04 May 2024 08:45
276
İQTİSADİYYAT
A- A+

BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək

 

Ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə BP şirkəti Bakı Mühəndislik Universitetində yeni laboratoriya açıb.
Laboratoriya BP tərəfindən xüsusi olaraq alınıb və universitetdə quraşdırılmış 30 müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub. Gözlənilir ki, hər il 1000-ə yaxın müəllim və tələbə laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcək, innovativ İKT-dən istifadə etməyi, təhlükəsiz və səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcək, ümumilikdə isə rəqəmsal transformasiyanı mənimsəyəcək. Buraya, əsasən, kompüter mühəndisliyi, İKT, kompüter elmləri və kibertəhlükəsizlik-informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr daxildir.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bununla bağlı deyib: "Mühəndislik Universiteti üçün İKT və kibertəhlükəsizlik bacarıqları və ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bu yeni laboratoriyanı açmaqdan çox məmnunuq. İKT-nin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu söyləməyə gərək yoxdur. Buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, şəbəkələrin idarə edilməsi, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişaf etdirilməsi geniş karyera imkanlarına qapı aça bilər. Daha geniş mənada isə İKT çox böyük iqtisadi əhəmiyyət daşıyır, çünki o, elektron ticarət, elektron idarəetmə, bankçılıq və nəqliyyatdan tutmuş kənd təsərrüfatı, təhsil və tibbə qədər demək olar ki, hər sahədə istifadə olunur.
Gündəlik həyatımızı İKT xidmətləri və tətbiqləri olmadan təsəvvür etmək mümkün deyil. Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək".
Layihə keçən ilin may ayında başlanıb və bu ilin noyabr ayı üçün nəzərdə tutulmuş bitmə tarixindən xeyli əvvəl yekunlaşdırılıb. Layihənin ümumi dəyəri təqribən 403 min manatdır (237 min dollar). 
Xatırladaq ki, BP şirkəti Azərbaycanda 32 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkəmizdə icra etdiyi layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Şirkət Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək göstərmək öhdəliyi götürüb. Həyata keçirilən geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylər insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
BP-nin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilib.
Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon dollardan çox vəsait xərcləyib.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video