22 Iyun 2024 09:10
520
Mədəniyyət
A- A+

Dahi söz ustadı

 

XVI əsr Azərbaycan ədəbiyyatının mütəfəkkiri Məhəmməd Füzuli qüdrətli şair, nasir, filosof, divan janrının ən məşhur siması kimi şöhrət qazanmışdır. Üç dildə müxtəlif mövzu və janrlarda kamil sənət nümunələri yaradaraq şərq xalqlarının şifahi və yazılı ədəbiyyatının ən böyük nailiyyətlərini bədii şəkildə ümumiləşdirən Məhəmməd Füzuli türk, fars və ərəb mədəniyyətinin müştərək yetişdirməsi və varisi kimi yüksəlmişdir. 
Füzuli yaradıcılığının tarixi və coğrafi miqyasının genişliyi və böyük bədii təsir qüvvəsinə malik olmasını nəzərə alsaq, şairin ərəb dilindəki bədii irsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, VII əsrdən etibarən islamın geniş vüsət alması ilə əlaqədar vahid bir dövlət halında birləşmiş ərəblər az bir zamanda bu dövlətin hüdudlarını Çin sərhədlərindən İspaniyaya qədər genişləndirmişlər.
Müxtəlif ictimai, iqtisadi və mədəni inkişaf yolu keçmiş xalqların geniş ərazili xilafətin tərkibinə daxil edilərək müsəlman mədəniyyətinə cəlb olunması onların gələcək inkişafını yüksək səviyyədə müəyyən etmişdi. Belə ki, Orta əsrlər Şərq ədəbiyyatı müsəlman mədəniyyəti və sakral dil - islamın müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu ərəb dili ilə sıx bağlı olan bir ədəbiyyat kimi inkişaf etmişdir. Bunun nəticəsində isə "ərəb dili bir sıra Yaxın Şərq xalqlarının ədəbiyyatları üçün klassik dil kimi təzahür etmişdi". Təsadüfi deyil ki, görkəmli şərqşünas A.Krımski ərəb dilinin "bütün müsəlman dünyasının müqəddəs və elmi mahiyyət kəsb edən üzvi tərkib hissəsi" olduğunu qeyd edərək, ərəb dili ilə Orta əsrlər Qərbi və Mərkəzi Avropa xalqlarının kilsə, elm və mədəniyyət dili kimi böyük rol oynayan latın dilini müqayisə etmişdir. Ərəblərin itaət altına aldıqları xalqlara bəxş etdikləri son dərəcə zəngin söz ehtiyatına malik olan ərəb dilinin şəriksiz hakimliyi milli dillərdəki ədəbiyyatın yaranışı və inkişafında bir maneə idisə, sonralar həmin orta sərvət elə milli ədəbiyyatların yüksəlişinə güclü təsir göstərdi. Bu, ideya-tematik motivləri və şəkli xüsusiyyətləri - kompozisiya və məcazlar sistemi normativ mahiyyət daşıyan klassik ədəbiyyatı səciyyələndirən əsas amil idi.
İslam dinini qəbul etmiş digər xalqlar kimi, müsəlman mədəniyyətinin inkişafı prosesində fəal iştirak edən azərbaycanlı ədib və şairlər də ərəbcənin "bir elm lisanı kimi cilalanması və sonsuz ifadə imkanları qazanmasında, möhtəşəm şeir dili kimi təşəkkül tapmasında" əvəzsiz xidmətlər göstərmişlər. Azərbaycanın özündə yaranan ərəbdilli şeirin ilk nümunələri X əsrə aid olsa da, bundan xeyli əvvəl ərəblər tərəfindən əsir tutulub Məkkə və Mədinəyə aparılmış azərbaycanlılar içərisindən VII-VIII əsrlərdə İsmayıl ibn Yəssar, Musa Şəhavat, Əbu-lAbbas əl-Əma və başqa qüdrətli qələm sahibləri yetişmişlər. Bu şairlər ədəbiyyat tarixinə "məvali şairlər" adı ilə daxil olmuşlar. "Öz qələmlərini ərəb dilində sınamış, hətta ərəbləri belə heyrətə salan kamil sənət nümunələri yaratmış" həmin şairlər öz yaradıcılıqları ilə ərəbdilli ədəbiyyata yeni təravət gətirmişlər. 
Ümumiyyətlə, VII-XVI əsrləri əhatə edən böyük tarixi müddət ərzində ərəbcə yazıb-yaratmış azərbaycanlı şair və ədiblərin yaradıcılığı klassik Azərbaycan ədəbiyyatının inkişafı və formalaşmasında böyük rol oynamışdır. Ərəbdilli Azərbaycan ədəbiyyatının tədqiqində əvəzsiz xidmətlər göstərmiş görkəmli alim, professor M.Mahmudov yazırdı: "Özgə dildə şeir yazmaq təkcə bu dili incəliklərinə qədər bilməklə məhdudlaşmır. Belə mürəkkəb vəzifə o zaman yerinə yetirilə bilər ki, yad poeziyanın obrazlar aləmi, ifadə tərzi, estetik prinsipləri, vəzn və qafiyə sistemi şair üçün doğmalaşsın, onun poetik təxəyyülünün, ilham qartalının sərbəst pərvazlanmasına mane olmasın". XII əsrdə Xaqani Şirvani, XIII əsrdə Zülfüqar Şirvani, XIV əsrdə Qazi Bürhanəddin, XV əsrdə Hamidi və İmadəddin Nəsimi, nəhayət, XVI əsrdə Məhəmməd Füzuli kimi görkəmli Azərbaycan şairləri bu vəzifənin gerçəkliyini ərəb dilində qələmə aldığı poeziya nümunələrində bir daha təsdiqləmiş və ərəbdilli Azərbaycan ədəbiyyatına əvəzsiz sənət nümunələri bəxş etmişlər. 
Bütün ömrünü iki dil fəzasının qovşağı olan İraqda keçirən Füzuli vaxtın və mühitin ona bəxş etdiyi əlverişli imkan sayəsində üç dildə eyni dərəcədə sərbəst yazıb-yaratmaq vərdişinə yiyələnmişdi. Farsca qələmə aldığı qitələrinin birində Füzuli bu barədə yazırdı: 

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə 
Onda bir zövq artıran hər dürlü nemət düzmüşəm. 
Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm. 
Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm. 
Kim gəlir-gəlsin, aparsın hər nə istər xatiri, 
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.

Bu qitədə bədii irsinin üç sütun üzərində yüksəldiyini bildirən şair türkcə divanının dibaçəsində bir daha bunu nəzərə çatdırmış, eyni zamanda ərəb dilindəki şeirlərindən bəhs etmişdir: "Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə kamillər çoxdur, amma sən kimi camii-lisanə qadir camii-fununi-nəzm və nəsr yoxdur. Hala ki, miftahi-zəbani, ruhi-ruzgarə əbvabi feyz açmaqda və qəvvasi-təbin xəvasü əvamə dəryayi-fəsahətdən cəvahiri bəlağət çıxarıb saçmaqdadır. Əhaliyi-aləmdən bəzi ləaliyi-münşəat və müəmmatından bəhreyi-feyz almışlar və bəzi məsnəvi və qəsaidindən təməttö bulmuşlar və bəzi farsi qəzəllərin nəqşi-zəmir etmişlər və bəzi ərəbi rəcəzlərin zövqünə etmişlər". Göründüyü kimi, bu dibaçədə şair ərəb dilində rəcəzlər müəllifi olduğunu bəyan etmişdir. Şair farsca divanının dibaçəsində də ərəb dilindəki şeirlərindən bəhs etmişdir: "Bəzən ərəbcə şeirlər yazdım və ərəb bilicilərini müxtəlif mənzumələrlə şadlandırdım. Bu mənə çətin deyil idi. Çünki mənim elmi bəhslər (mübahisə) dilim ərəbcə idi".
Qeyd etmək lazımdır ki, Füzulinin ərəbcə qəsidələri 460 beytdən ibarətdir. Bu qəsidələrdən 11-i tam, biri isə 7 beytdən ibarət olmaqla fraqment şəklindədir. Həcmcə müxtəlif olan qəsidələrin ən böyüyü 62, ən kiçiyi isə 21 beyti əhatə edir. Füzulinin ərəbcə şeirləri akademik Y.Bertels tərəfindən 1929-cu ildə Peterburqda Füzuli külliyyatının mükəmməl nüsxəsində (1589-cu ildə üzü köçürülmüşdür) aşkarlanaraq elm aləminə təqdim olunmuşdur. Daha sonra 1958-ci ildə Füzulinin "Matləul-etiqad" əsəri ilə birlikdə Sankt-Peterburq nüsxəsi əsasında akademik Həmid Araslı tərəfindən Bakıda nəşr olunmuşdur. 1987-ci ildə İraq füzulişünası M.M.Bayat Bağdadda nəşr olunan "Saut əl-İttihəd" (Birlik səsi) jurnalının 44-cü sayında Füzulinin ərəbcə qəsidələrinin düzgün oxu variantına həsr olunmuş məqalə çap etdirmişdir. Məqalədə Füzulinin ərəbcə qəsidələrində bir sıra istinsax xətalarının mövcudluğunu qeyd edən M.M.Bayat bu səhv və xətaların əruz bəhrinin ritminə əsasən islah edilməsinin vacibliyini vurğulamış və məqalənin sonunda yalnız beş qəsidənin elmi tənqidi mətnini təqdim etmişdir. 1994-cü ildə isə Bağdadda İraq-türkman alimi və ədibi Ə.Bəndəroğlu tərəfindən bir sıra düzəlişlərlə yenidən işıq üzü görmüşdür.
İdeya məzmunu və bədii kamillik cəhətdən Füzulinin ərəbcə qəsidələri onun yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Ustad şairimiz yaradıcılığına xas olan ana xətləri bu qəsidələrdə də davam və inkişaf etdirmişdir. Şairin ərəbcə qəsidələrinin ictimai-fəlsəfi, mənəvi-əxlaqi mənasını dayazlaşdıraraq onları soyuq mühakiməyə əsaslanan, hissdən, səmimiyyətdən məhrum poeziya nümunələri hesab edən tədqiqatçılar həqiqətdən uzaq olmuşdur. Füzuli qəsidə janrının əqli mühakimə, özünüifadə qüdrəti, poetik ustalıq kimi tələblərinə dərindən əməl etmiş və ərəbcə qəsidələrinə məzmun dərinliyi açılmışdır. Füzuli təfəkkürü bu qəsidələrdə dolğun surətdə əks olunmuş və bədii sözün tutumlu mənaları üzərində köklənmişdir. Şairin ərəbcə qəsidələri onun ən ali duyğularının, ən nəcib hisslərinin poetik ifadəsidir. Dahi söz ustadı bu qəsidələrin nəsib hissəsində məhəbbət fəlsəfəsini açıqlayaraq eşqi insan həyatının yeganə istinad mənbəyi kimi təsvir etmiş, məhəbbətin daxili qüdrətini vəsf edərək onu insan qəlbini paklaşdıran, ona mənəvi və ilahi kamillik bəxş edən qüvvə hesab etmişdir. Füzuli kəlamında bəzən bu ali duyğunun tərənnümü təsəvvüf çalarları da kəsb etmiş, sufi terminləri kontekstində bəzi beytlərin obrazlılığı daha mürəkkəbləşmişdir.
Məhəbbət və gözəllik şairi olan Füzulinin ərəbcə qəsidələri onun estetik görüşlərini də ehtiva etmişdir. Bu qəsidələrin məzmun və ideyasında ümumiləşdirilmiş anlayış olub lirik-psixoloji, fəlsəfi-etik xarakter kəsb edən gözəllik rəmzi şəkildə meydana çıxaraq estetik ideal kimi təqdim olunmuşdur. Gözəlliyin mahiyyətinin dərk olunmasını insanın mənəvi kamilliyinin çıxış nöqtəsi hesab edən Füzuli öz beytlərində hürufilik terminlərinə müraciət etmişdir. Qəsidələrdə sırf fəlsəfi deyil, fəlsəfi-bədii dəyər kəsb edən hürufilik elementləri poetik abstraklaşdırmada fəal rol oynayaraq, şairin gözəllik haqqında düşüncələrinə fəlsəfi dərinlik vermiş, onların təsir qüdrətini artırmışdır.
Söz ustadı Füzulinin ərəbcə qəsidələri ictimai-əxlaqi ideyalarla zəngindir. Qəsidələrdə mənəvi təzadlarla dolu mühitinin rəzalətlərini, eybəcərliklərini təsvir edən şair insanlığa səslənərək öz əxlaqi düşüncələrini açıqlayır. Cəmiyyətin insanı mənən iflic edən reallıqlarından çıxış edərək bəşər övladına əxlaqi düşkünlükdən uzaq olmağı aşılayır. Şair insanı cəmiyyətin hərəkətverici qüvvəsi hesab edir, onun mənən kamilləşməsinə cəmiyyətin dəyişməsi, tərəqqisi kimi nəzər yetirir və bununla da nəcib insanpərvərlik, humanizm ideyalarını bəyan edir.
Bu qəsidələrdə diqqəti cəlb edən əsas cəhət Füzulinin qüvvətli realizmi ilə yüksək məhəbbət mövzusunun təzadıdır. Öz zəmanəsinin, mühitinin eybəcərliklərinin, mənəvi təbəddülatlarının təsvirində Füzuli nə qədər realistdirsə, məhəbbətin, gözəlliyin ülviliyinin tərənnümündə bir o qədər romantikdir. Məhz bu baxımdan Füzulinin ərəbcə qəsidələri romantik və realistik ünsür və meyillərin sinkretizmini təzahür etdirən poeziya nümunələri kimi səciyyəvidir.
Füzulinin ərəbcə qəsidələrində müşahidə olunan ideya, məzmun zənginliyi və bədii struktur mükəmməlliyi forma müxtəlifliyinə, ahəng rəngarəngliyinə, yüksək bədii təsir qüvvəsinə gətirib çıxarmışdır. Bu qəsidələrin bədii materialı təsvir vasitələrinin vahidləri hesab olunan sözlərin zənginliyi üzərində köklənmişdir. Bu isə söz sərrafı Füzulinin ərəb dilinin poetik ifadə imkanlarına yüksək səviyyədə bələd olmasından xəbər verir. Ərəb dilinin zəngin söz ehtiyatı və poetik arsenalına öz bədii zövq və obrazlı təfəkkür prizmasından yanaşan şairimiz ərəb sözlərini poetik düşüncəsinin bədii biçimində ustalıqla istifadə etmişdir. Ərəb leksik vahidlərinin çeşidli məna çalarlığından istifadə edərək onlardan müxtəlif bədii təsəvvür və lövhə yaratmaqda faydalanan ustad şair qəsidələrin bədii təsvir vasitələrinin əlvanlığını və ifadəliliyini təmin etmiş, eyni zamanda beytlərin qafiyə və vəzn düzümünü möhkəmləndirmişdir. Qəsidələrin dil və üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsində ənənə və varislik prinsipinə əsaslanan Füzuli sabitləşmiş obraz və məcazlara müraciət etsə də, onları ənənəvi şəkildə iqtibas etməmiş, yeni cizgilərlə, özünəməxsus üslubi keyfiyyətlərlə təravətləndirmiş və öz orijinallığını bir daha təsdiq etmişdir. 
Şair qəsidələrdə ərəb şeiri texnikası və ərəb poetika nəzəriyyəsi normalarına üstünlük versə də, klassik türk-fars poetikasının ünsürlərinə də laqeyd qalmamışdır. Bu da qəsidələrin məcazlar və qafiyə sistemində bəzən sinkretizmə - ərəb, fars və türk şeiri xüsusiyyətlərinin üzvi əlaqəsinə gətirib çıxarmışdır. Bu kimi hallar təsadüfi xarakter daşısa da, Füzulinin ərəbcə qəsidələrinin bədii dilinin rəvanlığını və ahəngdarlığını təmin edən amillərdən biri kimi çıxış edir. 
Bu qəsidələrin dil xüsusiyyətlərindən bəhs edərkən bir faktı xüsusi qeyd etmək lazımdır. Qəsidələrdə müşahidə olunan poetik kateqoriya və fiqurlar Füzuli kəlamının bədii məqsədinə müvafiq bir surətdə işlənmək etibarı ilə bədii düşüncənin ən təsirli ifadə vasitələri kimi diqqəti cəlb edir. Bu obrazlılıq şairin təqdim etdiyi ideyanın təsir dairəsini genişləndirir, məna və məzmununa xidmət edir. Füzulinin ərəb dilinin poetik ruhuna mükəmməl bələdliyindən xəbər verən təsvir vasitələri dövrün dini, elmi-fəlsəfi, estetik görüşlərinin poetik dil ilə qarşılıqlı əlaqəsinin təzahür forması kimi meydana çıxır. Öz sələflərinin ədəbi irsini dərindən mənimsəyən, onların ədəbi nailiyyətlərini bədii şəkildə ümumiləşdirən Füzulinin ərəbcə qəsidələri ərəb poetik ənənələri zəminində gözdən keçirildikdə qəsidələrin müxtəlif tellərlə ərəb ədəbi ənənələri ilə bağlılığı müəyyən olunur. 
Ərəb poetik ənənələri şairin ərəbcə qəsidələrində müxtəlif istiqamətlərdə əks olunaraq, qəsidələrin istər məzmununa, istərsə də bədii formasına nüfuz etmişdir. Öncə onu qeyd etmək lazımdır ki, ustad şair ərəb poeziyasında geniş yayılmış qəsidə növünə müraciət edərək peyğəmbərin mədhinə həsr olunmuş qəsidələr (əl-mədih ən-nəbəvi) qələmə almış, Kəb ibn Züheyr, Həssan ibn Sabit kimi məşhur ərəb şairinin ənənəsini davam etdirmişdir. Füzulinin bu qəsidələrində peyğəmbərin (s.a.s.) mədhinə həsr olunmuş qəsidələr üçün xarakterik olan bir sıra assosiativ obrazlar öz əksini tapmışdır.
"Hüsni-göftarda Həssan ilə bəhs edən" Füzuli məşhur ərəb şairi ilə elə onun doğma dilində apardığı söz yarışında ərəb dilinin bədii qatına, ərəb poetika elminin bütün incəliklərinə və ərəb poeziyasının ənənələri və nailiyyətlərinə mükəmməl bələdliyini nümayiş etdirmişdir. Məna və məzmununa görə XVI əsr ərəb poeziya nümunələrindən üstünlüyü ilə fərqlənərək "füsəhayi-ərəbdə məşhur olan" və "ərəb fəsihlərini məsrur edən" bu qəsidələr ərəb ədəbiyyatında əhəmiyyətli mövqe əldə etməyə layiq və qadirdir. Beləliklə, Füzulinin ərəbcə qəsidələri klassik Azərbaycan ədəbiyyatının, eyni zamanda ərəbdilli ədəbi-bədii fikrin əvəzsiz nümunələri kimi çox böyük dəyər və əhəmiyyət kəsb edir.

Ruhəngiz CÜMŞÜDLÜ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video