Müasir Azərbaycan xarici siyasətində coğrafi sərhədləri aşaraq dünyanın müxtəlif regionları ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurmağa xüsusi önəm verilir. Bu baxımdan Cənub-Şərqi Asiyanın qədim tarixi, zəngin mədəni irsi və dinamik inkişaf edən iqtisadiyyatı ilə seçilən ölkələrindən olan Kamboca Krallığı ilə münasibətlərin dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir. Qafqazla Hind-Çin yarımadası arasında böyük coğrafi məsafə olsa da, bu gün Azərbaycanın çoxvektorlu diplomatik strategiyası və beynəlxalq platformalardakı fəal rolu bu məsafəni aradan qaldırır. Xüsusilə Qoşulmama Hərəkatı və BMT çərçivəsindəki səmimi dialoq iki ölkə arasında həm siyasi, həm də iqtisadi müstəvidə yeni tərəfdaşlıq səhifəsinin açılmasına zəmin yaradıb. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri bu baxımdan tarixi xarakter daşıyır.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, rəsmi görüşlərin ardından liderlər tərəfindən verilən birgə bəyanatlar iki ölkə arasında strateji yaxınlaşmanın və iqtisadi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir: "Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) müstəvisində fəal əməkdaşlıq edərək bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Çoxtərəfli diplomatiyadakı bu uğurlu siyasi əlaqələrlə yanaşı, artıq ikitərəfli təmasların da intensivləşdirilməsi yönündə mühüm razılıqlar əldə olunub. İki ölkə arasında ticarət və sərmayə qoyuluşu sahələrində praktiki addımların atılması əsas hədəf kimi müəyyənləşdirilib. Aparılan geniş müzakirələrin məntiqi nəticəsi olaraq, ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə birbaşa məşğul olacaq birgə işçi qrupunun yaradılması qərara alınıb. Prezident İlham Əliyev qeyd edib ki, müasir dünyada coğrafi məsafə iqtisadi əlaqələrin inkişafı üçün ciddi bir maneə təşkil etmir. Əsas çağırış məlumat çatışmazlığıdır və tərəflər bu boşluğu qısa zamanda aradan qaldırmaq əzmindədirlər. Bu baxımdan Azərbaycan və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes-forum böyük əhəmiyyət daşıyır. Bu tədbir tərəflərin iqtisadi-investisiya prioritetlərini yaxından tanımasına, eləcə də qarşılıqlı faydalı və sıx tərəfdaşlığın qurulmasına mühüm töhfə verəcəkdir".
Deputat diqqətə çatdırıb ki, iki ölkə arasında mövcud olan ticarət dövriyyəsinin göstəriciləri hələlik arzulanan səviyyədə olmasa da, Kambocanın Baş nazirinin Azərbaycana rəsmi səfəri bu dinamikanı müsbət məcrada dəyişmək üçün güclü təkan rolunu oynayır. Aparılan danışıqlar çərçivəsində tərəflər sənayenin müxtəlif istiqamətlərində birgə istehsal müəssisələrinin qurulması, eləcə də turizm və təhsil sahələrində sıx tərəfdaşlığın bərqərar olunması imkanlarını ətraflı nəzərdən keçiriblər. Görüşdə vurğulanıb ki, iki xalq arasında tarixi əlaqələr hələ Sovet İttifaqı dövründə yaranıb. Həmin illərdə yüzlərlə kambocalı tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıb. Bu uğurlu ənənənin yenidən bərpası, qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi və insan kapitalı mübadiləsi xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirəcək. Bununla yanaşı, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal transformasiya sahələri də ikitərəfli gündəliyin prioritet istiqamətləri sırasına daxil edilib. Səfərin diqqətçəkən digər mühüm məqamı Azərbaycanın intellektual brendi olan "ASAN xidmət" modelinə Kamboca tərəfinin göstərdiyi böyük maraqdır. Azərbaycan cəmiyyətində yüz faizə yaxın məmnunluq indeksi qazanmış və öz effektivliyini beynəlxalq müstəvidə sübut etmiş bu dövlət xidmətləri modeli artıq bir sıra tərəfdaş ölkələrdə uğurla tətbiq olunur. Bu qabaqcıl təcrübənin Kambocada da tətbiqi ikitərəfli əməkdaşlığın praktiki və strateji təməllərini daha da gücləndirəcəkdir.
K.Bayramov vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası və qanunverici hakimiyyət orqanları arasındakı həmrəylik xüsusi yer tutur: "Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi ilə yanaşı, Kambocanın dəstəyi sayəsində Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu mühüm addım Cənub-Şərqi Asiya regionunun Azərbaycanın xarici siyasət prioritetlərində tutduğu strateji mövqenin əyani göstəricisidir. Görüşdə hər iki dövlətin qarşılaşdığı ən ciddi problemlərdən biri - mina problemi də geniş müzakirə olunub. Tarixən minalardan ciddi əziyyət çəkən və bu gün də həmin təhlükə ilə üz-üzə qalan ölkələr kimi, Azərbaycan və Kamboca arasında minasızlaşdırma sahəsində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, eləcə də birgə təlimlərin keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Torpaqlarımız işğaldan azad edildikdən sonra ötən dövr ərzində Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox vətəndaşımız həlak olub və ya ağır xəsarət alıb. Danışıqlarda vurğulanıb ki, davamlı sülh və təhlükəsizlik yalnız beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında bərqərar ola bilər. Azərbaycan 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib və hazırda ölkəmizin hər bir qarışı dövlətimizin tam nəzarətindədir. İşğaldan təmizlənmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və "Böyük qayıdış" proqramı çərçivəsində artıq 100 minə yaxın insan doğma yurdlarında məskunlaşaraq fəaliyyət göstərir. Oxşar tarixi çağırışlarla üzləşən Azərbaycan və Kambocanı birləşdirən başlıca amil beynəlxalq hüququn aliliyinə və beynəlxalq təşkilatların qərarlarına olan sarsılmaz sadiqlikdir".
Deputat əlavə edib ki, bütün bunlar geostrateji məsafədən asılı olmayaraq, ortaq dəyərlərə və beynəlxalq hüquqa söykənən Azərbaycan-Kamboca tərəfdaşlığının bundan sonra daha dinamik inkişaf edəcəyindən xəbər verir. Baş nazir Hun Manetin bu tarixi səfəri iki ölkə arasında yeni strateji əməkdaşlıq mərhələsinin təməlini qoydu.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"