06 Noyabr 2026 09:20
1207
Elm və texnika
A- A+
Elmdə yeni nəfəs

Elmdə yeni nəfəs


Dünya dəyişir. Bu dəyişiklik şəhərlərin simasında, insanların həyat tərzində, istehsal və idarəetmə üsullarında, eyni zamanda təhlükəsizlik anlayışının özündə baş verir. Vaxtilə dövlətlərin təhlükəsizliyi əsasən sərhədlərin qorunması, hərbi qüdrət və iqtisadi imkanlarla ölçülürdüsə, bu gün həmin anlayışın mühüm istiqamətlərindən biri rəqəmsal məkanın etibarlılığıdır. 

Məlumatın, texnologiyanın və süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kibertəhlükəsizlik təkcə  mütəxəssislərin müzakirə etdiyi texniki məsələ deyil, hər bir insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinə aid strateji məsələdir. Belə bir mürəkkəb və məsuliyyətli sahədə elmi axtarışlar aparan, biliklərini gənc nəslə ötürən alimlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Gənc alim Lamiyə Nəcəfovanın elmi və pedaqoji fəaliyyəti də məhz bu zərurətdən qaynaqlanır.

Lamiyə Nəcəfovanın elmi dünyagörüşünün formalaşmasında riyaziyyata olan erkən marağı mühüm rol oynayıb. Gənc tədqiqatçı 2012-ci ildə Bakı Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olub. Sonradan kompüter elmləri üzrə magistratura və doktorantura təhsili alması onun elmi maraqlarını daha geniş müstəviyə çıxarıb. 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə başa vurması isə ilk akademik uğurlarından biri olub. Riyaziyyatın məntiqi təfəkkürü ilə kompüter elmlərinin texnoloji imkanlarının qovuşması onun gələcək tədqiqat istiqamətinin əsasını təşkil edib. 

Əmək fəaliyyətinə 2016-cı ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda başlayan Lamiyə Nəcəfova hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərir. İnstitutun İnformasiya qeyri-müəyyənliyi şəraitində qərarqəbuletmə laboratoriyasında apardığı tədqiqatlar onun elmi maraqlarının mühüm istiqamətini əhatə edir. Gənc alimin fikrincə, müasir texnologiyaların inkişafı informasiya təhlükəsizliyinə yanaşmanın da yenilənməsini tələb edir. Ona görə, bu gün əsas məsələ yalnız informasiyanı qorumaq deyil, həm də  informasiya əsasında işləyən sistemlərin nə dərəcədə etibarlı qərarlar qəbul etdiyini müəyyənləşdirməkdir. Xüsusilə süni intellektin idarəetmə və qərarvermə proseslərinə inteqrasiyası yeni risklər yaradır. Alqoritmlərin yanlış, natamam və ya qərəzli məlumatlar əsasında nəticə çıxarması bəzən ciddi fəsadlara səbəb ola bilər. Buna görə də texnoloji sistemlərin təhlükəsizliyi ilə yanaşı, onların qərarlarına etimadın da elmi əsaslarla təmin edilməsi vacibdir.

Gənc alimin bu yanaşması təsadüfi deyil. Çünki kibertəhlükəsizlik fərdi kompüterlərin və informasiya bazalarının qorunması çərçivəsini çoxdan aşıb. Enerji sistemləri, maliyyə sektoru, nəqliyyat, səhiyyə və dövlət idarəçiliyi rəqəmsal infrastrukturlardan asılı vəziyyətə gəlib. Bu sistemlərdə baş verə biləcək kiberhücumlar təkcə texniki problemlər yaratmır, iqtisadi sabitliyə, ictimai təhlükəsizliyə və dövlətin strateji maraqlarına da təsir göstərə bilər.

Redaksiyamızın qonağı olan Lamiyə xanım dedi ki, gələcəyin kibertəhlükəsizliyində əsas məsələlərdən biri alqoritmik qərarların yoxlanılması, onların hansı məlumatlar əsasında formalaşdığının izlənilməsi və zəruri hallarda insan müdaxiləsinin mümkünlüyüdür. Alimin  qənaətinə görə, "alqoritm belə qərar verdi" ifadəsi heç bir halda yetərli əsaslandırma sayıla bilməz: "Hər bir qərarın arxasında etibarlı məlumat, nəzarət mexanizmi və məsuliyyət prinsipi dayanmalıdır. Bu baxımdan alqoritmik etimad gələcəyin rəqəmsal təhlükəsizliyinin fundamental şərtlərindən birinə çevrilir".

Lamiyə Nəcəfovanın fəaliyyətində elmi tədqiqatla pedaqoji iş bir-birini tamamlayır. O, 2019-cu ildən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrində kompüter elmləri, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə dərslər aparır. Lamiyə tələbələrə yalnız nəzəri biliklər verməklə kifayətlənmir, onların analitik düşüncə və təhlükəsiz rəqəmsal davranış bacarıqlarının inkişafına da xüsusi önəm verir.

2016-cı ildə hələ tələbə ikən riyaziyyat üzrə ilk test kitabının nəşri onun maarifçilik fəaliyyətinə erkən başladığını göstərir. Sonrakı illər elmi konfranslarda, peşəkar forumlarda və maarifləndirici tədbirlərdə iştirakı, kibertəhlükəsizlik üzrə ekspert və təlimçi kimi fəaliyyəti bu istiqamətdəki ardıcıl mövqeyini təsdiqləyir. 2024-cü ildən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti kimi çalışması da onun peşəkar fəaliyyətinin mühüm mərhələsidir.

Gənc alimlərin elmi mühitdə fəallığının artırılması Lamiyə Nəcəfovanın diqqət yetirdiyi məsələlərdəndir. Müxtəlif illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Gənc Alim və Tədqiqatçılar Şurasının sədr müavini və sədri olub. Hazırda Riyaziyyat İnstitutunun eyniadlı şurasına rəhbərlik edir. 2025-ci ildən Women in Cyber Security Azerbaijan icmasının idarə heyətinin üzvü kimi qadınların və gənc qızların texnologiya sahəsində inkişafına dəstək verir. 2018-ci ildə AMEA-nın "İlin magistri" müsabiqəsinin qalibi seçilməsi onun elmi potensialının erkən qiymətləndirilməsinin göstəricisidir.

Gələcək planlarından danışarkən Lamiyənin elmi və praktiki fəaliyyətin vəhdətinə üstünlük verdiyi aydın görünür. Onun maraq dairəsində süni intellektin təhlükəsiz tətbiqi, informasiya sistemlərinin etibarlılığı, kiberrisklərin azaldılması və rəqəmsal savadlılığın gücləndirilməsi kimi aktual məsələlər dayanır. Əsas məqsəd isə texnologiyaların inkişafını təhlükəsizlik və məsuliyyət prinsipləri ilə uzlaşdırmaqdır.

Lamiyə Nəcəfovanın fəaliyyətində diqqətçəkən əsas məqam əldə etdiyi nəticələr deyil, qarşıya qoyduğu elmi düşüncənin  aktuallığıdır. Rəqəmsal gələcəyin təhlükəsizliyi yeni texnologiyalar yaratmaqla yanaşı, həm də həmin texnologiyalara etibar etməyin elmi əsaslarını formalaşdırmaqdan keçir. Gənc alimin axtarışları da məhz bu böyük məqsədə xidmət edir.


E.QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!