29 Iyun 2024 08:30
127
İQTİSADİYYAT
A- A+

Dünyanın COP29-dan gözləntiləri çoxdur

 

Azərbaycan daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməyə hazırlaşır. Noyabr ayında ölkəmizin paytaxtında keçiriləcək COP29 indidən dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. 
Etiraf olunur ki, COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında növbəti sessiyanın Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, hörmətin, eyni zamanda respublikamızın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması işinə verdiyi töhfələrin nəticəsidir.
Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim siyasəti departamentinin direktoru Saule Sabiyeva deyir ki, ölkəsi COP29-a böyük ümidlər bəsləyir. Qazaxıstan rəsmisinin sözlərinə görə, ölkəsi iqlim maliyyəsinin əsas aspektləri, tərəflərin iqlim həllinə necə nail olmaq niyyətində olduqları və ümumilikdə karbon neytrallığı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə konsensus əldə etməyi gözləyir: "Bakıda keçiriləcək COP29 Qazaxıstan üçün vacibdir. Müvafiq olaraq, biz COP29-dan su hövzələri, ehtiyatları və Xəzər dənizində çirklənmənin monitorinqi üzrə xüsusi regional əməkdaşlıqdan mühüm nailiyyətlər gözləyirik". S.Sabiyeva həmçinin  iqlim problemlərinin həlli yollarından danışaraq diqqətə çatdırıb ki, Qazaxıstan "yaşıl iqtisadiyyat"a nail olmaq baxımından "yaşıl maliyyə" bazarının və "yaşıl taksonomiya"nın inkişafı kimi birgə regional həll yollarına ümid edir: "Bu, regiona ekoloji cəhətdən təmiz məhsul istehsalına yönəlmiş investorların diqqətini cəlb etməyə imkan verəcək".
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ölkəsinin Respublika Gününə həsr olunmuş tədbirində deyib ki, İtaliyanın "Böyük yeddilik"dəki (G7) sədrliyi və Bakıda keçiriləcək COP29 uğurlu olacaq. "Bu il ölkələrimizin çiyinlərinə böyük məsuliyyət düşür. Amma eyni zamanda əməkdaşlıq üçün əlavə imkanlar açılır. İtaliya G7-yə, Azərbaycan isə COP29-a sədrlik edir. Əminik ki, COP29 uğurlu olacaq".
ICESCO-nun baş katibi Səlim Əl-Malik isə Şuşa şəhərində keçirilən "By Youth for Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumundakı çıxışı zamanı gələcəkdə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutduqlarını bildirib: "Bunun üçün əlimizdən gələni edəcəyik. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirində də iştirak etmək istəyirik".
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol "Beynəlxalq Enerji Agentliyi - COP29" adlı ikinci yüksəksəviyyəli görüşdən sonra Londonda "Anadolu" agentliyinə müsahibəsində bildirib ki, IEA bərpaolunan enerji potensialının və enerji səmərəliliyinin artırılması üzrə qlobal öhdəliklər çərçivəsində Azərbaycan hökuməti ilə üç yeni təklif üzərində işləyir: "Bunlardan birincisi akkumulyatorlara (enerji saxlama sistemləri) aiddir. 2030-cu ilə kimi akkumulyator tutumunun nə qədər artacağını müəyyən etmək üzərində çalışırıq. İkincisi şəbəkələr, üçüncüsü isə bu regionda metan emissiyalarının azaldılması ilə bağlıdır. Biz Qazaxıstan, Türkmənistan və regionun digər ölkələrinə Azərbaycanın rəhbərliyi altında birləşdirici öhdəlik təklif edirik. Söyləyə bilərəm ki, biz COP29-dan əvvəl bu üç məsələyə diqqət yetirəcəyik".
IEA-nın rəhbəri danışıqların digər əsas mövzusunun təmiz enerjinin maliyyələşdirilməsi olduğunu diqqətə çatdırıb. O, xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu sahəyə qoyulan investisiyaların 6 dəfə artmalı olduğunu deyib: "Təmiz enerjini maliyyələşdirmək üçün təkcə inkişaf etməkdə olan ölkələrə ildə 2 trilyon ABŞ dolları məbləğində maliyyə vəsaiti lazımdır. Bu mənada biz maliyyələşdirmə modelini hazırlamaq və konkret çərçivə yaratmaq üçün birlikdə işləyirik". O, "Beynəlxalq Enerji Agentliyi - COP29" adlı ikinci yüksək-səviyyəli görüşdə maliyyə sektoru, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və özəl sektorun maliyyə institutlarının nümayəndələrinin fəal iştirak etdiklərini xatırladıb. Onu da bildirib ki, COP29 üzrə növbəti iclas BMT Baş Assambleyası çərçivəsində baş tutacaq: "O vaxta qədər biz konkret təkliflə çıxış etmək üçün çox çalışacağıq. Azərbaycan bizi strateji tərəfdaş hesab edir, biz çox sıx əməkdaşlıq edirik. Düşünürəm ki, COP29 tədbiri ilə iki mühüm nəticəyə nail olunacaq. Birincisi, iştirakçı ölkələr üç qlobal öhdəliklə razılaşacaq. İkincisi, yeni maliyyələşdirmə hədəfləri və onlara necə nail olmaq barədə razılıq əldə olunacaq".
Qeyd edək ki, dünya mətbuatında da mütəmadi olaraq COP29-la bağlı yazılar dərc olunur. İsraildə ingilis dilində nəşr olunan nüfuzlu "The Jerusalem Post" qəzeti 23 iyun tarixli sayında dərc olunmuş inkişaf etməkdə olan kiçik ada ölkələrindən (Small Island Developing Countries - SIDS) bəhs edən məqalədə COP29-un əhəmiyyətinə də diqqət çəkib. "Dərhal hərəkətə keçmək lazımdır: İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyi problemi ilə qarşılaşıb" sərlövhəli məqaləsində coğrafi təcrid, təbii fəlakətlər, məhdud resurslar və iqlim dəyişikliyinin təsirləri daxil olmaqla, SIDS-in üzləşdiyi əsas problemləri ətraflı şəkildə araşdırmış Vanuatu Respublikasının iqlim dəyişikliyi üzrə xüsusi elçisi Ali Serim qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası SIDS tarixində yeni eradan xəbər verir. Müəllif bu kontekstdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə hərtərəfli dəstək verən Azərbaycanın COP29 iqlim sammitinin sədri kimi roluna xüsusi diqqət yetirib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox həssas olan inkişaf edən kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli Azərbaycanın COP29-da sədrliyinin gündəliyində prioritet məsələlərdən biri olacaq.
Bu günlərdə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş "Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili elan edilib" sərlövhəli məqalədə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il ölkəsində keçiriləcək COP29 konfransı öncəsi 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Sözügedən qərar Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəfdaş olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Müəllif ölkəmizin qarşısına 1990-cı ilin baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq kimi iddialı hədəflər qoyduğunu nəzərə çatdırıb. Müəllif onu da qeyd edib ki, 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını və 2000-ci ildə konvensiyanın Kioto Protokolunu ratifikasiya etdikdən sonra Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin mənfi nəticələrinin yumşaldılması istiqamətində beynəlxalq səylərə fəal qoşulub. Ölkəmiz antropogen emissiyaların və istixana qazlarının atılmasının inventarının hazırlanması və müntəzəm olaraq yenilənməsi, o cümlədən milli məlumatların hazırlanması və bu məlumatların konvensiyanın Katibliyinə təqdim edilməsi kimi öhdəliklər götürüb. Məqalədə bu öhdəliklərin sistemli şəkildə yerinə yetirildiyi, Azərbaycanın emissiyaların azaldılması üzrə qlobal səylərə artıq öz töhfəsini vermiş olduğu vurğulanıb.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video