22 Aprel 2025 13:15
643
SİYASƏT
A- A+
Azərbaycan–Çin münasibətləri: Getdikcə dərinləşən strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilir

Azərbaycan–Çin münasibətləri: Getdikcə dərinləşən strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilir


Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.

AZƏRTAC Azərbaycanla Çin arasında tarixən formalaşmış əlaqələrə, iki ölkə arasındakı münasibətlərin müasir dövrdə inkişafına qısa nəzər salır.

Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.

Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.

Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.



Azərbaycan Prezidenti İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

Prezident İlham Əliyev 2023-cü ildə Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub.

“Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”, - deyə Azərbaycan Prezidenti bəyan edib.

Prezident İlham Əliyevin bu fikri, Azərbaycan ilə Çin arasında mövcud olan strateji münasibətlərin və əməkdaşlığın uzunmüddətli perspektivini çox yaxşı əks etdirir. Əslində, beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsiplər bir çox ölkə üçün önəmli məsələlərdir və Azərbaycanla Çin bu mövzularda oxşar mövqedədirlər. Bu yanaşma, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsini və qarşılıqlı etibarlarını artırır. Prezidentin vurğuladığı mövqelər, yalnız rəsmi səviyyədə deyil, həm də gündəlik praktikalarda da əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir. Bu yanaşma, həm Azərbaycanın, həm də Çinin uzunmüddətli xarici siyasət hədəflərini dəstəkləyən və qarşılıqlı faydalara əsaslanan bir strateji təməl yaradır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər, yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.



2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm bir addım olub. Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bu Bəyannamə, həmçinin ÇXR ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir.

Dövlətimizin başçısının Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev dünən Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə qeyd edib: “Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib.

Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib.



Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.

Azərbaycan ilə Çin arasındakı iqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlarda da öz əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə qoşulması, bu əlaqələri daha da gücləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir.

Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir.

İnformasiya sahəsindəki əməkdaşlıq da iki ölkə arasında sıx əlaqələrdə mühüm yer tutur. AZƏRTAC ilə Sinxua agentlikləri arasında 20 ildən artıq müddətdir ki, qarşılıqlı xəbər mübadiləsi və sosial media sahəsində əməkdaşlıq həyata keçirilir. Bu, hər iki ölkə arasında informasiya mübadiləsinin sürətlənməsinə və daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Azərbaycan ilə Çin arasında mədəni əlaqələr uzun illərdir möhkəm dostluq körpüsü qurur. 1995-ci ildə aprelin 12-21-də Pekində keçirilən Səttar Bəhlulzadənin əsərlərinin sərgisi, iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcını qoyub. Həmçinin 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri ilə Sumqayıt şəhəri qardaşlaşıb.

2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Eyni zamanda, 2012-ci il dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən iki Konfutsi İnstitutu və Çin dilinə olan artan maraq, iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə xidmət edir. Heydər Əliyev Fondunun Nizami Gəncəvinin büstünü Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə hədiyyə etməsi isə Azərbaycan mədəniyyətinin Çinlə əlaqələrdəki dəyərini nümayiş etdirir. Bu cür mədəni fəaliyyətlər, xalqlarımız arasında daha yaxın əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir.

Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün isə Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunması Azərbaycan üçün böyük rəmzi xarakter daşıyır.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:25
23 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda və 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ndə dəyişiklik edilməsi haqqında

00:24
23 Yanvar

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 438 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:22
23 Yanvar

Prezident İlham Əliyev “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində iştirakına dair videoçarx paylaşıb

23:54
22 Yanvar

Qrenlandiya ABŞ ilə danışıqlara hazırdır  

23:53
22 Yanvar

Azərbaycan Prezidenti Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edib  

23:52
22 Yanvar

Ukrayna, ABŞ və Rusiya ilk dəfə üçtərəfli görüş keçirəcək  

23:51
22 Yanvar

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısı ilə bağlı paylaşım edib VİDEO  

23:09
22 Yanvar

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib  

22:19
22 Yanvar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə İranın işlərinə müdaxilə ssenarilərini heç vaxt dəstəkləməyib

20:41
22 Yanvar

Özbəkistan və Azərbaycan arasında rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq yeni səviyyəyə yüksəlir – özbək deputat  

20:16
22 Yanvar

Zelenski ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşlərin keçiriləcəyini elan edib  

19:52
22 Yanvar

Gürcü deputat: Azərbaycan Prezidentinin Davosda söylədiyi fikirlər alqışlanmalıdır  

19:31
22 Yanvar

Gürcü deputatlar Azərbaycan Prezidentinin Davos bəyanatını müsbət qarşılayırlar  

19:28
22 Yanvar

Milli Məclisin sədri NATO Baş katibinin müavini ilə görüşüb  

19:21
22 Yanvar

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında üç məsələ müzakirə olunub  

19:16
22 Yanvar

Zelenski ilə Tramp arasında görüş təxminən bir saat davam edib  

19:09
22 Yanvar

Komitə sədri Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb  

19:01
22 Yanvar

Gürcüstan mediası Azərbaycan Prezidentinin Davos görüşlərini diqqətdə saxlayır  

18:53
22 Yanvar

Azərbaycan Omanda 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur

18:45
22 Yanvar

Futuristik robot əl təqdim olunub  

18:38
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!