10 May 2024 08:05
246
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Slovakiya əməkdaşlığının perspektivləri genişdir

 

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır. Gələcək əməkdaşlığın perspektivləri barədə inamla fikir söyləmək  üçün  Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmasını göstərmək kifayətdir. Bu, iki ölkə arasında  əlaqələri yüksək səviyyəyə qaldıran  bir sənəddir və  müştərək yolumuzun   uğurlu olacağından xəbər verir.
Hazırda Azərbaycanla  Slovakiya arasında  ticarət dövriyyəsi 70 milyon avrodan bir az çoxdur. Lakin bu rəqəmin yüksəlməsi üçün heç bir problem yoxdur. Belə ki, Slovakiya ölkəmizlə enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. 
Konkret olaraq enerji sahəsinə gəldikdə  onu demək mümkündür  ki,  Slovakiya Azərbaycandan qaz idxal edən doqquzuncu ölkə olacaq. Hazırda Azərbaycan səkkiz  ölkəyə  -  Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Serbiya və Macarıstana öz təbii qazını ixrac edir.  Onu da xatırladaq ki, keçən ilin aprel ayında Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikası  Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumu imzalanmışdır. Bu sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükünün "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulur. Prezident İlham Əliyev cari il mayın 7-də mətbuata bəyanatında bu məsələyə də toxunaraq demişdir: "Beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 
50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda bizim genişmiqyaslı "yaşıl gündəliy"imiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır".
Slovakiyanın Baş naziri Robert Fitso həmçinin neft emalı və bərpaolunan enerji sahələrində də əməkdaşlıq üçün imkanların olduğunu bildirmişdir: "Neft də Slovakiya üçün önəmlidir. Çünki biz tamamilə Rusiya neftindən asılıyıq. Bildiyiniz kimi, Bratislavada böyük neftayırma zavodu var. Sizin neftin keyfiyyəti də hazırda ölkəmizdə araşdırılır. Mən neft üzrə ekspert deyiləm. Amma sizin neft də seçimlərdən biridir və ola bilər. Buna görə də bu layihə üzrə irəliləmək lazımdır. Hərbi sahədə olduğu kimi, enerji sahəsində də əməkdaşlıq etmək mümkündür. Slovakiya inkişaf edən bir ölkədir. Bəlkə də külək və günəş enerjisi sahəsində də nələrsə edə bilərik. Yəni bizim ölkə inkişaf edir. Bu sahədə əməkdaşlığa tamamilə hazırıq. Bildiyiniz kimi, bu sahədə bizim böyük təcrübəmiz var. Yəni əlaqələrin inkişafı üçün biz hər zaman hazırıq, təcrübəmizi də sizinlə bölüşə bilərik. Dediyim kimi, istər külək enerjisi olsun, istər günəş enerjisi, istərsə də fotovoltaiklər. Yəni biz bunlara açığıq".
Qeyd edək ki,  hazırda Azərbaycanda bir sıra Slovakiya şirkətləri fəaliyyət  göstərir. Bu şirkətlər yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Əməkdaşlığın  növbəti istiqaməti isə Qarabağ və Şərqi Zəngəzurdur. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Slovakiyalı mütəxəssislər işğaldan azad edilmiş torpaqlarımızda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında işlər görəcəklər. Bu da dövlətimizin başçısının dediyi kimi, böyük rəmzi məna daşıyır. Çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Əlbəttə ki, bu, yurd yerlərinə qayıdacaq insanlarımızı da  sevindirəcək. 
Slovakiyanın Baş naziri Robert Fitso Prezident İlham Əliyevə bununla bağlı  demişdir: "Cənab Prezident, Qarabağdakı təşəbbüsümüzü dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Bu, "ağıllı kənd" layihəsidir. Bu, çox maraqlı bir layihədir. Mən imkan düşən kimi böyük məmnuniyyətlə oraya səfər etmək istərdim və ümid edirəm ki, Siz də tez bir zamanda bizə - Slovakiyaya səfər edəcəksiniz. Orada biz bu irəliləyişlə bağlı müzakirələr apara bilərik. Eyni zamanda biz kiçik hava limanının inşası ilə də maraqlanırıq və enerji sahəsində əməkdaşlıq da bizə maraqlıdır".
Heç bir şərhə ehtiyacı olmayan sözlərdir. Bununla belə, qısaca demək istərdik ki, Azərbaycan-Slovakiya əməkdaşlığının geniş üfüqləri görünür. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video