29 Iyun 2024 08:45
207
İQTİSADİYYAT
A- A+

BMT Azərbaycanın "yaşıl enerji" siyasətini dəstəkləyir

 

Bu ilin noyabrında  ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. Burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.
Bu fikirlər Prezident İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderseni qəbul edərkən bir daha vurğulanıb. İ.Andersenin fikrincə, ölkəmizdə  keçiriləcək COP29 çox vacibdir, bu mühüm tədbirə  evsahibliyi etməsi həqiqətən də Azərbaycanın  iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsidir. Qonaq eləcə də  "Troyka" mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirib və bu müdrik qərara görə təbriklərini çatdırıb.
Bu gün dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. Azərbaycanda da bərpaolunan enerji sahəsində sürətli inkişaf gedir. Qazanılan nailiyyətlər ölkəmizin və beynəlxalq tərəfdaşlarımızın qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir. 
Lakin bəzi dairələr bir məsələdən narahatlıqlarını bildirirlər. Deyirlər ki, nə üçün COP28-in də, COP29-un da, COP30-un da ev sahibi neft ölkəsi (müvafiq olaraq Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Braziliya) olmalıdır. Üstəlik də, yanacaq enerjisi ilə zəngin olan ölkələri ətraf mühiti çirkləndirməkdə günahlandırırlar. 
Xatırladaq ki, Prezident İlham Əliyev bu dairələrə bir neçə çıxışında tutarlı cavab verib. Məsələn, iyunun əvvəlində Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında dövlətimizin başçısı bu məsələyə bir daha toxunub: "Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.Yəni bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a evsahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik".
Bu məsələdə bizi dəstəkləyənlər də az deyil. BMT-nin Ətraf Mühit Proqramının  icraçı direktoru İ.Andersen də bu günlərdə dövlətimizin başçısı tərəfindən qəbul edilərkən neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdlərinin  ədalətli  olmadığını  deyib. Belə  ki, dünyada hər bir insanın bu cür enerji formasına ehtiyacı var.
UNEP-in icraçı direktoru eləcə də Azərbaycanın "yaşıl iqlim" və "yaşıl keçid" baxımından qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayıb, metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu bildirib. Onun dedikləri göstərir ki,  UNEP Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri  təqdir edir, "ağıllı kənd təsərrüfatı" konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə olunması, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə görülən işləri, Azərbaycanda bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini yüksək qiymətləndirir.
Qeyd edək ki, İnger Andersen ölkəmizə səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı - IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə də görüşüb, Şirvan Milli Qoruğunda olub. Beləliklə, UNEP və Azərbaycan arasında əməkdaşlıq  genişləndirilir. 2026-cı il iyunun 5-də UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək. Bu da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olacaq. Axı ölkəmizin özü də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkir.
Prezident İlham Əliyev UNEP-in  icraçı direktoru  ilə  söhbətdə  də məhz bunu vurğulayıb. Belə ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son zamanlar yağıntının miqdarının artdığı müşahidə olunur. Tullantıların idarə olunması, Xəzərin ətraf mühit məsələləri, dənizin suyunun azalması və bu istiqamətdə daha sistemli iş  diqqət mərkəzində olan məsələlərdir.
BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru ilə İqtisadiyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbərliyinin də görüşləri olub. Bütün görüş və söhbətlərdə   Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən Ətraf Mühit Proqramı ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb, əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.    

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video