Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan boğazında "Birgə xəncər 2024B" adlı hərbi təlimlərə başlayıb. Bu barədə məlumat verən ÇXAO-nun Şərq Bölgəsi Döyüş Komandanlığının nümayəndəsi, baş polkovnik Li Si bildirib ki, təlimlər Tayvanın müstəqillik qüvvələrinin separatçı fəaliyyətinə sərt xəbərdarlıq rolunu oynayır. Bu, milli suverenliyi və birliyi qorumaq üçün qanuni və zəruri əməliyyatdır.
Si həmçinin geyd edib ki, təlimlərdə müxtəlif qüvvələrdən olan əsgərlər Tayvan sahillərində birgə iştirak edəcək. Əsas diqqət hava-dəniz döyüşləri və patrul xidməti, həmçinin vacib limanların blokadası, dəniz və yerüstü hədəflərinə hücuma yönəldiləcək. Bu yolla, ÇXAO komanda mərkəzinin rəhbərlik etdiyi əsgərlərin birlikdə işləməyə hazırlığını yoxlayır.
Tayvan Müdafiə Nazirliyi 17 Çin gəmisi və 125 təyyarənin adaya yaxınlaşdığını bildirib. Rəhbərlik Çinin keçirdiyi hərbi təlimlər fonunda Pekinlə münaqişələri genişləndirməyi planlaşdırmır. Bu barədə oktyabrın 14-də nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, bütün zabit və əsgərlərdən daha ayıq-sayıq olmaq, monitorinqi gücləndirmək və fəaliyyətlərini əlaqələndirmək, yumşaqlıq prinsipinə əməl olunması üçün sahil patrul xidməti və digər bölmələrlə sıx əməkdaşlıq etmək və hadisələrə münaqişələri qızışdırmadan və mübahisələrə səbəb olacaq hərəkətlərə yol vermədən reaksiya göstərmək tələb olunur.
Həmçinin qeyd olunub ki, mütəxəssislər və hərbçilər Çinin raket qüvvələrinin bölmələrinin hərəkətini izləyəcəklər.
Bundan əvvəl, sentyabrın 26-da Tayvan Çinin 43 təyyarə və 8 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb. Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.
Çin və Tayvan arasında münaqişə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda adaya səfərindən sonra kəskinləşib. Çin tərəfi Tayvanı öz ərazisi hesab edir və buna görə də başqa ölkələrin rəsmilərinin adaya səfərlərini Tayvanın müstəqilliyinə dəstək kimi qiymətləndirir.
ÇXR hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində uduzan Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələri Tayvana köçdükdən sonra kəsilib. Ada ilə materik Çin arasında əlaqələr 1980-ci illərin sonlarında bərpa edilib.
Bu arada, Çin Xalq Azadlıq Ordusunun Tayvan yaxınlığında hərbi təlimlər keçirməsi ilə əlaqədar ABŞ hərəkətlərini müttəfiqləri ilə koordinasiya edir. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib: "Biz ÇXR-in fəaliyyətini izləməyə və ümumi problemlərimizlə bağlı müttəfiqlər və tərəfdaşlarla hərəkətlərimizi əlaqələndirməyə davam edirik".
Bundan əlavə, Dövlət Departamenti Çini təmkinli olmağa çağırıb və hərbi təlimlərlə bağlı narahatlığını bildirib.
Qeyd edək ki, ABŞ açıq şəkildə Tayvan hakimiyyətini dəstəkləyir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”