ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu "Trump International Golf Club" qolf klubunda atışma baş verib. Şübhəli şəxsin tutulduğu bildirilir. Ölkənin Məxfi Xidməti əməkdaşının silahlı şəxsə atəş açmasına yerli asayiş keşikçiləri aydınlıq gətiriblər.
Palm Biç rayonunun şerifi Rik Bredşou deyib ki, şübhəlinin gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda teleskopik nişangahı olan AK-47 avtomatı, keramika lövhələri olan iki çanta və hərəkət kamerası tapılıb.
Məlumata gorə, şahidlərin köməyi ilə 58 yaşlı Rayan Uesli Rut adlı şübhəli şəxs təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. O, Havay adaları sakinidir.
ABŞ Federal Təhqiqatlar Bürosu atışma ilə bağlı araşdırma apardığını və insidenti Donald Trampa qarşı mümkün sui-qəsd cəhdi kimi qiymətləndirdiyini bildirib.
Hadisənin baş verdiyi Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, siyasətçinin qolf klubunun yerləşdiyi məkanda hakimiyyət orqanları ABŞ prezidentliyinə namizədə qarşı sui-qəsd cəhdinin təfərrüatları ilə bağlı öz araşdırmalarını aparacaq. Onun sözlərinə görə, xalq şübhəli şəxs haqqında "həqiqəti bilməyə layiqdir" və təcavüzkarın ABŞ prezidentliyinə namizədin 460 metr yaxınına necə gəldiyi öyrənilməlidir.
ABC telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, istintaqı aparan hüquq-mühafizə orqanlarının əməkdaşları respublikaçının Ukraynadakı münaqişə ilə bağlı mövqeyinin sui-qəsd cəhdi üçün əsas ola biləcəyi mülahizəsi üzərində də işləyirlər. Onun sözlərinə görə, səlahiyyətlilər şübhəli 58 yaşlı Rayan Uesli Rutun Ukraynadakı münaqişə mövzusu ilə bağlı, xüsusən də Trampın bu məsələdə mövqeyindən hər hansı şikayətinin olub-olmadığını araşdırırlar.
Bundan əvvəl "The New York Post" qəzeti Rutun Ukraynaya səfər etdiyini və Kiyev hakimiyyətini dəstəklədiyini yazıb. Nəşrin qeyd etdiyinə görə, o, Əfqanıstandakı münaqişənin amerikalı veteranlarını Ukraynaya göndərmək ideyasını irəli sürməyə çalışıb, həmçinin Kiyevin tərəfində döyüşmək arzusunu bildirib.
Öz növbəsində "MSN News" portalı xəbər verir ki, Rut, təsdiqlənməmiş məlumatlara görə, Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib. Donald Tramp iddia edilən sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinə və Amerika polisinə minnətdarlığını bildirib. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizədə qarşı sui-qəsd cəhdindən sonra onu "bəxtinə güvənməməyə" çağırıb. O, Vaşinqtonun Trampın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyinə ümid etdiyini bildirib.
Macarıstanın baş naziri Viktor Orban da öz növbəsində amerikalı siyasətçinin mümkün sui-qəsd cəhdindən sonra təhlükə qarşısında olduğu fikrini bildirib.
Xatırladaq ki, iyulun 13-də də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində sui-qəsdə məruz qalmışdı. O, qulağından yaralanmışdı.
İddia edilən yeni sui-qəsd cəhdindən sonra verdiyi ilk açıqlamada Donald Tramp deyib ki, heç nə ona mane olmayacaq və ya geri çəkilməyə məcbur etməyəcək:
"Mənim yaxınlığımda atəşlər açıldı, lakin şayiələr nəzarətdən çıxmazdan əvvəl bunu eşitmənizi istərdim: Mən sağ və salamatam! Məni heç nə dayandıra bilməz. Mən heç vaxt təslim olmayacam! Məni dəstəklədiyiniz üçün sizi həmişə sevəcəyəm".
Rizvan CƏFƏROV,
"Azərbaycan"