05 Oktyabr 2026 15:34
525
SİYASƏT
A- A+
Böyük qayıdış daha da sürətlənəcək  

Böyük qayıdış daha da sürətlənəcək  


Otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur yaddaşımızda təkcə işğal altında qalan torpaqlar kimi deyil, həm də doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın yarımçıq qalmış həyatının ünvanı kimi yaşayırdı. İllər keçsə də, məcburi köçkün ailələrinin evlərinin açarlarını, həyətlərinin, küçələrinin, kəndlərinin xatirəsini qoruması bir gün geri dönmək ümidinin heç vaxt itmədiyini göstərirdi. Bu gün isə həmin torpaqlar artıq həsrətin deyil, böyük quruculuğun, qayıdışın və yeni həyatın məkanına çevrilir. Qarabağ və Şərqi Zəngəzurda şəhərlər yenidən qurulur, kəndlər salınır, yollar çəkilir, məktəblər açılır, insanlar onilliklərdən sonra doğma yurdlarında həyatlarını yenidən başlayırlar.

Azərbaycanın son illərdə keçdiyi yolu Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında səsləndirdiyi bir fikir dəqiq ifadə edir: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər”. Bu sözlərin arxasında uzun və mürəkkəb tarixi yol dayanır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunması Qarabağla bağlı reallıqları kökündən dəyişdi. İndi ölkəmiz üçün əsas məsələlərdən biri azad edilmiş ərazilərdə həyatın tam bərpası, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmasıdır.

Böyük Qayıdışın əhəmiyyətini dəyərləndirmək üçün Azərbaycanın cəmi bir neçə onillik əvvəl üzləşdiyi ağır mənzərəni xatırlamaq yetərlidir. İşğal nəticəsində yüz minlərlə insan doğma yurdundan didərgin düşmüş, uzun illər çadır şəhərciklərində, yataqxanalarda və müvəqqəti məskunlaşma yerlərində yaşamalı olmuşdu. Prezident İlham Əliyev çıxışında ölkənin həmin mürəkkəb dövrdə qarşılaşdığı humanitar böhrana diqqət çəkərək bildirdi: “Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaqda möhkəm dayanmışıq”.

Bu gün həmin mənzərə tamamilə dəyişib. Vaxtilə məcburi köçkünlər üçün yeni qəsəbələr salan Azərbaycan dövləti indi onların öz doğma torpaqlarında yaşayışını təmin edir, Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış standartlarına uyğun yeni həyat qurulur. Evlərlə yanaşı, məktəblər, tibb müəssisələri, yollar, enerji və su infrastrukturu yaradılır, məşğulluq imkanları genişləndirilir. Çünki qayıdışın davamlı olması üçün insanın yalnız evi deyil, işi, təhsili, sosial mühiti və gələcəyə inamı da olmalıdır.

İlham Əliyevin VIII Qurultayda açıqladığı son rəqəmlər görülən işlərin artıq hansı miqyasa çatdığını göstərir: “Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır”. Bu rəqəm azad edilmiş ərazilərdə formalaşmaqda olan yeni həyatın göstəricisidir. Burada söhbət yalnız daimi yaşayış üçün geri qayıdan keçmiş məcburi köçkünlərdən deyil, bölgədə çalışan, tikinti və bərpa prosesində iştirak edən, təhsil alan insanların yaratdığı böyük sosial-iqtisadi mühitdən gedir.

Bu mənada Böyük Qayıdış Azərbaycanın müharibədən sonrakı dövrünün ən böyük layihələrindən biridir. İndiyədək Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayrılıb. Dövlət başçısının bildirdiyi kimi, bu vəsaitin böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib və həmin layihələrin böyük hissəsi artıq başa çatıb. Bu, olduqca mühüm məqamdır. Çünki onilliklər ərzində dağıntılara məruz qalmış ərazilərdə yaşayışın bərpası sadəcə yeni binalar tikməklə mümkün deyil. Bölgənin iqtisadi və sosial həyatını təmin edəcək bütöv infrastruktur sisteminin yaradılması tələb olunur.

İlham Əliyevin açıqlamasına əsasən, artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Lakin hər yeni köç karvanı sadəcə statistik göstərici deyil, daha böyük məna daşıyır. Uzun illər doğma kəndinin, şəhərinin adını ünvan kimi deyil, bir xatirə kimi dilə gətirən insanlar indi həmin yerlərə sakin olaraq qayıdırlar. Bir vaxtlar uşaqlıq və yeniyetməlik illərində tərk etdikləri yurda illər sonra geri dönənlərlə yanaşı, Qarabağı yalnız valideynlərinin, nənə və babalarının xatirələrindən tanıyan yeni nəsil də artıq həyatını bu torpaqlarda qurmağa başlayır. Böyük Qayıdış yalnız insanların doğma yurdlarına dönüşü deyil, həm də nəsillər arasında illər ərzində qırılmış bağların yenidən bərpasıdır.

Qarabağ və Şərqi Zəngəzurun gələcəyi yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Bölgənin zəngin iqtisadi potensialı onun Azərbaycanın ümumi inkişaf sisteminə daha fəal qoşulmasına imkan verir. Kənd təsərrüfatı, turizm, sənaye, xidmət, logistika və digər istiqamətlərdə yaradılan imkanlar qayıdan insanların öz yurdlarında işləməsi və gəlir əldə etməsi üçün mühüm zəmin formalaşdırır. Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi və digər şəhər və rayonlarda həyata keçirilən layihələr bütövlükdə bölgənin yeni iqtisadi modelini formalaşdırır.

Bərpa prosesində müasir texnologiyalara və yeni şəhərsalma yanaşmalarına üstünlük verilməsi də diqqət çəkir. İşğaldan əvvəl mövcud olmuş yaşayış məntəqələrinin sadəcə əvvəlki görkəmdə bərpası deyil, daha rahat, təhlükəsiz və müasir yaşayış mühitinin yaradılması qarşıya məqsəd qoyulub. Başqa sözlə, bu torpaqlarda keçmiş bərpa olunmaqla yanaşı, gələcəyin şəhər və kəndləri də qurulur. Bütün bunlarla yanaşı, görüləcək işlər hələ çoxdur. Otuz ilə yaxın davam edən işğalın nəticələrini bir neçə ilə tam aradan qaldırmaq mümkün deyil. Ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin yenidən qurulması, sosial və iqtisadi infrastrukturun genişləndirilməsi böyük zaman, maliyyə və insan resursları tələb edir. Buna görə də Böyük Qayıdış bir neçə ilin deyil, mərhələli şəkildə davam edən genişmiqyaslı dövlət proqramıdır. Prezident İlham Əliyevin “bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək” fikri də qarşıdakı dövrdə prosesin miqyasının genişlənəcəyini göstərir.

Bir neçə il əvvəl azad edilmiş ərazilərdə qoyulan ilk təməl daşları gələcəyə atılan addım kimi dəyərləndirilirdisə, bu gün həmin torpaqlarda həyatın real mənzərəsi formalaşıb. İnsanlar doğma yurdlarına qayıdır, yeni evlərdə məskunlaşır, uşaqlar məktəbə gedir, əmək fəaliyyəti bərpa olunur. Bununla da Zəfərin nəticələri yalnız hərbi qələbə ilə məhdudlaşmır, azad edilmiş ərazilərin yenidən ölkənin fəal və yaşayan hissəsinə çevrilməsi ilə tamamlanır. Qarabağ və Şərqi Zəngəzurda gedən prosesin ən mühüm göstəricisi də məhz budur. İllər əvvəl tərk edilmiş torpaqlarda bu gün həyat yenidən öz axarına qayıdır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!