15 Iyun 2024 10:10
498
Mədəniyyət
A- A+

Birlik və mərhəmət bayramı

 

İslam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı bütün müsəlman ölkələrində böyük təntənə ilə qeyd olunur. Azərbaycanda isə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd edilir.    
İnsanları halallığa və mərhəmətə səsləyən bu bayramın maraqlı tarixi və şərtləri var. Tarixinə nəzər yetirəndə görürük ki, qurban ayini islamdan çox-çox əvvəllər, müxtəlif coğrafiyalarda müxtəlif formalarda icra olunub. Qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olmuşlar. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə problemlər yaradırdılar. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs əməliyyat sayılırdı.
Qurban bayramının ən önəmli cəhəti isə ondan ibarətdir ki, insan Allahın yaratdığı ən şərəfli və ən üstün canlıdır. Tanrı insan qanının tökülməsinin əleyhinədir.
İslam dini ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək adətinə müqəddəslik mahiyyəti qataraq onu Qurban bayramı adlandıraraq müsəlmanlığın əsas tələblərindən birinə çevirib. İslamın bu adətə etdiyi yeganə əlavə ondan ibarət olmuşdur ki, bu mərasimi hər il hicri tarixi üzrə Zilhiccə ayının 10-da keçirməyi bir növ qanuniləşdirmişdir. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olmasına üstünlük verilir. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər. Lakin fərdi qurban daha savab sayılır.
"Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma anlamını verir. Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə də rast gəlinir.
Əsrlərdir ki, dindarlar hər il qurban kəsərək Tanrıya öz itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkəyə Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi dindarın borcu hesab olunur. 
İnsanları mehribanlığa, birliyə çağıran bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Tanrının imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. 
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. 
Müqəddəs bayramın şərtlərindən biri də qurban kəsməyin yalnız buna imkanı olan adamların boynundakı haqq olmasıdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq da islamda qəbul olunmur. Çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığı və həmrəyliyidır. 
Həmişə olduğu kimi, bu il də ölkəmizdə Qurban bayramı elliklə qeyd ediləcək. Qurbanlar kəsiləcək, dualar oxunacaq, ibadət olunacaq. Allah kəsilən qurbanları, edilən ibadət və duaları qəbul etsin! Bayramınız mübarək! 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video