25 Oktyabr 2024 09:30
538
Mədəniyyət
A- A+
"Əbədiyyət nəğməsi"

"Əbədiyyət nəğməsi"


…1942-ci il avqustun 17-də Bakının köhnə məhəllələrinin birində yaşayan Məhəmməd və Ayşat Maqomayevlər ailəsinin ilki dünyaya gəldi. Adını Müslüm qoydular. Bu, 5 il əvvəl - 1937-ci ildə dünyadan köçmüş babasının - Azərbaycanın mədəniyyət tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyətin adı idi. 

Onun doğulduğu il İkinci Dünya müharibəsinin ən ağır dönəmlərinə təsadüf edirdi. İnsanlar hər şeydən əvvəl müharibənin tezliklə bitməsini, uşaqların sülh, əmin-amanlıq içində yaşamasını arzu edirdilər. Bu, cəbhədən ataların qara kağızının gəldiyi, ailələrin gözüyaşlı və ağır məhrumiyyətlər içində qaldığı, bir parça çörəyin belə çətinliklə tapıldığı o çətin, məşəqqətli günlərdə hər bir kəsin adidən-adi istəyi idi… 

Günlər elə çətin və naümidlik içində keçirdi ki, insanlar gələcək barədə bundan artığını düşünə bilmirdilər… 

Atası Məhəmməd Maqomayev teatr rəssamı idi. Tanıyanlar onu şair ruhlu romantik insan kimi xatırlayırdılar. Milyonlarla sovet gənci kimi cəbhəyə döyüşə yollanan Məhəmməd 1945-ci ildə - müharibənin başa çatmasına cəmi 15 gün qalmış Berlin yaxınlığında qəhrəmancasına həlak oldu. Polşada dəfn edildi. Müslüm yalnız 1973-cü ildə bu ölkədə qastrol səfərində olanda atasının məzarını axtarıb tapmış, uşaqlığından bəri qəlbində dolaşan ağrını bununla az da olsa, ovutmuşdu.  

Anası Ayşat Maqomayeva isə aktrisa idi. Maykop şəhərində anadan olmuşdu. Cəbhədən ərinin qara kağızı gələndən az sonra o, Maykopa qayıtmalı oldu. Sonra Tver vilayətinin Vışnıy Voloçka şəhərinə köçdü. Burada teatrda çalışmağa başladı. Müslüm isə Bakıda nənəsi Baydigül xanımın və əmisi Camal Maqomayevin himayəsində qaldı. Evdəki sənət mühiti balaca Müslümə öz təsirini göstərirdi. O, çox erkən yaşlarından royalda ifa etməyi öyrənməyə başlamışdı. 1949-cu ildə 7 yaşlı Müslümü Bakı Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə qoydular. 


İlk mahnı, ilk səhnə


Müslüm musiqi məktəbinin 6-cı sinfində oxuyanda "Marina" adlı ilk mahnısını yazır. Səhnəyə isə ilk dəfə 15 yaşında - Bakıdakı Dənizçilər klubunda çıxır. Musiqi məktəbini başa vurduqdan sonra M.Maqomayev Bakı Konservatoriyasının vokal sinfinə daxil olur və musiqi təhsilini daha ali səviyyədə davam etdirməyə başlayır.  

Bakı Konservatoriyasının böyük zalında Rossininin "Seviliya bərbəri" operasından "Fiqaronun ariyası"nı müvəffəqiyyətlə ifa etdikdən sonra gənc Müslümün qeyri-adi istedadı musiqi ictimaiyyətinin diqqətini cəlb edir və o, vokal sahəsində sürətlə irəliləyir. 19 yaşında Müslüm musiqi karyerasında ilk böyük uğurlardan birini qazanır. 1962-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalında müvəffəqiyyətlə çıxış edir. Bu festivala o, maestro Niyazinin tövsiyəsi və dəstəyi ilə getmişdi. Festivaldan Vətənə gətirdiyi medalla o, maestronu da, bu istedadlı gəncin gələcəyinə ümid bəsləyən başqalarını da sevindirir. Bütün ittifaqda populyar olan "Oqonyok" jurnalı onun festivaldakı çıxışına məqalə həsr edir. "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə Müslüm Maqomayevin portreti ilə dərc olunur. 

1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindəki uğurlu çıxışından sonra isə Müslümün məşhurluğu daha da artır. Sovet dinləyiciləri Müslümün simasında o dövrün estradasının yenicə parlayan ulduzunu kəşf edirlər. Həmin konsertdə SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva, məşhur ifaçı İvan Kozlovski, Kommunist Partiyasının tanınmış simaları gənc müğənnini dinləyirdilər. 1963-cü ilin noyabrında Moskvadakı Çaykovski adına Konsert Zalında verdiyi solo-konsertdən sonra isə artıq bütün Sovet İttifaqında onu tanıdılar. 

1960-cı ildə o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çalışırdı. Müslüm Maqomayev elə yaradıcı şəxsiyyətlərdən idi ki, yalnız fitri istedadına güvənmirdi. Daim öz üzərində çalışar, gərgin zəhməti ilə istedadını daim cilalayardı. O, təhsilə, peşəkar musiqi xadimlərinin ustad dərslərinə də istedadını inkişaf etdirməyin əsas vasitəsi kimi baxardı.

  Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin də diqqətində idi. Maestro Niyazi kimi başqa sənətkarlarımız da ona rəğbət bəsləyir, sənətdəki hər addımına göz qoyur, onu ifaçılığa düzgün yönəltməyə çalışırdılar. Beləliklə, Müslüm ustadların mühitində ifa qabiliyyətini daha da təkmilləşdirir, tembrini, repertuarını, səhnə davranışlarını zənginləşdirirdi. 

İtaliyada musiqi təhsili almaq onun ən böyük arzularından idi. 1964-cü ildə 22 yaşlı Müslüm Maqomayev bu arzusuna çatır. 1964-cü ildə onu İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçməyə göndərirlər. Burada bir il təcrübədə olur. 

Hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanan, onları dinləyə-dinləyə bu ustadlardan vokal dərsləri alan Müslümə İtaliya nağıl kimi gəlirdi. O, uşaqlıq xəyallarına qovuşmuşdu, Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylər artıq onun real həyatında idilər. İtaliyada böyük yaradıcılıq perspektivlərini görüb bu istedadlı gəncə orada qalmağı, opera müğənnisi kimi fəaliyyət göstərməyi təklif etmişdilər. Bu, yaxın gələcəkdə bütün dünyada opera müğənnisi kimi məşhurlaşmaqdan ötrü çox böyük bir imkan idi. Amma Müslüm Maqomayev Vətənə qayıtmağı, musiqi mədəniyyətimizə töhfə verməyi üstün tutmuşdu. 


Azərbaycanın dünyada eşidilən səsi


Artıq bu istedadlı həmvətənlimizin səsi beynəlxalq konsert salonlarından eşidilirdi. Müslüm Maqomayevin simasında xalqımızın səsi, ünü dünyaya yetişirdi. 1966-cı ildə o, Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verdi və bu uğurlu çıxışı böyük rəğbətlə qarşılandı. Bu çıxışdan sonra Müslüm Maqomayevə Parisdə qalmaq təklifi gəldi, amma bundan da boyun qaçırdı. Həmin illərdə o, Moskvadakı Böyük Teatrın truppasına qoşulmaq təklifini də qəbul etməmişdi. Çünki bütün həyatı Azərbaycana, Bakıya bağlı olan Müslüm Maqomayev öz yaradıcılıq potensialını məhz vətənində reallaşdırmaq istəyirdi. 

Müslüm 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını başa vurdu. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında mükafat qazandı. Müslüm Maqomayevlə görkəmli pianoçu Rauf Atakişiyev arasında dostluq əlaqələri vardı və onların yaxından əməkdaşlığı yeni sənət uğurlarına yol açırdı. İtaliyadan əsl Fiqaro kimi qayıtmış Müslümün "Seviliya bərbəri" operasındakı hər çıxışı anşlaqla keçir, Bakı tamaşaçıları bu rolun mahir ifaçısını alqışlar selinə qərq edirdilər. 

1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi Müslüm Maqomayevin musiqi karyerasında xüsusilə böyük rol oynadı. Heydər Əliyevin M.Maqomayev sənətinə böyük sevgisi vardı. Ulu Öndər bu gənc sənətkara hər cür qayğı göstərirdi. Müslüm Maqomayevin cəmi 31 yaşında keçmiş SSRİ-nin ən yüksək sənət mükafatını - SSRİ xalq artisti adını alması ittifaq miqyasında ona qədər görünməmiş hadisə kimi bir tərəfdən Müslümün qeyri-adi istedadının, onun sənətinə olan ümumxalq sevgisinin nəticəsi idisə, digər tərəfdən də Heydər Əliyevin dəstəyinin ifadəsi idi. 

Azərbaycan Prezidenti İlham Əliyev böyük sənətkarın 80 illik yubileyində bu barədə demişdi: "Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq". O, Azərbaycan Ali Sovetinin deputatı olmuş, respublikanın və keçmiş ittifaqın bir sıra yüksək orden və medalları ilə təltif edilmişdi. Belə ki, 1964-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti olan Müslüm Maqomayev 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeninə, eyni ildə Azərbaycan SSR Xalq artisti adına, bundan iki il sonra - 1973-cü ildə SSRİ Xalq artisti adına, 1980-ci ildə "Xalqlar Dostluğu" ordeninə layiq görülmüşdü. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik illərində də Müslüm Maqomayevə daim böyük diqqət göstərmiş, böyük sənətkarı 1997-ci ildə "Şöhrət", 2002-ci ildə "İstiqlal" ordenləri ilə təltif etmişdi, 2002-ci ildə ona Rusiyanın "Şərəf" ordeni də təqdim olunmuşdu.


Sovet estradasının ən parlaq ulduzu


1975-ci ildən Müslüm Maqomayev Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri vəzifəsində çalışırdı. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərlərində, Fransada, Bolqarıstanda, Polşada, Finlandiyada, Kanadada və İranda konsertlər vermişdi. Ötən əsrin 70-ci illərindən həyatını bağladığı estrada ona xüsusilə böyük populyarlıq qazandırmışdı. O illərdə Müslüm Maqomayev artıq şöhrətin zirvəsində idi. Onun konsertlərində hətta salondakı pillələrin üstü də tamaşaçılarla dolu olurdu. Böyük stadionlar belə Müslüm sənətinin pərəstişkarlarını tutmurdu. 

Müslüm Maqomayev nə oxuyurdusa, sevgi ilə oxuyurdu, ona görə cismani yoxluğu dövründə də ona olan rəğbət getdikcə artırdı. Bu böyük sənətkarı həyatda görməyən yeni nəsillər də onun məhəbbət dolu nəğmələrini sevə-sevə dinləyir, şəxsiyyətinə böyük ehtram bəsləyirlər. 

Ona olan sevginin digər bir səbəbi də budur ki, hər kəs axtardığını Müslüm Maqomayev sənətində tapa bilir. O, operalardan ən çətin ariyaları da, qəlblərə məlhəm kimi yayılan lirik mahnıları da böyük ustalıqla, özünə xas yüksək artistizmlə ifa edirdi. Müslüm Maqomayevin repertuarında 600-dək əsər var. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları da məharətlə səsləndirirdi. 

Müslüm Maqomayevi sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. 

Müslüm Maqomayev böyük müğənni olmaqla yanaşı, özü də bəstəkar kimi bir-birindən gözəl mahnıların müəllifidir. 20-dən çox mahnının, kinofilmlərə yazılan musiqinin müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müslüm Maqomayevin yüksək aktyorluq istedadı da vardı. O, "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilmişdi.

Unudulmaz sənətkarımız Azərbaycanı, Bakını çox sevirdi. Elə 2007-ci ildə ölümündən bir müddət əvvəl lentə aldığı son mahnılarından biri də məhz "Əlvida, Bakı!" adlanır. Bu mahnıdan qısa müddət sonra Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə dünyasını dəyişdi və Bakıdakı Fəxri xiyabanda dəfn edilərək ruhu da cismi kimi doğma torpağa qovuşdu.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Müslüm Maqomayevin 70, 75, 80 illik yubileyləri ən yüksək səviyyədə qeyd edilib. Bu gün dünyanın müxtəlif məkanlarında Müslüm Maqomayev sevgisini əbədiləşdirən küçələr, heykəllər, barelyeflər var. Dünya sularında Müslüm Maqomayevin adını daşıyan gəmi üzür. Doğma Bakıda, böyük sənətkarın "Əbədiyyət nəğməsi"nin ünvanı olan Xəzərin qoynunda Azərbaycanın bu görkəmli oğlunun heykəli ucalır. Heykəl ona, onun oxuduğu nəğmələrə olan əbədi sevginin abidəsidir. Amma bu abidə təkcə Xəzərin qoynunda qərar tutmur, Müslüm Maqomayev sənətinə rəğbət bəsləyən hər kəsin qəlbində ucalır. Nə qədər ki, nəğmələri var, Müslüm Maqomayev də yaşayacaq və dünyaya, insanlara əbədi sevgisini yetirəcək. 


İradə ƏLİYEVA,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!