Azərbaycan ilə Qırğızıstan arasında biznes əlaqələrinin inkişafı üçün Bakı-Bişkek uçuşların sayını artırmaq lazımdır. Bir həftədə mövcud olan yeganə birbaşa reys kifayət etmir. Mən çox istərdim ki, həftədə ən azı üç dəfə uçuş olsun.
Bu barədə AZƏRTAC-a Qırğız Respublikasının Ticarət-Sənaye Palatasının Qadın Sahibkarlığına Kömək və İnkişaf Komitəsinin rəhbəri Aycan Çınıbayeva məlumat verib.
Onun sözlərinə görə, indi əksər uçuşlar Astana və ya Moskva vasitəsilə həyata keçirilir ki, bu da biznes üçün çox əlverişsizdir.
Əməkdaşlığın perspektivli istiqamətləri arasında Aycan Çınıbayeva turizm, kənd təsərrüfatı sektoru, təhsil və tibb sahələrini xüsusi qeyd edib, həmçinin tekstil sənayesində layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
“Əməkdaşlığın inkişafı üçün çoxlu imkanlar var. Qadın sahibkarlığına dəstək layihələrinin yaradılmasında da böyük potensial mövcuddur”, - deyə o, Azərbaycan tərəfinin Qırğızıstanda özəl məktəb açmaq təklifini misal çəkib.
Komitə rəhbəri vurğulayıb ki, vahid türk məkanı çərçivəsində ikitərəfli münasibətlərin potensialı tükənməzidir.
“Qırğızıstan iş adamları portfel investisiyalarını genişləndirirlər və Azərbaycan investorlar üçün maraqlı ölkə ola bilər”, - deyə agentliyin həmsöhbəti hesab edir.
Onun fikrincə, ən yüksək səviyyədə qarşılıqlı səfərlər iki ölkənin iqtisadiyyatının yaxınlaşmasına töhfə verir. “İnanıram ki, Qırğızıstan-Azərbaycan birgə layihələri çox olacaq. Azərbaycandan olan iş adamlarını Qırğızıstanda gözləyirik, bizim də təkliflərimiz olacaq”, - deyə Aycan Çınıbayeva qeyd edib.
O, eyni zamanda, müasir Azərbaycanın Qırğızıstanda daha fəal təbliğ edilməsinin zəruriliyini qeyd edib, çünki ölkə haqqında təsəvvürlər hələ də əsasən sovet dövrünə əsaslanır. “Biz bir-birimiz haqqında daha çox öyrənməliyik”, - deyə Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının nümayəndəsi bildirib.