17 Iyul 2024 09:05
217
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Tatarıstan neftçiləri bir-birinin təcrübəsindən faydalanacaqlar

 

İndi "Bibiheybət" yatağında "Tatneft" şirkəti də işləyəcək. "Tatneft" Azərbaycanın bu  qədim yatağının  işlənməsi layihəsinə daxil olacaq və burada SOCAR ( Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə birlikdə texnologiyaların tətbiqi üzərində iş aparacaq.
SOCAR-la Rusiyanın "Tatneft" Publik Səhmdar Cəmiyyəti (PSC) arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair saziş və neft yatağında birgə işlərə dair anlaşma memorandumu hələ bu ilin mart ayında imzalanıb. SOCAR-ın və "Tatneft"in rəhbərlərinin görüşü də olub  və şirkətlər  arasında insan kapitalının inkişaf etdirilməsi,  bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb. Bunun ardınca, may ayında isə SOCAR və "Tatneft" arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

"SOCAR ilə bizim çox sıx əməkdaşlığımız var. Biz indi "Bibiheybət" yatağında işləri aparmağa hazırlaşırıq, burada SOCAR-dan olan həmkarlarımızla birlikdə mövcud texnologiyaların tətbiqi ilə məşğul olacağıq". "Tatneft"in rəhbəri Nail Maqanov Almetyevskdə keçirilən V Beynəlxalq Neft-Qaz Gənclər Forumunun iştirakçıları ilə neft şirkətlərinin ənənəvi "Bərabərhüquqlu dialoq" sammiti zamanı belə  deyib.  Şirkətin rəhbəri nəzərə çatdırıb ki, " Bibiheybət"  Azərbaycanın ən qədim yataqlarından biridir. Həmçinin  əlavə edib ki, "Tatneft" Türkiyədə də SOCAR ilə birgə işləyir, neft-kimyanın inkişafı və neft emalı zavodlarının yenidən qurulması sahəsində fəal iş aparır: "Biz həmkarlarımızla bu sahələr üzrə birgə işləməkdən məmnunluq duyuruq".
Qeyd edək ki, "Tatneft" Rusiyanın beynəlxalq aləmdə tanınmış və qəbul edilmiş neft şirkətlərindəndir. Bu nəhəng istehsalat kompleksində neft və qaz yataqlarının geoloji kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin hasilatı və emalı, maşınqayırma, neft kimyası, yanacaqdoldurma, şin buraxılışı sahələri birləşib. "Tatneft" eləcə də maliyyə (bank və sığorta) sektoru şirkətlərinin kapitalında iştirak edir.
Şirkət Rusiyanın bir çox ərazisində neft-qaz yataqlarının öyrənilməsi, kəşfiyyatı və karbohidrogenlərin hasilatı ilə məşğul olsa da, əsas fəaliyyət məkanı Tatarıstandır. "Tatneft"in respublikada və onun hüdudlarından kənarda yataqların geoloji cəhətdən öyrənilməsi üçün   çoxsaylı  lisenziyaları  var. Şirkət indiyədək  "Yeni Yelxov", "Bavlin", "Boncyuk", "1 May", "Sabaçin" də daxil olmaqla 100-dən çox yataqda iş aparıb. Bununla belə, əsas ehtiyat mənbələri dünyanın ən böyük yataqlarından olan "Romaşkin"də yerləşir. Şirkət ümumi hasilatının böyük hissəsini bu yataqdan əldə edir.
Yataqlarının coğrafi cəhətdən bir-birinə yaxınlığı, özünün emal və generasiya qurğularının, neftin və digər məhsulların satışı üçün logistikasının olması şirkətin biznesinə müsbət təsir göstərir. Belə ki, "Tatneft" dünyanın onlarla ölkəsinə məhsul ixrac edir. Şirkətin neft emalı məhsulları Rusiyanın müxtəlif  regionunda satılır. Şirkət neft-qaz hasilatının rentabelliyinin, istehsal həcmlərinin, emal məhsullarının satışının artırılması, əməliyyat xərclərinin azaldılması, sərmayələrin səmərəliliyinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim yeni təşəbbüslər irəli sürür.
Sabit inkişafa və neft hasilatının getdikcə artmasına təkan verən həm də şirkətin böyük istehsalat təcrübəsi, müasir texnologiyalar və elmi-texniki potensialdır. Neft hasilatının biznes-planlaşdırılması, yataqların işlənməsi proseslərinin sürətləndirilməsi və iqtisadi cəhətdən daha səmərəli geoloji-texniki tədbirlərin həyata keçirilməsi üçün burada mövcud olan modellər əsasında modelləşdirmə mərkəzi yaradılıb.
Bir sözlə, "Tatneft"in fəaliyyəti çoxşaxəlidir. Qısaca desək, onun neft quyusundan başlanıb benzindoldurma məntəqəsində sona çatan fəaliyyət zənciri var.
Şirkət  digər ölkələrdəki həmkarları ilə əməkdaşlığı getdikcə genişləndirir. "Tatneft" hər il Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində və Konfransında ilk dəfə 2019-cu ildə iştirak etdi. Beş il əvvəl Bakı Ekspo Mərkəzində   adıçəkilən  sərgi zamanı şirkətin nümayəndəsi  bizimlə söhbətində demişdi:" "Tatneft" əməkdaşlığa açıq şirkətdir. Bir sıra birgə layihələrimiz var və indi yeniləri üzərində də işləyirik. Türkmənistan, Özbəkistan, Qazaxıstan neftçiləri ilə sıx əlaqələrimiz var. Azərbaycanlı həmkarlarımızla da əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Açığı, bizi bu sərgiyə SOCAR dəvət edib. Biz SOCAR-ın nümayəndələri ilə Özbəkistanda keçirilən analoji sərgidə tanış olduq. Dəvəti də elə orada aldıq. Düşünürəm ki, əməkdaşlığımız çox faydalı olacaq. Çünki həm Azərbaycan, həm Tatarıstan neft-qaz sektorunda zəngin təcrübə qazanıblar və bilgilərimizin mübadiləsindən hər iki tərəf bəhrələnəcək. Artıq bu sahədə müəyyən razılaşmalara gəlmişik və danışıqları davam etdiririk".
İndi bu əməkdaşlıq artıq öz bəhrəsini verməyə başlayıb. Onu  da qeyd edək ki, "Tatneft"in  "yaşlı" yataqlara xidmət etmək, onlardan maksimum  hasilat almaq sahəsində də zəngin təcrübəsi var. "Bibiheybət" yatağında da  məhz bundan istifadə ediləcək.

Flora SADIQLI,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video