Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani geniş tərkibdə görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyini, strateji tərəfdaşlığın hazırkı vəziyyətini və perspektivlərini, eləcə də əsas regional və beynəlxalq inkişafları müzakirə ediblər.
Nazirlər 2014 və 2020-ci illərdə imzalanmış Strateji Tərəfdaşlıq sənədlərinə əsaslanan iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 12 milyard ABŞ dollarına çatması ilə İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Nazirlər ticarət, investisiya, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Həmçinin Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes-Forumunun nəticələrini müsbət qiymətləndiriblər.
Nazirlər Azərbaycanın İtaliya üçün etibarlı enerji təchizatçısı kimi rolunu, Cənub Qaz Dəhlizinin və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini, eləcə də SOCAR-ın İtaliyanın enerji bazarında genişlənən mövcudluğunu vurğulayıblar.
Nazir Ceyhun Bayramov İtaliya şirkətləri üçün Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika infrastrukturunun qurulması, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və inkişaf layihələri çərçivəsində mövcud olan imkanları diqqətə çatdırıb. Kritik xammal sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi də vurğulanıb.
Nazirlər regiondakı proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması istiqamətində səylər barədə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, eləcə də minaların yaratdığı çətinliklər barədə məlumatlandırıb.
Nazirlər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha qeyd edərək, xalqlararası əlaqələrin möhkəmləndirilməsində İtaliya-Azərbaycan Universitetinin rolunu vurğulayıblar.
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.