Dövlətimiz milli maraq və mənafelərini qətiyyətlə təmin edir
Qarşıdan Vətən müharibəsinin başlanmasının 4-cü, antiterror tədbirlərinin isə birinci ildönümü gəlir. Torpaqlarımızın işğaldan azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunması və erməni separatizminə son qoyulması ilə nəticələnən bu hadisələr tariximizi şərəfləndirdi, xalqımızı qürurlandırdı. Eyni zamanda tarixi nailiyyətlər təsdiq etdi ki, Azərbaycan öz milli maraq və mənafelərini qətiyyətlə təmin edə bilən dövlətdir.
Müstəqil siyasətin möhtəşəm nəticələri
Ümumiyyətlə, müstəqillik tariximiz qürurdoğuran həqiqətlərlə zəngindir. Bu həqiqətlərdən biri yerləşdiyi coğrafi bölgənin aparıcı dövləti kimi tanınan Azərbaycanın qlobal səviyyədə də söz sahibi kimi qəbul edilməsidir. Bir vaxtlar dərin siyasi və iqtisadi böhranlar məngənəsində olan Azərbaycan indi regionda və dünyada özünün möhkəm mövqeləri, yüksək nüfuzu ilə fərqlənən dövlətdir. Azərbaycan o dövlətlərdəndir ki, dünyada sülhə, təhlükəsizliyə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir.
Əlbəttə, Azərbaycanın regional və qlobal miqyasda uğurlarını şərtləndirən ən mühüm səbəblərdən biri yürütdüyü müstəqil siyasətdir. Bu siyasətin müstəqil olması, xalqın və dövlətin maraqlarına xidmət etməsi güclü respublikamızın uğurlarını xarakterizə edən əsas məqam kimi özünü göstərir. Azərbaycanın bütün regional və qlobal məsələlərə dair özünün mövqeyi var. Prezident İlham Əliyev bununla bağlı deyib: "Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik".
Müstəqil siyasət yürütmək hər dövlətə nəsib olmur. Ermənistanın nümunəsində bunu görmək mümkündür. Yaxud müstəqil siyasət yürüdüb xarici təzyiqlərin qarşısında duruş gətirə bilmək də hər dövlətin işi deyil. Bununla bağlı kifayət qədər nümunələr çəkmək olar. Müstəqil siyasət yürütmək qlobal proseslərdə fəal iştirak etmək, öz mövqeyini göstərmək, milli mənafelərini təmin edə bilməkdir. Bu kontekstdən yanaşanda Azərbaycan həm müstəqil siyasət yürüdən, həm də ona qarşı olan bütün təzyiqləri qətiyyətlə dəf edərək, öz milli maraqlarını inamla reallaşdıran dövlətdir.
Azərbaycanın müstəqil siyasi kursunun nəticəsidir ki, enerji siyasətimiz dövlətimizin milli maraqlarına uğurla xidmət edir. Reallaşan hər bir enerji və nəqliyyat layihəsi məhz Azərbaycanın qətiyyətli siyasətinin təcəssümüdür. Bu yolda respublikamız anti-azərbaycançı dairələrə, dünya erməniliyinə sinə gərib, onların bütün planlarını iflasa uğradıb. Azərbaycanın regionda söz sahibi olması onun müstəqil siyasətinin təntənəsidir.
Mükəmməl təqdimat
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunması bir daha Azərbaycanın qətiyyətli siyasətinin möhtəşəm nəticələri oldu. Bu zəfərlərin hər biri Azərbaycanın qlobal səviyyədə nümunəvi təqdimatına çevrildi. Belə ki, Vətən müharibəsinə qədər Azərbaycanı regionun lideri kimi tanıyan beynəlxalq ictimaiyyət 2020-ci ilin payızından onu həm də torpaqlarını güc yolu ilə azad edən dövlət, qalib ölkə kimi tanıyır.
Bu gün dünyada işğala və separatçılığa məruz qalan neçə dövləti göstərə bilərik. Lakin ərazisinin işğalına son qoymağı bacaran dövlət tapmaq əsla mümkün deyil. Bu mənada respublikamız torpaqlarını döyüş yolu ilə işğaldan azad etməklə, çağdaş dövrümüzdə nadir bir nümunəyə imza atdı. "Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər", - deyə dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışında bildirmişdi.
Torpaqlarımızın azadlığı təsdiq etdi ki, ədalətsizliyin və ikili standartların hökm sürdüyü bir şəraitdə yalnız qətiyyətli və müstəqil siyasəti olan dövlətlər öz haqlarını inamla təmin edə bilərlər.
Etibarlı tərəfdaş
Bir məsələni də qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət Azərbaycanı qalib dövlətə çevirməklə, regionun lider dövləti səviyyəsinə yüksəltməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Dünyada ölkəmizə güvənirlər, etimad göstərirlər. Avropa İttifaqına üzv dövlətlərin 10-u ilə Azərbaycan arasında strateji tərəfdaşlıq adlanan sənədlərin imzalanması da bunu təsdiq edir. Avropa İttifaqının Azərbaycanla enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlıq etməsi də bundan irəli gəlir.
Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib. Ərazi bütövlüyümüzün bərpasından sonra isə respublikamız öz tarixinin və inkişafının yeni mərhələsinə qədəm qoyub. Qalib Azərbaycan bu mərhələdə də özünün milli maraqlarını qətiyyətlə təmin edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"