12 Sentyabr 2024 08:00
412
SİYASƏT
A- A+
Azərbaycanın yerinə yetirdiyi tarixi missiya

Azərbaycanın yerinə yetirdiyi tarixi missiya

 

Ölkəmizlə əməkdaşlıq Avropa üçün strateji əhəmiyyətli məsələlərdəndir

 

Müasir dünyamızda ayrı-ayrı dövlətlər arasında ixtilafların gücləndiyi, gərginliklərin artdığı bir zamanda Azərbaycan nəinki hansısa qütbdə təmsil olunur, əksinə, öz müstəqil mövqeyi, balanslı siyasəti ilə sülhə, əməkdaşlığa, qarşıdurmaların aradan qaldırılmasına töhfə verməyə çalışır. 
Ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzu, ayrı-ayrı dövlətlərin xarici siyasətində rəsmi Bakı ilə əlaqələrin inkişafına verilən önəm, ölkə rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəğbəti, inamı və güvəni, onunla sıx ünsiyyətə can atmaları ölkəmizin ortaya nə qədər böyük siyasi iradə qoyduğunu və üzərinə götürdüyü tarixi missiyanı nə qədər böyük uğurla yerinə yetirdiyini göstərir. Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri bunun daha bir təcəssümü oldu. 

 

Azərbaycan Avropa üçün strateji əhəmiyyətli ölkədir

 

Səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr, aktuallaşan reallıqlar, Prezident İlham Əliyevin sentyabrın 6-da "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, bu gün Avropa ilə əlaqələr Azərbaycan üçün mühümdürsə, Azərbaycanla əməkdaşlıq da Avropa ölkələri üçün həyati əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan, Avropa İttifaqı Şurasının sədri, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının sədri kimi, Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəklədiyini bəyan etməsi Avropa məkanındakı uzaqgörən təcrübəli liderlərin ümumi baxışı sayıla bilər. 
İtaliya da Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu ölkə Azərbaycanın xam neft və neft məhsullarının ixracı sahəsində ən iri ticarət tərəfdaşıdır. Ölkəmiz enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin reallaşmasında digər iştirakçı dövlətlər kimi İtaliya da böyük rol oynayıb.
TAP-ın son nöqtəsi məhz İtaliyada yerləşir. Ölkəmiz bu kəmər vasitəsilə Avropanın 10 ölkəsini qazla təmin edir və onların enerji təhlükəsizliyinə təminat yaradır. Bu qlobal enerji infrastrukturu regionun enerji bazarında çox əhəmiyyətli rol oynayır. TAP-ın uğurla reallaşması bir tərəfdən İtaliyanın özünün enerji təhlükəsizliyini təmin edir, eyni zamanda belə bir enerji layihəsinin həlledici tərəflərindən biri kimi bu ölkənin Avropa məkanındakı mövqeyini daha da gücləndirir. 
Təkcə ötən il TAP vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Azərbaycanla Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər ölkəmizdən qazın tədarükünün ildə azı 20 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu həcmin əhəmiyyətli hissəsi, TAP vasitəsilə reallaşacaq, İtaliya yenə də bu prosesdə fəal rol alacaq və bütün bunlar Azərbaycanla tərəfdaşlıqdan sözügedən ölkəyə həm siyasi, həm iqtisadi cəhətdən böyük dividendlər qazandıracaq. 
Digər bir məsələni vurğulayaq ki, Azərbaycana investisiyalar yatırımı İtaliyanın işgüzar dairələri üçün maraqlı və gəlirlidir. Bu ölkədən olan iş adamlarının respublikamıza yatırdıqları sərmayələr, bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirakları bunu təsdiqləyir. Hazırda ölkəmizdə təxminən 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Onlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sektorlarda uğurlu layihələr reallaşdırır, həm öz bizneslərini genişləndirir, həm də Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verirlər. 
Tarixi Zəfərimizdən sonra bu gün Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq proseslərində İtaliya şirkətlərinin podratçı kimi yaxından iştirakı, bu bölgələrimizdə şirkətlərinin sayına görə Türkiyədən sonra ikinci gəlməsi də ölkələrimiz arasındakı münasibətlərdə xüsusi vurğulanmalı məqamlardandır.  

 

"Biz yaxşı nəticə hasil edə biləcək ölkəyik"

 

İtaliya hər zaman Azərbaycanın suverenliyinə, yürütdüyü müstəqil siyasətə hörmətlə yanaşan dövlətlərdən olub. Bu ölkə ilə münasibətlərin xoş nümunəsi sübut edir ki, bizimlə əməkdaşlığa maraq göstərən, milli mənafelərimizə hörmət bəsləyən, məsələlərə ikili standartlardan deyil, obyektivlik prizmasından yanaşan bütün dövlətlərlə, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərlə əlaqələri uğurla inkişaf etdiririk. Bu əlaqələrdən faydalanaraq ölkəmiz həm Cənubi Qafqaz regionunun gələcəyi, həm Avropa məkanı, həm də ümumən dünyamız üçün yeni dəyərlər yaradır.    
Azərbaycan Prezidenti "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışı zamanı dedi: "...Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, - yeri gəlmişkən, Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, - 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik".
Azərbaycan və İtaliya hər bir cəmiyyətin gələcəyini yaradan təhsil sahəsində də uğurla əməkdaşlıq edir. "Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik"- deyən Azərbaycan Prezidenti xüsusi vurğuladı ki, artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti - Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
Beynəlxalq arenada yerini genişləndirərək müxtəlif qütblərlə bərabərhüquqlu əməkdaşlıq əlaqələrini uğurla həyata keçirən Azərbaycanın bu gün çağdaş dünya siyasətində oynadığı vacib rol sadəcə xarici siyasət kursu, ölkələrarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq təşkilatların işində fəal iştirak deyil, bundan daha böyük məna daşıyan reallıqdır.  Qeyd etdiyimiz kimi, bu, dünyanın və bəşəriyyətin gələcəyi, mövcud böhranlardan qurtuluşu üçün yerinə yetirilən tarixi missiyadır. Belə bir missiyanı məhz Azərbaycan yerinə yetirə bilər və yetirir. Çünki qeyd edilən istiqamət geostrateji mövqedən, tarixi ənənələrə, mövcud resurslara, gələcəyə aydın baxışa, siyasi-ideoloji xəttə, ən mühümü isə ölkə liderinin şəxsi keyfiyyətlərinə, qətiyyətinə, strateji düşüncəsinə, yaratdığı şəxsi nümunələrə, zəkasına, beynəlxalq dairələrdə onun personasına olan inama, rəğbətə qədər ən müxtəlif faktorları özündə birləşdirən mürəkkəb bir missiyadır. Azərbaycan müasir dünya düzənində çox az və bəlkə də yeganə ölkədir ki, bunun üçün bütün lazımi şərtləri tamamlaya bilir. 
Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə Qərb, Yaxın Şərq, Mərkəzi Asiya ölkələrinə səfərlərini, Qoşulmama Hərəkatı çərçivəsindəki uğurlu fəaliyyətini, bu çərçivədə əməkdaşlıq səylərini nəzərə alsaq, ölkəmizin nə qədər tarixi bir vəzifəni müvəffəqiyyətlə yerinə yetirdiyini görərik. 

 

Tarixin sınağından çıxmış münasibətlər 

 

Azərbaycan Prezidenti forumdakı çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən, sonrakı mərhələlərdə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək istiqamətində aparılan işlərdən geniş danışdı. Bu gün Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Dövlətimizin başçısı dedi: "Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.
Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək". Təbii ki, bu, təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. 
Yeri gəlmişkən bir faktı da qeyd edək ki, Azərbaycan-İtaliya münasibətləri tarixin sınaqlarından çıxmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonrakı yeni tarixi reallıqlar, rəsmi Romanın ölkəmizin haqq mübarizəsinə münasibətdə tutduğu mövqe bunu bir daha təsdiqləmişdir. Guya regiona sülh gətirmək istəyən bəzi Avropa ölkələrinin parlamentlərindəki ultra-sağçı ermənipərəst qüvvələrin qəbul etdikləri tövsiyə xarakterli saxta çağırışlar fonunda İtaliya 44 günlük müharibə dövründə, ondan sonra da, indi də Azərbaycanın yanında oldu. Azərbaycana dəstək bəyanatları verdi. Bununla kimin ədalətsizliyin, dağıdıcı vandalizmin, yeni münaqişələr üçün əsasların, kimin ədalətin, sülhün, quruculuğun yanında olduğu göründü.
Forumda Azərbaycanın Rusiya və Ukrayna arasındakı münaqişənin həlli prosesində iştirakı perspektivi barədə də danışıldı. Hər iki dövlətlə çox yaxşı münasibətlərə malik ölkə kimi Azərbaycan bu müharibənin dayandırılmasına, hər iki tərəfdən insan itkilərinin, dağıntıların qarşısının alınmasına kömək göstərə bilər. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda ona ünvanlanmış suala cavabında da xatırlatdığı kimi, Azərbaycan Rusiya və Ukrayna ilə yanaşı, 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. Tarixi əlaqələrdən irəli gələrək xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün Azərbaycan Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyir. Eyni zamanda Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına da qoşulmayıb və belə bir niyyətdə deyil. "Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq", - dedi Azərbaycan Prezidenti.
Azərbaycan Prezidenti bu kontekstdə maraqlı bir faktı da diqqətə çatdırdı ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən Azərbaycana müraciət edilib. Hazırda hər iki ölkə Rusiya qazının bu ilin sonunda müddəti başa çatan tranzit müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır. "Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır", - deyən cənab İlham Əliyev bununla bağlı müəyyən nikbinliyin olduğunu da vurğuladı və bildirdi ki, burada uğur əldə edilsə, bütün regionu viran edən müharibəyə son qoymaq üçün əlavə addımlar atmaq da mümkündür.

 

İtaliya COP29-da fəal təmsil olunacaq

 

Azərbaycan Prezidentinin İtaliyaya səfəri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kontekstində də maraq doğurur. İtaliya bu tədbirdə geniş tərkibdə təmsil olunan ölkələrdən olacaq. Bu da təsadüfi deyil. İqlim dəyişikliyi ilə bağlı problemlərin həllində maraqlı olan İtaliya bu məsələ üzrə mövqeyi, xüsusən  məsuliyyətlərin bölüşdürülməsi və mövcud iqlim vəziyyəti ilə bağlı həll yollarının axtarışı səyləri ilə COP-29 tədbirinin öz məqsədinə çatmasına mühüm töhfələr verə bilər. 
Bütün bu məqamları nəzərə almaqla əminliklə qeyd edə bilərik ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri tarixi bir səfərdir və bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:56
17 Sentyabr

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:45
17 Sentyabr

“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:44
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420

01:41
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

01:40
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225

01:36
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226

01:35
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227

01:34
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası – Qərar № 45/228

01:31
17 Sentyabr

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib  

23:33
16 Sentyabr

Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk

23:29
16 Sentyabr

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  

23:28
16 Sentyabr

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib  

23:27
16 Sentyabr

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb  

23:27
16 Sentyabr

Fatma Şahin: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq  

23:26
16 Sentyabr

İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanları öyrənilir

23:25
16 Sentyabr

Fərid Qayıbov Paris-2024-də çıxış edən Azərbaycan paralimpiyaçıları və məşqçi heyəti ilə görüşüb

23:24
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!