Türkmənistan və Azərbaycanı bir-birinə ortaq din, tarix, dil və mədəniyyət bağlayır. Bu amillər iki ölkə münasibətlərinin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. Türkmənistan 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və həmin dövrdən etibarən iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Ümummilli Lider Heydər Əliyevin Türkmənistana səfərləri Azərbaycan-Türkmənistan münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər 1994-cü ildə Türkmənistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Sonrakı dövrdə də dövlət başçılarının qarşılıqlı səfərləri baş tutub, beynəlxalq platformalarda birgə iştirak təmin olunub və siyasi dialoq davamlı şəkildə inkişaf edib.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə müsahibəsində deyib ki, Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda fəaliyyət göstərərək müxtəlif məsələlərin müzakirəsində öz mövqeyini ifadə edib və təşkilatın inkişafına maraq göstərib. Bu baxımdan gələcəkdə Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv kimi qoşulması ehtimalı kifayət qədər yüksəkdir. "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını davamlı şəkildə genişləndirir. Son illər formalaşan C5+Azərbaycan formatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada təmsil olunması Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistanla münasibətlərin inkişafına yeni impuls verib. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birinin mövqeyini dəstəkləyiblər. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edib və Qəbələdə TDT tədbirində iştirakı çərçivəsində dövlət başçıları ilə bir yerdə Füzuli rayonunda Türkmənistan tərəfindən inşa edilən məscidin onlayn təməlqoyma mərasimində iştirak edib. Bu, iki ölkə arasında dostluğun və qardaşlığın növbəti təzahürü kimi qiymətləndirilə bilər", - deyə o əlavə edib.
Bu gün Azərbaycan-Türkmənistan münasibətləri siyasi müstəvidə yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərin əsas sütunlarından biridir. İqtisadi sahədə də əməkdaşlığın inkişafı üçün geniş hüquqi baza formalaşdırılıb. İndiyədək iki ölkə arasında 120-dən çox sənəd imzalanıb. Bu sənədlər arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur və münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir.
A.Badamov bildirib ki, Azərbaycan və Türkmənistan qədim İpək yolunun üzərində yerləşərək, "Şərq-Qərb" nəqliyyat dəhlizinin mühüm iştirakçıları kimi çıxış edirlər: "Türkmənistan Çindən və Mərkəzi Asiyadan gələn yüklərin Türkmənbaşı Beynəlxalq Dəniz Limanı vasitəsilə Azərbaycana çatdırılmasında mühüm rol oynayır. Bu yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətinə daşınır. Ticarət əlaqələrinə nəzər saldıqda da müsbət dinamikanı görmək mümkündür. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb. Bu artım nəqliyyat, logistika, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişlənməsi ilə bağlıdır".
Deputat qeyd edib ki, Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir və bu baxımdan türkmən qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması məsələsi xüsusi aktuallıq daşıyır: "Hazırda Xəzər dənizinin dibi ilə mümkün qaz kəmərinin çəkilməsi və Türkmənistan qazının "Cənub qaz dəhlizi"nə inteqrasiyası perspektivləri müzakirə olunur. Layihənin reallaşması həm Avropanın enerji təhlükəsizliyinə töhfə verə, həm də Azərbaycan və Türkmənistan üçün əlavə iqtisadi dividendlər yarada bilər. Bununla yanaşı, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında Xəzər dənizi üzərindən "Yaşıl dəhliz" layihəsinin həyata keçirilməsi istiqamətində də işlər aparılır. Layihənin reallaşması nəticəsində "yaşıl enerji" ötürülməsi, rəqəmsal əlaqələrin genişləndirilməsi və fiber-optik xətlərin çəkilməsi mümkün olacaq".
A.Badamov vurğulayıb ki, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi enerji və nəqliyyat sahələrində yeni layihələrin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu səfər Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində dövlət başçıları arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlər zamanı siyasi, iqtisadi, nəqliyyat, logistika, enerji, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub. Görüşlər göstərir ki, Azərbaycan və Türkmənistan qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə malikdir və əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.
"Səfərin ən mühüm nəticələrindən biri müxtəlif sahələri əhatə edən yeni sənədlərin imzalanmasıdır. Bu sənədlər nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, enerji əməkdaşlığının inkişaf etdirilməsi, investisiyaların təşviqi, gömrük və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsi üçün yeni hüquqi baza formalaşdırır", - deyə o bildirib.
Deputat bu səfərin Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi, Orta dəhlizin inkişafı, Şərq-Qərb nəqliyyat marşrutunun potensialından daha səmərəli istifadə olunması və Türkmənistanın tranzit imkanlarının artırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Bütövlükdə, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və imzalanmış sənədlər Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirir. Bu sənədlər qarşıdakı dövrdə siyasi dialoqun daha da intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və regionda birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm zəmin yaradır".
A.Badamov bildirib ki, perspektivdə əsas istiqamətlərdən biri yeni tranzit imkanlarının formalaşdırılmasıdır: "Həm Azərbaycanın, həm də Türkmənistanın açıq dənizlərə birbaşa çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan öz əlverişli coğrafi mövqeyindən səmərəli istifadə edərək mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılması ilə bağlı həyata keçirilən layihələr Türkmənistan üçün Azərbaycan üzərindən tranzit imkanlarını daha da genişləndirir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması perspektivi Mərkəzi Asiya ölkələri üçün yeni logistika və nəqliyyat imkanları yaradır". Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükötürmə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr də regional tranzit potensialını gücləndirir. Limanın imkanlarının genişləndirilməsi Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin yüklərinin daha sürətli və effektiv daşınmasına şərait yaradacaq. Beləliklə, Türkmənistan məhsullarının Avropa bazarlarına çıxışı asanlaşır, eyni zamanda Çindən gələn yüklərin Azərbaycan üzərindən Qərb bazarlarına çatdırılması təmin edilir. Rəqəmsal dəhliz və "yaşıl enerji" layihələri də gələcək əməkdaşlığın əsas istiqamətlərindəndir. Bu layihələr iqtisadi əlaqələrin daha da dərinləşməsinə və regionun strateji əhəmiyyətinin artmasına xidmət edəcək".
Azərbaycan və Türkmənistan arasında diplomatik əlaqələrin inkişaf etdiyini söyləyən deputat əlavə edib ki, parlamentlərarası əlaqələr davamlı olaraq genişlənir, deputatların və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri parlament diplomatiyasının inkişafına mühüm töhfə verir. Azərbaycan son illərdə mühüm beynəlxalq tədbirlərə evsahibliyi edən ölkələrdən birinə çevrilib. Türkmənistan nümayəndə heyətləri də bu tədbirlərdə fəal iştirak edirlər. Bu, həm beynəlxalq müstəvidə əməkdaşlığın genişlənməsinə, həm də ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığı müşahidə olunur. Azərbaycanla Mərkəzi Asiyanı Xəzər dənizi həm ayırır, həm də birləşdirir. Nəqliyyat, enerji və kommunikasiya layihələri bu birləşdirici rolu daha da gücləndirir.
"Azərbaycan-Türkmənistan münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, mədəni-humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin əsas istiqamətlərini təşkil edir. Mövcud dinamika göstərir ki, qarşıdakı illər iki ölkə arasında əməkdaşlıq daha da genişlənəcək və Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı regionun inkişafına mühüm töhfələr verməkdə davam edəcək", - deyə deputat bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"