investisiya məqsədləri üçün hökumətin icazəsi ilə istifadə olunması, amortizasiya güzəştləri sisteminin tətbiqi, investisiya kimi istifadə edilən amortizasiya ayırmalarının mənfəət vergisindən azad olunması məqsədəuyğundur. Unutmayaq ki, əgər amortizasiya məbləği öz təyinatına uyğun istifadə edilsəydi, məsələn, 2018-2022-ci illərdə kənd təsərrüfatına 1,5 milyard, qeyri-neft emal sənayesinə 4 milyard məbləğində əlavə investisiya yönəldilmiş olardı.
Sonda onu qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın hədəflərinə nail olmaq üçün dövlətin iqtisadi tənzimləmə mexanizmləri təkmilləşdirilməlidir. İndiki mərhələdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin tənzimlənməsinin, koordinasiyasının və ona dövlət tərəfindən nəzarət edilməsinin gücləndirilməsi də vacibdir. Tarazlı reqional inkişafa, aqrar sahədə kooperativlərin, regionlarda yeni emal sənaye müəssisələrinin dövlət investisiyaları hesabına yaradılmasına, emal sənayesində məşğulluğun artırılmasına xüsusi diqqət verilməlidir. 

Tofiq HÜSEYNOV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar iqtisadçı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video