28 Aprel 2024 08:35
433
İQTİSADİYYAT
A- A+

Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir

 

Ölkəmiz ev sahibi olaraq COP29-un yüksək səviyyədə keçməsi üçün ciddi hazırlaşır

 

Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a gələn yol adlandırdılar. Çünki COP29 ərəfəsində təşkil olunan bu tədbir, adından da göründüyü kimi, iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək məqsədi daşıyırdı. COP29-a evsahibliyi edəcək ölkənin rəhbəri kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm tədbirin Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış etmişdir.
"COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".
Çıxışına bu məzmunda başlayan Prezident İlham Əliyev digər bir vacib məqamı da vurğuladı. Belə ki, COP29-un keçirilməsinə qərar veriləndən dərhal sonra bəzi mətbuat orqanları bir məsələdən narazılıqlarını bildirdilər. Bundan əvvəlki - 28-ci sessiyanın Birləşmiş Ərəb Əmirliklərində keçirildiyini vurğulayaraq soruşdular ki, iqlim dəyişmələrinə həsr olunan bu mötəbər tədbirə nə üçün növbəti dəfə yenə neft-qaz ölkəsi evsahibliyi edəcək? Prezident İlham Əliyev Berlindəki bütün çıxışlarında məhz həmin məsələyə də toxundu. Bildirdi ki, neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalı, onlar buna görə qınaq obyektinə çevrilməməlidir. Çünki bu ölkələr, o cümlədən Azərbaycandan əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün böyük səylər göstərmişlər. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Bu təbii sərvət Tanrıdan verilən bir paydır və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Əsas məsələ isə həmin sərvətdən düzgün istifadə etməkdir. 
Azərbaycana gəldikdə, ölkəmizdə karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərdən düzgün istifadə olunur. Buna görə də yoxsulluğun səviyyəsi son 20 il ərzində 50 faizdən 5 faizə enmişdir. Borcumuz ümumi daxili məhsulun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür. Bu gün biz həm də erməni vandallarının 30 il ərzində xarabaya çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru yenidən tikib-qururuq.
COP29-a evsahibliyi etməyi ölkəmiz özü üçün böyük şərəf sayır. Lakin bu həm də məsuliyyətdir. İndi Azərbaycan bu qlobal tədbirə evsahibliyi edəcək ölkə kimi hazırlığın fəal mərhələsindədir. Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik. "Yaşıl gündəliyimiz" də artıq dünyaya bəllidir. Əslində, Azərbaycanın bu gündəliyi hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Xarici tərəfdaşlar və sərmayədarlarla "yaşıl keçid" üzrə nəhəng layihələrə start verilib. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. 
Təkcə bu il 1300 meqavat günəş və külək enerjisini istehsal etmək gücü olan stansiyaların təməli qoyulacaq. 2027-ci ilin sonuna qədər isə 2000 meqavat "yaşıl enerji"miz olacaq. Həmin vaxta qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. 2030-cu ilə qədər isə əlavə olaraq 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların da gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensial qaz istehlakının əksər hissəsini elektrik enerjisi ilə əvəzləməyə imkan verəcək. Nəticədə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq. Dövlətimizin başçısı bununla bağlı demişdir: "Neft və qazımız həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır". 
"Yaşıl enerji"nin də dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətləri, o cümlədən Qara dənizin dibi ilə kabel çəkmək üçün texniki əsaslandırma işləri son mərhələsinə çatıb. Bu da Azərbaycana 4 qiqavat (4000 meqavat) həcmində "yaşıl enerji"ni Avropaya ixrac etmək imkanı yaradacaq. Xatırladaq ki, Xəzərdə 157 qiqavat külək enerjisi ehtiyatlarımız təsdiq olunub.
Bir sözlə, Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Başqa sözlə, Azərbaycan körpülər yaradacaq, o cümlədən "yaşıl enerji"yə keçidlə və iqlim dəyişikliyi ilə bağlı. Dünyada hər kəs gündəliyimizin "yaşıl enerji" ilə bağlı olduğunu bir daha görəcək. 
Prezident İlham Əliyev Berlində bunları bir daha vurğulayaraq demişdir: "Yekun fikrim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin eyni zamanda artıq qeyd etdiyim kimi, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video