28 Iyun 2024 08:05
182
SİYASƏT
A- A+

Azərbaycan hərbi nəqliyyat parkını yeniləyir

 

İtaliyanın "C-27J Spartan" təyyarəsindən əsasən NATO ölkələri istifadə edir

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli əlaqələr qurmağa başladı. Bu əlaqələr qarşılıqlı əməkdaşlığa və marağa əsaslanırdı. Belə ölkələrdən biri də İtaliyadır. 
İtaliya ilə Azərbaycan arasında olan çoxsahəli münasibətlərin xüsusi yeri və çəkisi  var. Demək olar ki, artıq İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Qarşılıqlı diplomatik münasibətlərimizin isə 32 illik tarixi var. 1992-ci il mayın 8-də qurulmuş diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmişdir.
1997-ci ilin martında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda öz səfirliyini açmışdır. 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. 1997-ci ilin 25-28 sentyabrında Ümummilli Lider Heydər Əliyevin İtaliyaya rəsmi səfəri münasibətlərin inkişafına güclü təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynamışdır. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb etmişdir. 
Bu istiqamətdə də Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə böyük töhfələr vermişdir. Dövlətimizin başçısının 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermişdir. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və əməkdaşlığa dair müvafiq  sənədlər imzalanmışdır. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərarası əlaqələri daha da möhkəmləndirmişdir. 
44 günlük Vətən müharibəsində də İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. Uzun illərin dostluğunun və qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə qoşulan ilk ölkələrdəndir. İtaliya şirkətləri bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində fəal iştirak edirlər. 
Bu günlər dünya iki ölkə arasında əməkdaşlığın daha bir nümunəsini gördü. İyunun 26-da Azərbaycanda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin təqdimat mərasimi keçirildi. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdikdən sonra hərbi nəqliyyat təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu. 
Təqdimat mərasimində İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo iştirak edirdilər. Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. 
"C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında da istifadə etmək mümkündür.
Prezident İlham Əliyev İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşündə bildirdi ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir. "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə əlaqələrin əsasını təşkil edir. "Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsi İtaliyanın payına düşür və ticarət dövriyyəmiz 15 milyard dolları ötüb. Bir çox İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıyır", - deyə Prezident İlham Əliyev qeyd etdi.
Azərbaycan Prezidenti əməkdaşlığın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və vurğuladı ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.
İtaliyanın müdafiə naziri Quido Krosetto isə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın başlanmasından məmnunluğunu bildirdi. Xatırlatdı ki, o, bundan öncə - ötən il yanvarın 12-də Azərbaycanda səfərdə olub. Səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər, təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıblar.
Məlumat üçün bildirək ki, hazırda dünyanın 10-dan çox ölkəsinin hərbi hava qüvvələrində "C-27J Spartan" təyyarəsindən istifadə olunur. Bu ölkələrin arasında İtaliya, ABŞ, Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya, Slovakiya, Litva kimi NATO ölkələrinin adları var. Bundan sonra bu hərbi nəqliyyat təyyarəsindən istifadə edən ölkələrin sırasına Azərbaycanın da adı yazılacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video